18 oktyabr 2026 15:09
225

Qardaşlığı iqtisadi təzyiq vasitəsinə çevirmək cəhdləri qəbuledilməzdir - ŞƏRH

Azərbaycanın öz iqtisadi resursları, investisiyaları və xarici siyasət prioritetləri ilə bağlı qərarları suveren dövlət kimi onun özünə məxsusdur

Azərbaycan-Türkiyə münasibətləri ortaq tarixə, milli-mənəvi dəyərlərə və strateji tərəfdaşlığa söykənir. İki ölkə arasında siyasi dialoq, enerji, nəqliyyat, ticarət və müdafiə sahələrində əməkdaşlıq regional sabitlik və iqtisadi inkişaf baxımından mühüm əhəmiyyət daşıyır. Bununla belə, qardaşlıq münasibətlərini qarşılıqlı hörmət və bərabərhüquqlu tərəfdaşlıq prinsiplərindən kənarda qiymətləndirmək düzgün deyil. Azərbaycanın Türkiyə ilə yaxınlığı onun müstəqil qərarvermə hüququndan imtina etməsi demək deyil.

Onilliklər ərzində qarşılıqlı dəstək üzərində qurulmuş iki xalqın münasibətlərinə zərbə

Azərbaycan və Türkiyə arasındakı iqtisadi əlaqələr qarşılıqlı investisiyalarla möhkəmlənir. Azərbaycanın Türkiyədəki səfirliyinin məlumatına görə, 1995–2025-ci illərdə Azərbaycandan Türkiyəyə birbaşa investisiyaların ümumi həcmi 21,1 milyard ABŞ dollarına çatıb. Eyni dövrdə Türkiyədən Azərbaycana yönəldilən birbaşa investisiyalar 18,4 milyard dollar təşkil edib. 2025-ci ildə iki ölkə arasında ticarət dövriyyəsi isə 5,72 milyard dollar olub. Bu rəqəmlər münasibətlərin yalnız siyasi bəyanatlardan ibarət olmadığını, konkret iqtisadi maraqlara və uzunmüddətli layihələrə əsaslandığını göstərir. SOCAR-ın Türkiyədəki fəaliyyəti, o cümlədən 6,3 milyard dollar investisiya ilə yaradılan STAR neft emalı zavodu Azərbaycanın qardaş ölkənin iqtisadiyyatına verdiyi töhfənin miqyasını nümayiş etdirir. Eyni zamanda, Türkiyə şirkətləri də Azərbaycanda, xüsusilə enerji, tikinti, nəqliyyat və sənaye sahələrində fəaliyyət göstərirlər. İşğaldan azad edilmiş ərazilərdə türk şirkətlərinin iştirakı ilə həyata keçirilən layihələr iqtisadi əməkdaşlığın mühüm istiqamətlərindəndir. Beləliklə, tərəfdaşlıq bir tərəfin digərinə birtərəfli dəstəyi deyil, hər iki ölkənin maraqlarının uzlaşdırılmasını nəzərdə tutur. Əgər Azərbaycan kapitalı Türkiyədə milyardlarla dollarlıq zavodları maliyyələşdirə bilirsə, Türkiyənin investisiya qrupları da Azərbaycanda oxşar miqyaslı istehsal güclərinin yaradılmasına daha fəal qoşulmalıdırlar. Bunun üçün həm maliyyə imkanları, həm də müvafiq institusional mexanizmlər mövcuddur. Nəticələrin olmamasını sonsuza qədər bazarın özünəməxsus xüsusiyyətləri ilə izah etmək mümkün deyil.  Lakin əsas problem investisiya statistikasının hüdudlarından xeyli kənara çıxır. Qardaşlığı iqtisadi təzyiq vasitəsinə çevirmək cəhdləri istər-istəməz Azərbaycan cəmiyyətinin müqaviməti ilə üzləşəcək. Belə təzyiqlər ilk növbədə onilliklər ərzində qarşılıqlı dəstək üzərində qurulmuş iki xalqın münasibətlərinə zərbə vurur. Göstərilən köməyə görə minnətdar olmaq başqa şeydir, həmin köməyə görə kiməsə tabe olmaq tamam başqa.

Strateji tərəfdaşlıq avtomatik şəkildə eyni mövqedən çıxış etməni tələb etmir

Azərbaycanın çətin dövrlərdə Türkiyəyə göstərdiyi humanitar dəstək iki xalq arasındakı həmrəyliyin bariz nümunəsidir. 2023-cü ilin fevralında baş verən dağıdıcı zəlzələlərdən sonra Azərbaycan xilasedicilər, könüllülər və humanitar yardımla Türkiyənin yanında olub. Bu dəstək sadəcə diplomatik jest deyil, ortaq taleyə və insani məsuliyyətə əsaslanan münasibətin ifadəsidir. Lakin humanitar yardımın və investisiyaların siyasi borc kimi təqdim edilməsi doğru yanaşma olmazdı. Azərbaycanın Türkiyəyə dəstəyi onun müstəqil iqtisadi və xarici siyasət kursunu müəyyənləşdirmək hüququnu məhdudlaşdırmır. Eyni qaydada, Türkiyə ilə strateji tərəfdaşlıq Azərbaycanın bütün regional və beynəlxalq məsələlərdə avtomatik şəkildə eyni mövqedən çıxış etməsini tələb etmir. Qardaş ölkələr arasında fikir ayrılıqlarının olması münasibətlərin zəifliyi kimi qiymətləndirilməməlidir. Əksinə, sağlam tərəfdaşlıq həssas məsələlərin açıq dialoq, faktlar və qarşılıqlı anlaşma yolu ilə müzakirəsinə imkan yaratmalıdır.

Enerji məsələlərində faktlar və məsuliyyət

Azərbaycanın enerji siyasəti də bəzən siyasi müzakirələrin predmetinə çevrilir. Bakı–Tbilisi–Ceyhan əsas ixrac boru kəməri Azərbaycan neftini Gürcüstan üzərindən Türkiyənin Ceyhan terminalına, oradan isə dünya bazarlarına daşıyır. Türkiyənin Enerji və Təbii Sərvətlər Nazirliyi 2024-cü ilin noyabrında Ceyhandan İsrailə neft göndərilməsi ilə bağlı iddiaları təkzib edərək, boru kəməri ilə daşınan neftin alqı-satqısında operatorun rolunun olmadığını bildirib. Digər tərəfdən, 2026-cı ilin yanvarında “Reuters”in gəmi izləmə məlumatlarına əsaslanan xəbərdə 2025-ci ildə Ceyhan limanından İsrailə Azərbaycan neftinin tədarükünün artdığı bildirilib. Bu məlumatlar arasındakı fərq məsələnin sadə siyasi şüarlarla deyil, neftin mülkiyyətçisi, satış müqavilələri, təyinat limanı və tranzit mexanizmləri nəzərə alınmaqla araşdırılmasını zəruri edir. Hər hansı iddianı sübut olunmuş fakt kimi təqdim etməzdən əvvəl onun mənbəyi və hüquqi əsasları dəqiqləşdirilməlidir. Azərbaycanın xarici siyasətini qiymətləndirərkən də eyni prinsip əsas götürülməlidir: ölkənin qərarları emosional ittihamlarla deyil, rəsmi mövqelər və yoxlanıla bilən faktlarla təhlil edilməlidir.

Qardaşlıq bərabərhüquqlu tərəfdaşlıqdır

Azərbaycan-Türkiyə münasibətlərinin gücü tərəflərdən birinin digərindən asılılığında deyil, müstəqil dövlətlərin ortaq maraqlar naminə əməkdaşlıq etməsindədir. Bakı ilə Ankara arasında siyasi etimadın qorunması, iqtisadi əlaqələrin genişləndirilməsi və regional təhlükəsizliyin möhkəmləndirilməsi hər iki ölkənin maraqlarına uyğundur. Ancaq strateji müttəfiqlik hər hansı ölkənin milli maraqlarını ikinci plana keçirmək anlamına gəlməməlidir. Azərbaycanın öz iqtisadi resursları, investisiyaları və xarici siyasət prioritetləri ilə bağlı qərarları suveren dövlət kimi onun özünə məxsusdur. Qardaşlıq qarşılıqlı hörmət, etimad və məsuliyyət tələb edir. Azərbaycan Türkiyənin yaxın müttəfiqi və qardaş ölkəsidir. Bu münasibətlərin davamlılığı isə məhz bərabərhüquqlu tərəfdaşlığın qorunmasından, faktlara əsaslanan dialoqdan və hər iki dövlətin milli maraqlarına hörmətdən keçir. Azərbaycana münasibətdə hər hansı xarici siyasi modelin diktə edilməsi cəhdləri ölkəmizin müstəqil xarici siyasətinə və milli maraqlarına ziddir. Türkiyə ilə münasibətlərimiz strateji müttəfiqlik və qarşılıqlı hörmət müstəvisində qurulub. Bu o deməkdir ki, hər iki dövlət bir-birinin daxili həyatına, ictimai quruluşuna və dünyəvi həyat tərzinə qeyd-şərtsiz hörmət etməlidir. İdeoloji ixrac cəhdləri isə əməkdaşlığa kömək etmir, əksinə, lazımsız gərginliklər yaradır.

Orxan Vahidoğlu, "İki sahil"