Fransa uzun illər özünü Avropanın aparıcı siyasi, iqtisadi və demokratik mərkəzlərindən biri kimi təqdim edib. Lakin son dövrlərdə Fransada baş verən hadisələr, daha doğrusu, etiraz və iğtişaş dalğası göstərir ki, dövlətin beynəlxalq nüfuzu ilə ölkə daxilində üzləşdiyi siyasi və sosial problemlər arasında ciddi ziddiyyətlər vardır.
Xeyli vaxtdır ki, əhalinin müəyyən hissəsi nümayişlərlə təhsil müəssisələrində maliyyə çatışmazlığından, tədris şəraitinin pisləşməsindən, artan yaşayış xərclərindən, yanacağın bahalaşmasından və hökumətin büdcə qənaəti siyasətindən narazılığını ifadə etməyə başlayıb. Özü də nümayişçilərin sayı getdikdə artmaqdadır. Məsələn, Fransa Daxili İşlər Nazirliyinin açıqladığı məlumatlara əsasən, təkcə oktyabrın 17-də ölkə üzrə keçirilən 110 yürüşdə təxminən 550 min nəfər iştirak edib. Təşkilatçılar isə iştirakçıların sayını 800 minə yaxın qiymətləndiriblər. Paytaxt Parisdə nümayişçilərlə hüquq-mühafizə orqanlarının əməkdaşları arasında toqquşmalar qeydə alınıb. Polis gözyaşardıcı qazdan və su şırnaqlı maşından istifadə edib. Proseslərin daha kütləvi hal almasına isə polisin dinc aksiya iştirakçılarına sərt müdaxiləsi və həbslər səbəb olub. Nəticədə təhsil sistemindəki problemlərlə bağlı başlayan narazılıq tədricən daha geniş miqyas alıb. Yeri gəlmişkən, hazırda ölkədə vəziyyətin gərgin olaraq qaldığı, ordu və polisin növbəti həftəsonu gözlənilən yeni etiraz dalğasına qarşı şəhərlərdə təhlükəsizlik tədbirlərini maksimum səviyyəyə çatdırdığı qeyd olunur. Bütün bunlar özünü demokratiyanın, insan hüquqlarının və hüququn aliliyinin müdafiəçisi kimi təqdim edən Fransada insan hüquqları və dövlət-vətəndaş münasibətləri ilə bağlı dərin problemlərin mövcudluğunu göstərir. Bütün bunları həm də Makron hakimiyyətinin dərin siyasi böhranının təzahürü kimi dəyərləndirmək olar.
Amma hər kiçik insidentə görə başqa ölkələrə insan haqları dərsi keçən Avropa Parlamenti və Avropa institutları bu mənzərə qarşısında susur. Sanki Avropa bürokratiyası Parisin mərkəzində dinc nümayişçilərə qarşı zorakılığı görmür. Halbuki, Parisdə və digər iri şəhərlərdə baş verən qarşıdurmalar zamanı polisin qəddarlıq nümayiş etdirməsi bütün dünyanın gözü qarşısında baş verir. Hətta Avropada fəaliyyət göstərən hüquq müdafiə təşkilatları heç bir bəyanat vermirlər. Avropadan kənarda baş verən hadisələrə sərt reaksiyalar verən, qətnamələr qəbul edən qurumların Fransadakı proseslərə münasibətdə passiv mövqe sərgiləməsi təəccüb doğurur. Şübhəsiz, bu fakt Fransanın beynəlxalq qurumların ərköyün üzvü olmasından irəli gəlir. Halbuki, Fransada dinc nümayişçilərə qarşı qeyri-insani güc tətbiqi, qanunsuz saxlanılma və ya ifadə azadlığının məhdudlaşdırılması halları baş verirsə, onlar da başqa ölkələrdəki oxşar hadisələr kimi araşdırılmalıdır. Şübhəsiz, bu da Avropa təsisatlarında ikili standartların hələ də davam etməsindən xəbər verir.
Yeri gəlmişkən, Avropa Şurasında və Avropa Parlamentində Azərbaycana qarşı yönələn kampaniyaların əsas təşəbbüskarı məhz Fransadır. Fransa istər torpaqlarımızın işğal altında saxlanıldığı dövrdə, istərsə də sülh prosesi mərhələsində Ermənistan daxilində revanşist meyillərin gücləndirilməsinə yönələn addımlar atıb. Hətta bu ölkə Azərbaycanı Yeni Kaledoniya və Fransanın digər dənizaşırı ərazilərində yaşayan xalqların hüquqları uğrunda apardıqları mübarizəyə müdaxilədə, müstəqillik tərəfdarlarını dəstəkləməkdə ittiham edib. Siyastəçilərin fikrincə, bütün bunlar Makron Fransasının Azərbaycanın müstəmləkəçilik əleyhinə apardığı uğurlu mübarizəni həzm edə bilməsindən irəli gəlir.
Fransa küçələrində alovlanan qəzəbin köklərnii Yelisey Sarayının illərdir həyata keçirdiyi siyasətdə axtarmaq lazımdır. Yəni, bu böhranın arxasında illər ərzində yığılıb qalmış sosial problemlər, hökumətin iqtisadi qərarlarına qarşı etirazlar və siyasi hakimiyyətin cəmiyyətin tələblərinə münasibətdə nümayiş etdirdiyi inadkarlıq dayanır. Bir sözlə, bugünkü hadisələr Fransa dövlətinin illərdir həll edə bilmədiyi problemlərin nəticəsidir.
Qvami Məhəbbətoğlu, “İki sahil”