21 oktyabr 2026 10:14
207

Hər kəs bilsin ki…

İkinci Qarabağ müharibəsində möhtəşəm Qələbə qazanaraq regionda yeni reallıqlar yaradan, beynəlxalq müstəvidə mövqelərini gündən-günə möhkəmləndirən, Prezident İlham Əliyevin uzaqgörən siyasəti ilə artıq orta güc statusuna yüksələn Azərbaycan son zamanlar məkrli dini-siyasi və ideoloji təxribatlarla, cəmiyyətin düşüncələrini, inanc və davaranışlarını hədəfə alan planlı informasiya müharibəsi ilə üz-üzə qalıb.

Bütün bunlar təsdüfi deyil. Ölkəmizdəki milli birliyi və həmrəyliyi pozmaq istəyən qüvvələr, bəzi xarici dini-siyasi güclər öz çirkin məqsədlərini reallaşdırmaq üçün dezinformasiyalar, sosial media manipulyasiyaları, kiberhücumlar vasitəsilə bəzi məsələlər barədə həm yerli, həm də beynəlxalq icitmaiyyətdə fikir çaşqınlığı yaratmaq üçün ən məkrli vasitələrdən istifadə edirlər.

Uzun müddət Qərb ölkələrində güclü təsir imkanlarına malik olan erməni lobbisinin gizli maliyyə yardımları, ianə və qrantları ilə həmin ölkələrdəki demokratik azadlıqlardan sui-istifadə edərək “YouTobe”, “Facebook”, “Tik-tok” kimi platformalarda sifarişlə Azərbaycan əleyhinə sistemli qarayaxma kampaniyası aparan zombiləşmiş “siyasi mühacir” sürüsü indi də ayrı-ayrı ölkələrə radikal dini-siyasi ideologiyalar ixrac edən məkrli qüvvələrə qulbeçəlik edirlər.

O da bir gerçəklikdir ki, məlum dairələr şeytani məqsədlərə xidmət edən Qənimət Zahid, Tural Sadıqlı, Sevinc Osmanqızı, Qurban Məmmədov və digər dönükləri, antimilli ünsürləri çirkli pullar, qrantlar vasitəsilə ələ alaraq onları ölkəmizə qarşı apardıqları ideoloji terror və informasiya təxribatlarında ön xəttdə yerləşdiriblər. Son zamanlar xarici qüvvələrlə birləşərək və onların tapşırıqları əsasında respublikamıza qarşı şər, böhtan, yalan üzərində qurulmuş total “qara piar” kampaniyasının coğrafiyasını daha da genişləndirən bu satqın zümrənin əsas məqsədi cəmiyyətdə dezinformasiya yaymaqla, gərginliyi artırmaqla yanaşı, Azərbaycan əleyhinə beynəlxalq rəy formalaşdırmaq, dövlətimizin imicinə ləkə yaxmaqdır.

Ölkəmizin əleyhinə qarayaxma kampaniyası aparanların, o cümlədən sosial şəbəkələrdə təhrikedici çıxışlar edənlərin bu cür pozuculuq cəhdləri cəmiyyətimiz tərəfindən ciddi narazılıqla qarşılanır. Hər kəs bilməliddir ki, Vətən sevgisini, milli və dövlətçilik maraqlarını, suverenliyini, milli-mənəvi dəyərlərini hər şeydən üstün tutan xalqımız çirkin kampaniyalar, informasiya müharibələri və ictimai rəyin manipulyasiyası vasitəsilə ölkəmizə qarşı namərdcəsinə fəaliyyət göstərənlərə qarşı həmişə olduğu kimi, bu gün də barışmaz mövqe sərgiləyir. Milli maraqları naminə daim müstəqil və ardıcıl siyasət yürüdən rəsmi Bakı dini etiqad azadlığı və inancı ideoloji müdaxilə və dini radikalizm alətinə çevirərək ölkəmizin daxili işlərinə qarışmağa cəhd edənlərə, dövlətçiliyimizi, milli kimliyimizi təhdid edən fəaliyyətlərə qarşı daim qətiyyətli və hüquqi addımlar atır.

Yeri gəlmişkən, artıq Azərbaycan Respublikası Baş Prokurorluğu tərəfindən ölkənin konstitusiya quruluşunun, ictimai təhlükəsizliyinin, vətəndaşların hüquq və azadlıqlarının qorunması, habelə dini radikalizm və ekstremizm təzahürlərinin qarşısının alınması istiqamətində qanunvericiliklə müəyyən edilmiş səlahiyyətlər çərçivəsində tədbirlər davam etdirilir. Belə ki, Türkiyə Respublikasında fəaliyyət göstərən  “Haksöz” jurnalı və “Haksöz Haber” internet resursunda müəllif kimi fəaliyyət göstərən Rıdvan Kaya, “Köklü Değişim” nəşrində yazıçı, “Değişim TV”nin aparıcısı Zəkəriyyə Cəran (Abdullah İmamoğlu adı ilə tanınan), “Analiz Merkezi” internet resursunun təsisçisi və “Fatih Tezcan’la Analiz Merkezi” proqramının müəllifi Fatih Tezcan, “Ahmet Şanlı Hukuk Bürosu”nun rəhbəri Ahmet Şanlı, araşdırmaçı Fahrettin Taşkaya Saral, “Abdurrahman Tumer” adlı şəxsi Facebook profil sahibi Abdurrahman Tumer, moderator və idmançı kimi fəaliyyət göstərən Alparslan Tanrıkulu “X”, “Facebook”, “İnstagram”, “YouTube”, “TikTok” kimi internet platformalarında Azərbaycanda dini radikalizmə çağırış etdiklərinə görə beynəlxalq axtarışa verilib.

Bəli, hər kəs bilsin ki, bu gün tarixinin ən şərəfli dövrünü yaşayan, müstəqil, suveren, vicdan və dini etiqad azadlığını hüquqi mexanizmlərlə ən yüksək səviyyədə təmin edən Azərbaycanımızın dünyəvi dövlət quruluşunu hədəf alanlar, ölkəmizdəki sabitliyi pozmağa cəhd edənlər, dindən, imandan sui-istifadə edərək məkrli niyyətlərini reallaşdırmağa çalışanlar əsla və əsla öz məqsədlərinə nail ola bilməyəcəklər. Azərbaycan dövləti və xalqımız əvvəllər olduğu kimi, bu gün də bəd niyyətlərlə silahlanıb üstümüzə gələnlərə layiqincə cavab vermək qüdrətinə malikdir. Hər kəs bunları qulağına sırğa etsin…

Zahid Rza, “İki sahil”