04 noyabr 2026 15:05
138

Azərbaycan və Rusiya FHN-ləri arasında Birgə Tədbirlər Planı imzalanıb

"Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi ilə Rusiyanın Mülki Müdafiə, Fövqəladə Hallar və Təbii Fəlakətlərin Nəticələrinin Aradan Qaldırılması üzrə Nazirliyi arasında 2027-2029-cu illər üçün Birgə Tədbirlər Planı" imzalanıb.

“İki sahil” xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib.

Bildirilib ki, sənədi Azərbaycanın fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərov və Rusiyanın mülki müdafiə, fövqəladə hallar və təbii fəlakətlərin nəticələrinin aradan qaldırılması üzrə naziri general-polkovnik Aleksandr Kurenkov imzalayıblar.

Kəmaləddin Heydərov Azərbaycanla Rusiya arasındakı çoxşaxəli münasibətlərin yüksələn xətlə inkişafına toxunaraq bu çərçivədə iki ölkənin fövqəladə hallarla mübarizə üzrə uyğun qurumlarının uğurla əməkdaşlıq etdiklərini qeyd edib. Fövqəladə hallara hazırlıq səviyyəsinin yüksəldilməsi, o cümlədən peşəkar kadr hazırlığı, elmi-metodiki əməkdaşlıq, operativ informasiya mübadiləsi və digər istiqamətlərdə uğurlu əməkdaşlıqdan danışan nazir, bu səfərin əlaqələrin genişləndirilməsinə mühüm töhfə verəcəyinə əminliyini ifadə edib. Bu mənada görüş çərçivəsində imzalanan Birgə Tədbirlər Planının qarşılıqlı faydalı əlaqələrin inkişafı və müxtəlif sahələrdə təcrübə mübadiləsinin genişləndirilməsi baxımından mühüm əhəmiyyət kəsb etdiyi vurğulanıb.

Aleksandr Kurenkov Bakıda yanğın və xilasetmə idmanı üzrə dünya çempionatının yüksək səviyyədə təşkil olunduğunu qeyd edib. O, Azərbaycan və Rusiya arasında olan sıx əməkdaşlıq və qarşılıqlı etimad çərçivəsində iki nazirlik arasında əlaqələrin hazırkı səviyyəsindən məmnunluq ifadə edib, səfər əsnasında aparılan danışıqların və fikir mübadiləsinin, habelə imzalanan Birgə Tədbirlər Planının əməkdaşlığın genişləndirilməsinə və yeni birgə təşəbbüslərin həyata keçirilməsinə əlavə təkan verəcəyinə əminlik ifadə edib.

Görüşdə qarşılıqlı maraq doğuran məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb.

Xatırladaq ki, Aleksandr Kurenkov Bakıda keçirilən yanğın və xilasetmə idmanı üzrə kişilər arasında XXI, qadınlar arasında XII dünya çempionatı ilə əlaqədar Azərbaycana səfərə gəlib.