18 oktyabr 2026 15:53
158

Gizli sxemlərlə ticarəti davam etdirənlərin Azərbaycanı ittiham etməyə haqqı yoxdur

Ankara rəsmi səviyyədə İsraillə ticarətin “sıfır” səviyyəsində olduğunu bəyan etsə də, dəniz nəqliyyatı məlumatları və rəsmi beynəlxalq ticarət statistikaları tamamilə fərqli reallığı ortaya qoyur

Türkiyə ilə İsrail arasındakı münasibətlərdə ritorika (siyasi bəyanatlar) və reallıq (iqtisadi faktlar) arasındakı ziddiyyət, rəsmi Ankaranın elan etdiyi "sıfır ticarət" siyasətinin əslində bir mif olduğunu göstərdi. 2024-cü ilin may ayında Türkiyə Qəzzadakı müharibəyə etiraz olaraq İsraillə bütün idxal-ixrac əməliyyatlarını tamamilə dayandırdığını elan etsə də, statistik məlumatlar və araşdırmalar ticarətin fərqli mexanizmlərlə davam etdiyini ortaya qoydu. Belə ki, Türkiyə Ticarət Nazirliyi Qəzza zolağındakı humanitar böhrana etiraz olaraq İsraillə bütün idxal və ixrac əməliyyatlarının "tamamilə və qəti şəkildə" dayandırıldığını bəyan etdi, daxili və xarici auditoiyaya "sıfır ticarət" mesajını verdi. Lakin rəsmi bəyanatların pərdəarxasına nəzər saldıqda, statistik göstəricilər və araşdırmalar elan olunmuş bu embarqonun əslində bir ticarət mifindən ibarət olduğunu, iqtisadi çarxların fərqli mexanizmlərlə dönməyə davam etdiyini göstərir.

Embarqonun elan olunmasından dərhal sonra rəsmi gömrük bəyannamələrində İsrailin adı yoxa çıxsa da, malların axını dayanmadı. Şirkətlər və vasitəçilər ticarəti davam etdirmək üçün praktiki mexanizmlər işə saldılar. Türkiyənin Fələstinə (İordan çayının qərb sahili) ixracat statistikası embarqodan sonra astronomik dərəcədə yüksəldi. Məsələn, polad, sement və kimyəvi maddələrin Fələstinə ixracında minlərlə faizlə ölçülən sıçrayışlar qeydə alındı. Əslində bu sənədləşmədə yüklər Fələstin şirkətlərinin adına rəsmiləşdirilir, Ashdod və ya Haifa limanlarına çatdırıldıqdan sonra isə İsrail daxili bazarına yönəldilirdi.  

Əgər Türkiyə öz beynəlxalq hüquqi və iqtisadi öhdəliklərini əsas
gətirərək bu prosesi dayandırmırsa, o zaman Azərbaycanın öz müstəqil xarici siyasəti
çərçivəsində qurduğu strateji tərəfdaşlıqları və baynəlxalq müqavilələri hansı haqla tənqid edir?

Üçüncü tərəfdən, birbaşa dəniz marşrutlarının bağlanması fonunda Yunanıstan, Bolqarıstan və ya Rumıniya kimi üçüncü ölkələrin limanlarından tranzit məntəqəsi kimi istifadə olunmağa başlandı. Sənədlərdə təyinat ölkəsi dəyişdirilən Türkiyə malları birbaşa və ya dolayısı ilə İsrailə çatdırıldı. Həmçinin, azad ticarət zonaları və transmilli şirkətlərin yerli filialları vasitəsilə kritik xammal, tikinti materialları və qida məhsullarının satışı davam etdirildi. Ankaranın sərt anti-İsrail ritorikasının, mitinqlərdəki kəskin şüarların və İsrail rəhbərliyini hədəf alan bəyanatların daxili siyasətdə mühafizəkar və fələstinmeylli seçici kütləsini konsolidasiya etməyə xidmət etdiyi müəyyənləşdi. Lakin iqtisadi reallıqlar tamamilə fərqli dillə danışır.. Belə ki, Türkiyə İsrail üçün vacib tikinti xammalı (sement, polad) və qida təchizatçısıdır; İsrail isə Türkiyə üçün vacib ixrac bazarlarından biridir. İki ölkə arasındakı illik ticarət dövriyyəsi milyardlarla dollarla ölçülür. Beynəlxalq enerji analitika şirkətlərinin (məsələn, Kpler) məlumatları göstərir ki, İsrailin neft idxalında Türkiyənin Ceyhan limanından yüksələn neftin həcmi heç də azalmayıb, əksinə bəzi dövrlərdə artım nümayiş etdirib. Türkiyə rəsmiləri bu məsələdə “Beynəlxalq müqavilələrə bağlı olduqlarını və tranzit boru xəttinə müdaxilə edə bilmədiklərini” əsas gətirirlər. Alovlu nitqlər və anti-İsrail bəyanatları daxili auditoriyada mənəvi rahatlıq yaratsa da, beynəlxalq müstəvidə və araşdırmaçı jurnalistlərin hesabatlarında ortaya çıxan faktlar dövlətin xarici siyasət etibarlılığına ciddi xələl gətirir. Bu ziddiyyət göstərir ki, ideoloji şüarlar kapitalla qarşılaşdıqda, kapital hər zaman özünə axacaq bir kanal tapır.

Əgər Türkiyə öz beynəlxalq hüquqi və iqtisadi öhdəliklərini əsas gətirərək bu prosesi dayandırmırsa, o zaman Azərbaycanın öz müstəqil xarici siyasəti çərçivəsində qurduğu strateji tərəfdaşlıqları və baynəlxalq müqavilələri hansı haqla tənqid edir? Azərbaycan öz xarici siyasətində heç vaxt gizli müxanizlərə əl atmayıb. Bakı həm İsrail ilə, həm də Fələstin dövləti ilə münasibətlərinin açıq, şəffaf və baynəlxalq hüquq normaları çərçivəsində yürüdür. Özləri gizli sxemlərlə ticarəti davam etdirənlərin Azərbaycana “mənəviyyat və qardaşlıq” dərsi keçməyə mənəvi haqqı yoxdur.

Sevinc Azadi, “İki sahil”