20 oktyabr 2026 22:57
109

Bu gün Azərbaycan ərazisində hər qarış torpaq Azərbaycan xalqına məxsusdur

44 günlük Vətən müharibəsində rəşadətli Azərbaycan Ordusunun əsgər və zabitlərinin canı, qanı bahasına Zəngilan şəhəri, Zəngilan rayonunun Mincivan, Ağbənd, Bartaz qəsəbələri işğaldan azad edildi. Prezident İlham Əliyev 2020-ci il oktyabrın 20-də xalqa bu müjdəni çatdırdı: “Zəngilan rayonu. Şanlı Azərbaycan Ordusu Zəngilan rayonu ərazisinə də daxil olub, girib və yaşayış məntəqələrinin azad olunması təmin edilib. Zəngilan rayonu ərazisində yerləşən yaşayış məntəqələrinin adlarını çəkirəm: Havalı kəndi, Zərnəli kəndi, Məmmədbəyli kəndi, Həkəri kəndi, Şərifan kəndi, Muğanlı kəndi və Zəngilan şəhəri! Zəngilan bizimdir! Qarabağ bizimdir! Əziz xalqım, əziz zəngilanlılar, füzulililər, xocavəndlilər, cəbrayıllılar və işğal edilmiş digər rayonların sakinləri, biz öz missiyamızı yerinə yetiririk. Düşmənə layiqli cavab veririk. Düşməni cəzalandırırıq. Düşmən bizim qarşımızda acizdir. Düşmənin belini qırırıq, qıracağıq! Qarabağ bizimdir! Yaşasın Azərbaycan! Eşq olsun Azərbaycan xalqına!”

Zəngilan döyüşləri nəticəsində Ordumuz tərəfindən Zəngilan şəhəri, rayonun 4 qəsəbəsi və 49 kəndi işğaldan azad edilib. Azərbaycan-İran sərhədi Zəngilanın işğaldan azad olunması ilə tam bərpa edilmişdir. İşğal altında qalmış 132 kilometr sərhəd bərpa edilib. Müharibədən dərhal sonra sərhəd boyunca bütün lazımi istehkam, mühafizə işləri görülməyə başlamışdır.

Prezident İlham Əliyevin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə Azərbaycan Respublikasının işğaldan azad edilmiş əraziləri üzrə şəhər günləri təsis edildi.  Sözügedən Sərəncama əsasən 20 oktyabr Zəngilan Şəhəri Günü kimi qeyd edilir. Bərpa-quruculuq işləri surətlə davam edir. Birinci pilot layihə Zəngilanda,  Ağalı kəndində icra edildi. 200 evdən ibarət gözəl kənd salınıb. Ağalı ilk ağıllı kənd oldu. İşğaldan azad edilmiş bütün şəhər və kəndlərimiz “ağıllı şəhər” və “ağılı kənd” strategiyası əsasında yenidən qurulur. Ağalı kəndinin  davamlı genişləndirilməsi, əlavə evlərin inşa edilməsi və infrastruktur layihələrinin şaxələndirilməsi də nəzərdə tutulur. Məşğulluq, məktəb, bağça, tibb məntəqəsi, bütün xidmətlər - “ASAN xidmət”, DOST, kiçik və orta biznesə dəstək xidmətləri mövcuddur. 2022-ci ilin may ayında Ağalı kəndinin ilk sakinləri doğma torpaqlarında məskunlaşmağa başlayıblar. Ağalı ağıllı kəndi dünyanın ən müasir kəndlərindən biridir. “Ağıllı kənd” dayanıqlı inkişafın təmin olunması məqsədilə sosial-iqtisadi xidmətlərin keyfiyyətinin, təhlükəsizliyinin, səmərəliliyinin artırılması, onların göstərilməsində informasiya texnologiyalarının və innovasiyaların tətbiq edilməsi, habelə həmin xidmətlər üzrə mövcud resursların effektiv istifadəsi və idarə olunması üçün zəruri infrastruktura malik olan kənddir. Layihə çərçivəsində beynəlxalq təcrübəyə əsaslanaraq  kənddə zəruri iqtisadi və sosial infrastruktur yaradılmışdır. Ağalı ağıllı kənd layihəsində  yüksək keyfiyyətli ekoloji mühit əsas götürülmüş və enerjidən səmərəli istifadə edilməsi məqsədilə  dayanıqlı enerji mənbələrinə üstünlük verilmişdir. İndiki və gələcək nəsillərin tələbatını dolğun ödəmək məqsədilə ekoloji baxımdan əlverişli olan “yaşıl” texnologiyalar  tətbiq edilmişdir.  Bu kontekstdə, kəndin enerji təminatının dayanıqlığının təmin edilməsi üçün Həkəri çayı üzərində hər biri kəndin enerji təminatının dayanıqlığının təmin edilməsi üçün Həkəri çayı üzərində hər biri 212 kVt olmaqla 3  hidravlik turbindən və müvafiq hissələrdən ibarət Arximed Turbini tipli su elektrik stansiyası inşaat edilmişdir. Əlavə olaraq, inzibati binaların üzərində qoyuluş gücü 325 kVt olan fotovoltaik günəş panelləri quraşdırılmışdır. İsidilmə xərclərinin və istixana qazlarının emissiyasını azaltmaq məqsədilə evlərdə kombinə edilmiş istilik sistemi, odun və briket ilə işləyən mətbəx sobası və yüksək səmərəli elektrod boyler, quraşdırılıb. Suyun isidilməsi üçün isə yaşayış evlərinin üzərində günəş kollektorları quraşdırılıb. Çirkab suların bioloji emal prosesi ilə təmizlənməsi sayəsində ildə 41.000 kub.m texniki su əldə ediləcəkdir.    

Ağıllı kənddə evlərin xarici divarlarının tikintisində termobloklardan, tavan və döşəmələrinin tikintisində xüsusi izolyasiya materiallarından istifadə edilmişdir. İzolyasiyalı evlərin sayəsində istilik itkisi və enerji istehlakı əhəmiyyətli  dərəcədə azaldılmışdır.  Kənddə yüksək sürətli (GPON (Gigabit Passive Optical Network – Gigabit tutumlu Passiv Optik Şəbəkə) internet şəbəkəsi mövcuddur. Bu texnologiya vasitəsilə sürətli internet, telefon və İP TV xidmətləri təmin edilir. Əlavə olaraq,  ərazidə ağıllı video müşahidə kameraları, LCD məlumat lövhələri, audio məlumatlandırıcı anons sistemi, Wi-Fi və avtomatik meteo müşahidə stansiyası olan çox funksiyalı işıq dirəkləri quraşdırılmışdır. Əhalinin sosial rifahının rahat və yüksək səviyyədə təmin edilməsi üçün informasiya-kommunikasiya texnologiyalarından maksimum istifadə edilmiş və Tele-səhiyyə, E-təhsil və digər elektron xidmətlər üzrə innovativ həllər tətbiq edilmişdir.

Azərbaycan Respublikasının Nazirlər Kabineti 2023-cü il 30 oktyabrda “Zəngilan şəhərinin 2040-cı ilədək inkişafına dair Baş planı”nı təsdiq etmişdir. İnfrastruktura böyük vəsait ayrılıb və bir neçə yaşayış layihəsi icra edilməkdədir. Zəngilan şəhəri ilk sakinlərini bu ilin may ayının 10-da qarşıladı. Həmin tarixdə cənab İlham Əliyev Zəngilan şəhərindəki ilk yaşayış kompleksinə köçən ailələrlə görüşündə bir daha bildirdi ki, bu gün Zəngilan sakinləri üçün çox gözəl, əlamətdar bir gündür. Uzun fasilədən sonra  doğma Vətənə - Zəngilan şəhərinə qayıdırsınız. Bu münasibətlə sizi ürəkdən təbrik edirəm. Bu gün Ulu Öndər Heydər Əliyevin doğum günüdür və bizim görüşümüzün məhz bu gündə keçirilməsi təbii ki, rəmzi məna daşıyır. Ulu Öndər Heydər Əliyevin ən böyük arzusu doğma torpaqlarımızın işğaldan azad olunması idi. Biz - onun davamçıları onun vəsiyyətini yerinə yetirdik. Bu gün Azərbaycan ərazisində hər qarış torpaq Azərbaycan xalqına məxsusdur. İşğalçıları torpaqlarımızdan qovaraq öz ərazi bütövlüyümüzü və suverenliyimizi bərpa etdik. Cənab İlham Əliyev bərpa-quruculuq işlərinin, Böyük Qayıdışın fonunda onu da qeyd etmişdir ki, hər şey planlı şəkildə aparılır. Biz çalışırıq ki, tezliklə keçmiş köçkünləri öz doğma vətənlərinə qaytaraq. Hər şey elə qurulmalıdır ki, azad edilmiş ərazilər nəinki Azərbaycanda, dünyada nümunəvi olsun və bu da olacaq.

Nihad Pənahov,
YAP Tovuz rayon təşkilatının sədri