20 oktyabr 2026 23:59
143

Böyük iddialardan sosial xaosa: Makronun çöküşü

Baş verənlər fonunda Avropanın siyasi etibarlılığı da sınağa çəkilir

Fransa növbəti dəfə dərin siyasi, sosial və iqtisadi silkələnmələr dövrünü yaşayır. Avropanın aparıcı güclərindən biri sayılan bu ölkədə kütləvi etirazlar, sosial narazılıqlar və siyasi qütbləşmə artıq xroniki xarakter alıb. Prezident Emmanuel Makronun hakimiyyət illəri böhranların idarə olunması baxımından ciddi suallar doğurur və ölkənin gələcək mənzərəsini getdikcə mürəkkəbləşdirir. Belə ki, Makron hakimiyyətə gələndə özünü Fransanı modernləşdirəcək, çevik iqtisadiyyat aparacaq və Avropa İttifaqının liderliyini gücləndirəcək barışdırıcı fiqur kimi təqdim edirdi. Lakin tətbiq edilən siyasi xətt əhalinin geniş təbəqələri tərəfindən "zənginlərin prezidenti" reputasiyasının formalaşmasına səbəb oldu. Vergi islahatları, pensiya yaşının artırılması və əmək qanunvericiliyindəki sərtləşdirmələr cəmiyyətin orta və aşağı təbəqəsində kəskin etiraz doğurdu. Qanunvericilik proseslərində parlamentin və həmkarlar ittifaqlarının rəyinin kənara qoyulması (məsələn, xüsusi konstitusiya maddələrindən istifadə olunaraq qanunların qəbulu) insanlarda idarəetməyə qarşı inamsızlıq yaratdı. 2019-cu ildəki “sarı jiletlilər” hərəkatını xatırlayaq. Daha sonra pensiya islahatına qarşı kütləvi etirazlar baş qaldırdı. Sonradan onlara fermerlər, qısa müddətdə isə digər peşə sahibləri də qoşuldu. İndi isə növbə gənclərin etiraz hərəkatına çatıb.

Məlumdur ki, Avropadakı ümumi iqtisadi böhran, enerji qiymətlərinin artması və əhalinin alıcılıq qabiliyyətinin düşməsi fransız cəmiyyətində gündəlik yaşayış qayğılarını pik həddə çatdırıb. Təhsil infrastrukturu, şərait yetərsizliyi və gələcək imkanların məhdudluğu gənclər arasında ümidsizliyi və aqressiyanı körükləyir. Bu səbəbdən də sentyabr ayından Fransada başlayan şagird və tələbə etirazları qısa müddətdə daha geniş sosial narazılıq dalğasına çevrilib. Təhsil müəssisələrində mövcud problemlər, müəllim çatışmazlığı, sosial təminat məsələləri və dövlət xidmətlərinin keyfiyyəti ilə bağlı tələblərə sonradan yaşayış xərclərinin artması, əhalinin alıcılıq qabiliyyətinin zəifləməsi və iqtisadi siyasətdən narazılıq da əlavə olunub.

Oktyabrın 17-də keçirilən ümummilli nümayişlərdə Fransa Daxili İşlər Nazirliyinin məlumatına görə, təxminən 550 min nəfər iştirak edib. Təşkilatçılar isə bu rəqəmin 800 minə çatdığını bildiriblər. Daxili İşlər Nazirliyinin məlumatına görə, yalnız sentyabrın 21-dən oktyabrın 2-dək olan dövrdə 5 mindən çox şəxsin saxlanılması ölkədəki gərginliyin miqyasını göstərən faktlardan biridir. Hadisələrin xüsusilə narahatedici tərəfi nümayişçilərə, o cümlədən yetkinlik yaşına çatmayanlara qarşı həddindən artıq güc tətbiq edilməsi ilə bağlı iddialardır. Beynəlxalq hüquq müdafiə təşkilatları polis müdaxilələrinin mütənasibliyi, gözyaşardıcı qazdan, xüsusi vasitələrdən və digər güc tətbiqi üsullarından istifadə ilə əlaqədar ciddi narahatlıq ifadə ediblər. "Amnesty İnternational" Fransa hakimiyyətini dinc toplaşmaq hüququna hörmət göstərməyə, xüsusilə azyaşlı nümayişçilərin təhlükəsizliyini təmin etməyə çağırıb. Baş nazir Sebastyen Lekornyunun oktyabrın 14-də Senatda açıqladığı məlumata görə, etirazlar başlayandan bəri 937 polis və jandarm, təhsil sistemindən 149 əməkdaş və 248 şagird xəsarət alıb. Lens şəhərində 15 yaşlı yeniyetmənin polisin istifadə etdiyi səs-küy qumbarasının partlaması nəticəsində ağır yaralanması kimi hadisələr, eləcə də Milli Polisin Baş İnspeksiyasının (IGPN) bir sıra müdaxilələrlə bağlı başlatdığı araşdırmalar güc tətbiqinin hüquqi sərhədlərinin araşdırılmasının vacibliyini ortaya qoyur.

Son hadisələrdən biri Fransanın daxili işlər naziri Loran Nunyesin istefa vermək cəhdi oldu, lakin Makron gözlənildiyi kimi, bu istefanı qəbul etməyib. Diqqətçəkən məqam odur ki, nazir yalnız “baş verən hər şeyə görə məsuliyyətini” etiraf etməklə kifayətlənməyib, həm də bəzi şəhərlərdə hakimiyyətin vəziyyətə nəzarəti itirdiyini təsdiqləyib. Bununla yanaşı, o, toqquşmaların səbəblərindən biri kimi nümayişçilərə qoşulan ultrasolçu hərəkat təmsilçilərinin əməllərini göstərib. Başqa sözlə desək, Fransa dövlət strukturları baş verənlərə görə məsuliyyəti üzərinə ata biləcəkləri rahat bir hədəf tapıblar. Əvvəllər hakimiyyət bu və ya digər etirazların təqsirkarı kimi, məsələn, sağ qüvvələri elan edirdisə, indi bu rola əks siyasi düşərgənin nümayəndələri təyin olunub. Bununla belə, həm etiraz iştirakçıları, həm də bəzi analitiklər belə bir ssenarinin müvafiq dövlət strukturları tərəfindən əvvəlcədən hazırlanmış ola biləcəyi barədə ehtimallar da irəli sürürlər.

Fransanın müasir tarixinin ayrı-ayrı epizodlarına daha diqqətlə nəzər salanda Makronun siyasi fəaliyyətsizliyi və bacarıqsızlığı aydın görünür. Makronun prezidentliyi dövründə Fransa hökumətinin Azərbaycana qarşı yürütdüyü siyasət iki ölkə arasındakı münasibətləri tarixinin en aşağı səviyyəsinə endirib. Başlayaq onun Azərbaycandakı keçmiş separatçı hərəkatı açıq-aşkar həvəsləndirməsindən və Ermənistanın ölkəmizə qarşı təcavüzünə lazımi reaksiyanı verməməsindən. Məgər fransız deputatlar işğal olunmuş Azərbaycan ərazilərinə səfər edən siyasətçiləri elə Makronun dövründə müşayiət etmirdilərmi? Məgər Parisin eks-meri Ann İdalqo 2023-cü ildə erməni separatçılarına dəstək üçün vəsait ayıran və onların rəhbərləri ilə görüşən şəxs deyildimi? Hətta o, Fransanın o zamankı xarici işlər nazirinə məktub hazırlayaraq müstəqil Azərbaycan ərazisindəki separatçı qurumu tanımaq çağırışı etmişdi. Makron administrasiyası Cənubi Qafqazda sülh prosesinə töhfə vermək əvəzinə, Ermənistana hərbi dəstək vermək xəttini tutmuşdu. Ermənistana hücum və müdafiə xarakterli hərbi texnikaların verilməsi barədə müqavilələr imzalanmışdı. Bu addım regionda yenidən gərginliyi artırmaq və Ermənistanda revanşist əhval-ruhiyyəni körükləmək cəhdi idi.

Bütün baş verənlər fonunda normal olmayan bir məsələ var: Avropa İttifaqı və onun parlamentinin baş verənlərə qarşı kar, kor və lal olması. Bəs insan haqları, söz və sərbəst toplaşmaq azadlığı nə oldu? Artıq hər kəs anlamalıdır ki, Fransa demokratiyanı öz imperialist maraqlarını həyata keçirmək üçün alət kimi istifadə edir. Kimlərsə bəlkə Avropa İttifaqını bu baxımdan daha mütərəqqi qurum hesab edə bilər, amma onu da anlamalıyıq ki, İttifaq da bu gün Fransanın təsirindədir. Amma nə olursa olsun, Avropa institutları üçün insan hüquqları coğrafi və siyasi mənsubiyyətə görə dəyişən anlayışa çevrilməməlidir. Əgər başqa dövlətlərdə nümayişçilərin saxlanılması demokratiya böhranının əlaməti kimi qiymətləndirilirsə, Parisdə baş verən oxşar hadisələr də eyni hüquqi və mənəvi meyarlarla araşdırılmalıdır. Məhz burada Avropanın siyasi etibarlılığı sınağa çəkilir. İnsan hüquqları universal prinsip kimi təqdim olunursa, həmin prinsipin tətbiqi də universal xarakter daşımalıdır. Fransa Avropa İttifaqının aparıcı dövlətlərindən biri olduğuna görə daha yumşaq münasibət görürsə, bu yanaşma Brüsselin beynəlxalq nüfuzuna ciddi zərbədir.

Sevinc Azadi, “İki sahil”