04 noyabr 2026 15:08
136

Vəkillər Kollegiyasının rəhbərliyi vəkillər üçün keçirilən təlimdə iştirak ediblər

Vəkillərin peşə hazırlığı, eləcə də ixtisaslarının artırılması üzrə nəzərdə tutulmuş birinci istiqamət üzrə Azərbaycan Respublikası Vəkillər Kollegiyasının (VK) Tədris Mərkəzi və Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Ədliyyə Akademiyasının birgə təşkilatçılığı ilə təşkil olunan növbəti icbari təlimlər keçirilib.

Oktyabrın 31-də isə “Vəkillərin etik davranış qaydaları: nəzəri və təcrübi məsələlər” mövzusunda hibrid qaydada təlim təşkil olunub.

Təlimə qatılan VK Rəyasət Heyətinin sədri Anar Bağırov iştirakçıları salamlayıb və təlimin işinə uğurlar arzu edib.

Sədr bildirib ki, vəkillərin peşəkar bilik və bacarıqlarının davamlı inkişafı, qanunvericilikdəki yeniliklərin mənimsənilməsi və məhkəmə təcrübəsinin dərindən öyrənilməsi hüquqi yardımın keyfiyyətinin yüksəldilməsində mühüm əhəmiyyət daşıyır.

Anar Bağırov vurğulayıb ki, mütəmadi təşkil olunan tədris tədbirləri vəkillərin nəzəri biliklərinin təcrübə ilə möhkəmləndirilməsinə, peşə fəaliyyətində qarşılaşdıqları məsələlərin həllinə və hüquqi müdafiə mexanizmlərinin təkmilləşdirilməsinə xidmət edir. Eyni zamanda nəzərə çatdırılıb ki, vəkillik fəaliyyəti ilə bağlı qanunvericiliyin müasir tələblərə uyğun inkişaf etdirilməsi, qabaqcıl beynəlxalq təcrübənin öyrənilməsi və tətbiqi, habelə mövcud hüquqi mexanizmlərin təkmilləşdirilməsi vəkillik institutunun gücləndirilməsinin əsas istiqamətlərindəndir.

Həmçinin təlim mövzusunun aktuallığı ilə bağlı çıxış edən sədr deyib ki, bu istiqamətdə keçirilən təlimlər vəkillərə etik prinsiplərin nəzəri əsaslarını daha dərindən mənimsəmək, peşə fəaliyyətində qarşılaşdıqları praktiki məsələləri düzgün qiymətləndirmək və mümkün etik pozuntuların qarşısını almaq imkanı yaradır. Eyni zamanda vurğulanıb ki, vəkilin müstəqilliyi, vicdanlılığı, məxfilik öhdəliyi, maraqlar toqquşmasının qarşısının alınması və müdafiə etdiyi şəxsin hüquq və qanuni mənafelərinə məsuliyyətlə yanaşması kimi məsələlərin müzakirəsi peşə məsuliyyətinin gücləndirilməsinə xidmət göstərir.

Təlimin əsas hissəsində Vəkillər Kollegiyası İntizam Komissiyasının üzvləri Ruslan Vəliyev və Paşa Səfərov vəkillik fəaliyyətində peşə etikası, vəkilin peşə məsuliyyəti, vəkilin müstəqilliyi və müstəqil peşə fəaliyyəti, vəkilin vicdanlılıq və dürüstlük prinsipləri, vəkil sirrinin qorunması və məxfilik öhdəliyi, maraqlar toqquşmasının qarşısının alınması, vəkilin hüquqi və etik öhdəlikləri, peşə etikasının nəzəri və praktiki əsasları, etik normaların vəkillik fəaliyyətində tətbiqi, vəkilin müdafiə etdiyi şəxsin hüquq və qanuni mənafelərinə münasibəti, həmçinin vəkillərin intizam icraatı və etik pozuntuların qiymətləndirilməsi barədə geniş təqdimatla çıxış ediblər.

Təlimlər çərçivəsində vəkillərə “İnzibati məhkəmə icraatında iddianın növləri və düzgün iddia növünün müəyyən edilməsi” mövzusunda hibrid qaydada təlim təşkil olunub.

Təlimdə Azərbaycan Respublikasının Ali Məhkəməsinin hakimi Xəyalə Cəmilova iddiaçının hüquqi məqsədi, iddianın predmeti və iddia növü arasındakı əlaqə, iddianın mümkünlüyü və əsaslılığı, hüquqi maraq, aidiyyət və digər prosessual şərtlərin yoxlanılması, mübahisələndirmə haqqında iddia, inzibati aktın tam və ya qismən ləğvi və dəyişdirilməsi, icra olunmuş, ləğv edilmiş və ya qüvvədən düşmüş inzibati aktlar üzrə hüquqi müdafiə, məcburetmə haqqında iddia, arzulanan inzibati aktın qəbulundan imtina, məcburetmə iddiası üzrə məhkəmənin səlahiyyətləri, diskresion səlahiyyət, o cümlədən qiymətləndirmə azadlığı, öhdəliyin icrası haqqında iddia və onun məcburetmə iddiasından fərqi  kimi praktiki məsələlər barədə geniş çıxış edib.

Qeyd edək ki, təşkil olunmuş hibrid formalı təlimlərdə VK Rəyasət Heyətinin sədri Anar Bağırov, sədr müavinləri Aydın Axundov, Pərviz Ələkbərov və Şahmar Məmmədov da daxil olmaqla, Kollegiyanın 1 387 üzvü iştirak edib.