Son dövrlərdə Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin imzalanması prosesində nəzərəçarpan durğunluq və qeyri-müəyyənlik müşahid olunmaqdadır. Ermənistanda keçirilən parlament seçkilərindən, yeni hökumətin formalaşdırılmasından və Hökumət Proqramının qəbulundan sonra sülh gündəliyinin canlanacağı gözlənilsə də, son iki ayın mənzərəsi tamamilə fərqli reallığı ortaya qoyur. Hazırda tərəflər arasında konkret və praktiki addımların atılması əvəzinə, daha çox informasiya səs-küyü üstünlük təşkil edir və faktiki olaraq proses tormozlanıb. İki ölkə arasında rəsmi təmaslar 2025-ci ilin avqustunda Vaşinqtonda bərqərar olmuş de-fakto sülh çərçivəsində əldə edilən razılaşmaların ətaləti hesabına davam edir. Hətta Bişkekdə Azərbaycan və Ermənistan liderləri arasında keçirilən son görüş konstruktiv atmosferdə baş tutsa da, ən kritik və vacib sahələrdə real irəliləyiş əlaməti göstərmədi.
Bu fikirləri Milli Məclisin deputatı Kamran Bayramov “İki sahil”ə açıqlamasında bildirib. K.Bayramov qeyd edib ki, sülh prosesinin ləngiməsində və etimad
mühitinin zəifləməsində Ermənistan rəhbərliyinin qeyri-müəyyən siyasəti həlledici rol oynayır. Belə ki, Ermənistanın yeni Konstitusiyasının layihəsi hələ də geniş ictimaiyyətə təqdim olunmayıb və bu sənədlə bağlı referendumun keçirilməsi məsələsi ümumiyyətlə gündəlikdən kənarda qalır. Eyni zamanda TRİPP-in (Nəqliyyat-İnfrastruktur Layihəsi) tikintisi üçün tenderlərin keçirilməsi barədə heç bir məlumat yoxdur və podratçı şirkətin kimliyi qeyri-müəyyən olaraq qalır. Praktiki addımların atılmaması vətəndaş cəmiyyəti ilə ünsiyyətdə də fasiləyə səbəb olub, üstəlik Azərbaycan hərbçisinin hələ delimitasiya və demarkasiya olunmayan sərhəd xəttini keçməsi ilə bağlı yaşanan son insident sülhün qavranılması prosesinə əlavə çətinliklər gətirib. Bunların fonunda Nikol Paşinyanın Azərbaycanla sülh müqaviləsini yalnız 2031-ci ilə qədər bağlamaq niyyətində olduğuna dair bəyanatı sülh gündəliyindəki gözləntiləri ciddi şəkildə azaldır və İrəvanın məsələni süni şəkildə uzatdığını göstərir.

Deputat diqqətə çatdırıb ki, bütün bu ləngimələrə baxmayaraq, Azərbaycan hər zaman sülhün tərəfdarı olub, hazırda da prosesdən imtina etmir və faktiki bərqərar olmuş sülh şərtlərinə ən yüksək səviyyədə sadiqdir. Lakin Bakının razılaşdırılmış sülh gündəliyi ilə bağlı mövqeyi prinsipial və dəyişməzdir. İlk növbədə Ermənistanda referendum keçirilməli, Azərbaycana qarşı ərazi iddiaları ehtiva etməyən yeni Konstitusiya qəbul olunmalı, yalnız bundan sonra sülh sazişi imzalanaraq təsdiqlənməli və dövlətlərarası rəsmi münasibətlər qurulmalıdır. Azərbaycan tərəfi gözləməyi bacardığını son illərin təcrübəsi ilə sübut edib. Referendumun 6 aydan, 1 ildən və ya 2 ildən sonra keçirilməsi tamamilə Ermənistan hökumətinin qərarından asılıdır, lakin yeni Konstitusiya qəbul edilmədən sülh müqaviləsinin imzalanması baş tutmayacaq. Digər tərəfdən, Ermənistan rəhbərliyi tərəfindən eksklavlar və ərazi mübadiləsi mövzusunun gözlənilmədən gündəmə gətirilməsi də reallığı əks etdirmir. Hökumətlərarası komissiyanın Ermənistandan olan həmsədri, Baş nazirin müavini Mher Qriqoryanın da təsdiq etdiyi kimi, bu mövzuda heç bir müzakirə aparılmayıb və razılaşma əldə edilməyib. Komissiya birgə iş üçün qaydaları, bütün müşayiət olunan sənədləri təsdiqləyib və şimal-cənub sərhədini əsas kimi qəbul edib. Yeganə istisna sərhədin TRIPP-in giriş və çıxışlarındakı hissəsi ola bilər ki, bu da yalnız məsələ aktuallaşdıqda mümkündür. Ermənistan Baş nazirinin ərazi mübadiləsi barədə bəyanatları isə sanki danışıqların gedildiyi təəssüratını yaratmağa və ya komissiyanın işini şərtləndirməyə hesablanıb. Bu yanaşma Azərbaycan üçün perspektivsizdir və komissiyanın effektivliyinə mənfi təsir göstərir. Göründüyü kimi, Ermənistan rəhbərliyinin geostrateji dəyişikliklər ümidi ilə razılaşdırılmış gündəliyi dəyişdirməyə çalışması, eləcə də real vəziyyətdən uzaq müzakirələr aparması sülh gündəliyinə olan etimadı sarsıdır. Sülh prosesi informasiya manipulyasiyası və vaxtqazanma taktikaları deyil, fundamental qərarlar, qətiyyətli addımlar və real fəaliyyət tələb edir.
K.Bayramov əlavə edib ki, Ermənistan rəhbərliyinin ərazi mübadiləsi ilə bağlı səsləndirdiyi fikirlər real situasiyadan uzaq olub, danışıqlar masasında belə bir mövzunun varlığı təəssüratını formalaşdırmağa və ya birgə komissiyanın fəaliyyətinə ilkin şərtlər irəli sürməyə xidmət edir. Bakının prinsipial mövqeyi fonunda bu cür cəhdlər tamamilə faydasızdır və işçi qrupunun fəaliyyətinə ciddi maneələr törədir. Hazırda cəmiyyətə ötürülən ziddiyyətli informasiya selinin faktiki danışıqlar müstəvisində heç bir real əsası yoxdur. Sabit və dayanıqlı münasibətlərin qurulması manipulyasiya xarakterli tezislərdən deyil, sırf praktiki addımlardan və siyasi iradədən keçir. Qəbul olunmuş çərçivələri yayındırmaq məqsədilə geostrateji imkanların dəyişməsini gözləmək tərəflər arasında gələcək dialoqa olan inamı tamamilə sıfırlaya bilər.