Dövlət Turizm Agentliyinin təşkilatçılığı ilə 4-5 noyabr tarixlərində Bakıda 3-cü Beynəlxalq Sağlamlıq Turizmi Konfransı keçirilir.
“İki sahil” xəbər verir ki, Almaniya, Avstriya, Böyük Britaniya, Gürcüstan, Macarıstan, Qırğızıstan, Türkiyə, İspaniya, Çexiya və digər ölkələrdən dövlət qurumlarının, səhiyyə müəssisələrinin, turizm sənayesinin təmsilçilərini və beynəlxalq ekspertləri bir araya gətirən konfransın əsas məqsədi Azərbaycanın tibbi turizm və sağlam yaşam turizmi potensialının beynəlxalq səviyyədə tanıdılması, təcrübə mübadiləsinin təşviqi və yeni əməkdaşlıq əlaqələrinin qurulmasına dəstək verməkdir.
Konfransın açılışında Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev Azərbaycanın sağlamlıq turizmi sahəsindəki potensialından, bu istiqamətin inkişafında dövlət dəstəyinin əhəmiyyətindən və qarşıda duran prioritetlərdən bəhs edib. O, ölkənin təbii müalicəvi resurslarının, tibbi infrastrukturunun və tarixi-mədəni irsinin sağlamlıq turizmi məhsullarının şaxələndirilməsi üçün mühüm imkanlar yaratdığını bildirib.
Sədr çıxışında “Azərbaycan Respublikasında turizmin inkişafına dair 2026-2030-cu illər üçün Dövlət Proqramı”nda sağlamlıq və müalicə turizminin inkişafı, xidmət keyfiyyətinin yüksəldilməsi və tibbi turizm müəssisələrinin beynəlxalq akkreditasiya imkanlarının genişləndirilməsi kimi prioritet istiqamətlərin vacibliyini vurğulayıb. Azərbaycanın sağlamlıq ənənələrinin və təbii resurslarının müasir turizm təcrübələri ilə uzlaşdırılmasının beynəlxalq bazarda rəqabətqabiliyyətli sağlamlıq turizmi məhsullarının formalaşdırılmasına töhfə verəcəyini qeyd edib.
Konfransda çıxış edən Azərbaycan Respublikasının səhiyyə naziri Anar Bayramov tibbi turizmin səhiyyə, iqtisadiyyat və beynəlxalq əməkdaşlığın kəsişməsində dayanan, geniş inkişaf potensialına malik sahə olduğunu qeyd edib. O, Azərbaycanın regional tibbi turizm mərkəzinə çevrilməsi üçün əlverişli coğrafi mövqeyinin, inkişaf edən tibbi infrastrukturunun, ixtisaslı mütəxəssislərinin və turizm imkanlarının mühüm zəmin yaratdığını bildirib.
Nazir tibbi turizmin inkişafında beynəlxalq akkreditasiya və keyfiyyət standartlarının tətbiqinin, xidmətlərin rəqabətqabiliyyətliliyinin artırılmasının və xarici pasiyentlərin ölkəmizə etimadının möhkəmləndirilməsinin əsas prioritetlər sırasında olduğunu vurğulayıb. Bu məqsədlərə nail olmaq üçün dövlət qurumları, dövlət və özəl müəssisələr, investorlar və beynəlxalq tərəfdaşlar arasında səmərəli əməkdaşlığın əhəmiyyətini qeyd edib.
Konfransa videomüraciət ünvanlayan Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Baş direktoru Tedros Adhanom Qebreyesus tibbi turizmin inkişafı ilə yanaşı, pasiyentlərin sağlamlığının və təhlükəsizliyinin qorunmasının, tibbi xidmətlərin keyfiyyətinin və müalicədən sonrakı tibbi dəstəyin təmin edilməsinin vacibliyini vurğulayıb. O, sağlamlıq turizminin milli səhiyyə sisteminin məqsədlərini dəstəkləməli olduğunu qeyd edərək, Azərbaycanın səhiyyə və turizm sektorları arasında əməkdaşlığın gücləndirilməsi istiqamətində səylərini alqışlayıb.
Tədbir çərçivəsində tibbi turizmin inkişafı üzrə strateji prioritetlər, Azərbaycanın beynəlxalq bazarlarda mövqeyinin gücləndirilməsi və bu sahədə dövlət qurumları, səhiyyə müəssisələri və digər maraqlı tərəflər arasında koordinasiyanın əhəmiyyəti, tibbi xidmətlərin keyfiyyəti, marketinq və rəqəmsal həllərin tətbiqi mövzularında müzakirələr aparılacaq.
Tədbirin ikinci günündə Azərbaycanın təbii müalicəvi resursları, Naftalan neftinin xüsusiyyətləri, tarixi istifadəsi və tətbiq sahələri, eləcə də fərdiləşdirilmiş və təcrübəyönümlü xidmətlərin inkişaf, müasir turizm bazarında sanatoriyaların mövqeləndirilməsi kimi məsələlər üzrə fikir mübadiləsi aparılacaq.
Konfrans müddətində təşkil olunan sərgidə yerli və beynəlxalq təşkilatlar tərəfindən sağlamlıq turizmi və əlaqəli sahələr üzrə məhsul və xidmətlər nümayiş etdirilir. Həmçinin tədbirin ikinci günündə keçiriləcək biznes forumu çərçivəsində yerli xidmət təminatçıları ilə 30-dan artıq xarici şirkət nümayəndələri arasında biznes əlaqələrinin genişləndirilməsi və əməkdaşlıq imkanlarının müzakirəsi üzrə B2B görüşlər təşkil olunacaq. Konfrans proqramında sağlamlıq turizmi sahəsində çalışan mütəxəssislərin peşəkar bilik və bacarıqlarının artırılması, beynəlxalq xidmət keyfiyyəti standartları barədə məlumatlılığın gücləndirilməsi istiqamətində təlimin təşkili də nəzərdə tutulub.
Nazir Kəmaləddin Heydərov Rusiyanın fövqəladə hallar naziri Aleksandr Kurenkovla görüşüb VİDEO, FOTO
Yanğın və xilasetmə idmanı üzrə dünya çempionatının iştirakçıları Fəxri xiyaban və Şəhidlər xiyabanını ziyarət ediblər
Vəkillər Kollegiyasının rəhbərliyi vəkillər üçün keçirilən təlimdə iştirak ediblər