Yeni Azərbaycan Partiyasının VIII Qurultayında Prezident, partiyanın Sədri İlham Əliyevin səsləndirdiyi fikirlər bir daha göstərdi ki, ordu quruculuğu ilə sosial siyasət bir-birindən ayrılmazdır. Dövlət başçısı çıxışında hərbi qüdrətin və təhlükəsizliyin əsas prioritet olaraq qaldığını vurğulamaqla yanaşı, gələn il minimum əməkhaqqının, pensiyaların və sosial müavinətlərin artırılması barədə göstərişin verildiyini də açıqladı. Qurultayın yaratdığı bu sosial gündəmin davamı kimi hərbçilərin əməkhaqqı və pensiya sistemində yeni islahat tədbirləri diqqət mərkəzindədir. Çünki ordunun əsasını təkcə müasir silah deyil, xidmət edən insanın sosial vəziyyəti, gələcəyə inamı və əməyinin layiqincə qiymətləndirilməsi təşkil edir. Son illərdə ölkədə həyata keçirilən sosial islahatlar hərbi qulluqçuları da əhatə etmiş, onların əməkhaqqı və pensiyalarının təxminən iki dəfə artmasına şərait yaratmışdır. İndi isə gündəmdə daha dərin məzmunlu, həm maaş, həm pensiya, həm də indeksasiya mexanizmini əhatə edən yeni islahat paketi dayanır. Bu paketin əsas məqsədi peşəkar və təcrübəli kadrların orduda daha uzun müddət qalmasına maraq yaratmaq, uzunmüddətli karyera üçün real stimul formalaşdırmaq və hərbi xidmətin əmək bazarındakı cazibədarlığını artırmaqdır. Uzun illər ərzində formalaşan təcrübə və peşəkar bacarıqlar qısa müddətdə əvəz olunmur, ona görə belə kadrın sistemdə saxlanılması dövlət üçün strateji əhəmiyyət daşıyır.
İslahatın birinci və ən görünən istiqaməti əməkhaqqı artımıdır. Nəzərdə tutulan tədbirlərə əsasən, Müdafiə Nazirliyinin hərbi qulluqçularının əməkhaqqı orta hesabla 22,8 faiz yüksəldiləcək. Bu məqsədlə hər il əlavə olaraq 550 milyon manat vəsait ayrılacaq. Rəqəmlər göstərir ki, dövlət hərbçinin əməyini yalnız mənəvi baxımdan deyil, maddi cəhətdən də prioritet sayır. Xalqa Zəfər sevinci bəxş etmiş insanların rifahına yönələn hər bir addımın cəmiyyət tərəfindən rəğbətlə qarşılanması da təbiidir, çünki bu, ədalət duyğusu ilə birbaşa bağlıdır.
Lakin islahatın mahiyyəti artımın miqyasından daha çox, əməkhaqqı sisteminin quruluşundakı dəyişiklikdə gizlənir. Hazırda maaşın tərkibində çoxsaylı əlavələr və birdəfəlik ödənişlər mövcuddur ki, bu da sistemi mürəkkəbləşdirir və hərbçinin gəlirini qabaqcadan dəqiq hesablamağı çətinləşdirir. Yeni yanaşmaya görə, həmin əlavə və birdəfəlik ödənişlər ləğv ediləcək, onların yerinə daha sadə, aydın və dayanıqlı vahid struktur formalaşdırılacaq. Əməkhaqqı müəyyən edilərkən xidmət yerinin xüsusiyyətləri, şərtləri və ağırlığı nəzərə alınacaq. Daha mühüm yenilik isə baza maaşı rolunu oynayan vəzifə maaşının rütbə maaşı ilə əvəzlənməsi və ümumi maaşda rütbə maaşının payının 70 faizə çatdırılmasıdır. Bu model hərbçinin gəlirini birbaşa rütbəsi ilə əlaqələndirir: nə qədər uzun xidmət edib yeni rütbələrə yüksəlirsə, bir o qədər çox qazanır. Beləliklə, həm beynəlxalq standartlara yaxınlaşma təmin olunur, həm də orduda təcrübəli mütəxəssislərin sayının artması üçün zəmin yaranır. Bu yanaşma həm də gənc nəslin hərbi peşəyə baxışına təsir göstərə bilər: aydın karyera pillələri, şəffaf maaş sistemi və etibarlı təqaüd perspektivi olan sahə daha çox istedadlı gəncin diqqətini çəkir.
İslahatın ikinci mühüm istiqaməti pensiya təyinatı mexanizminin təkmilləşdirilməsidir. İndiyədək hərbi qulluqçuların pensiya məbləği təminat xərcliyi ilə əlaqələndirilirdi. Yeni qaydada bu əlaqə aradan qaldırılır və pensiya şəxsi hesabda toplanmış pensiya kapitalı ilə sabit məbləğdə aylıq pensiya əlavəsinin cəmi kimi hesablanacaq. Bundan əlavə, hər rütbə üzrə xidmətdə qalmanın son yaş həddi həmin rütbənin pensiya yaşı sayılacaq. Aparılmış təhlillər göstərir ki, yeni mexanizm tətbiq olunduqda hərbçilərin pensiyasında azalma olmayacaq, əksinə, artım müşahidə ediləcək. Sistemin məntiqi sadədir: hərbçi daha çox xidmət edir, rütbəsi və vəzifəsi yüksəlir, maaşı artır, maaş artdıqca pensiya kapitalı çoxalır və nəticədə təqaüdə çıxanda daha yüksək pensiya alır. Başqa sözlə, xidmət müddəti ilə sosial təminat arasında şəffaf və proqnozlaşdırıla bilən asılılıq yaranır. Eyni zamanda, hər rütbə üzrə pensiya yaşının əvvəlcədən məlum olması hərbçiyə öz gələcək planlarını daha dəqiq qurmağa, karyera və ailə qərarlarını daha əminliklə verməyə imkan tanıyır.
Bu yeniliklər yalnız hərbçilərlə məhdudlaşmır. Eyni prinsip dövlət qulluqçularına, deputatlara və digər müvafiq kateqoriyalara da şamil olunacaq, yəni onların pensiyalarının əməkhaqqı ilə əlaqəsi aradan qalxacaq və pensiya fərdi hesabdakı kapitalın əsasında müəyyənləşdiriləcək. Bunun praktik faydası da böyükdür: təyinat prosesi xeyli sadələşəcək, pensiyalar elektron qaydada, heç bir ünvana müraciət etmədən qısa müddətdə rəsmiləşdiriləcək. Sığorta prinsipinin gücləndirilməsi və hər il pensiya ilə sığorta kapitallarının vahid indeksasiya metodu əsasında artırılması nəticəsində minimum və orta aylıq pensiyaların artıq üç dəfəyədək yüksəlməsi də bu yolun düzgünlüyünü təsdiqləyir.
Üçüncü istiqamət indeksasiya mexanizminin ədalətli və optimal qurulmasına yönəlib. Yeni modelə görə, orta aylıq əməkhaqqı həddinə qədər olan pensiyalar hər il indeksasiya faizinin tam tətbiqi ilə artırılacaq. Bu hədd 2026-cı il avqustun 1-nə orta aylıq əməkhaqqı olan 1176,7 manat səviyyəsindədir. Pensiya bu məbləğdən yüksək olduqda isə yalnız artıq hissəyə 0,2-0,5 aralığında əmsallar tətbiq ediləcək. Burada diqqətçəkən məqam ondan ibarətdir ki, pensiyaçıların 90 faizdən çoxunun pensiyası orta əməkhaqqından aşağıdır və onlara yeni əmsallar heç şamil olunmayacaq; bu insanların pensiyaları əvvəlki qaydada, indeksasiya faizi tam hesablanmaqla artacaq. Pensiyası həddən yüksək olan təxminən 10 faiz pensiyaçı üçün isə həddə qədərki hissə yenə tam indeksləşdiriləcək, fərqli yanaşma yalnız yuxarı hissəyə aid olacaq. Beləliklə, artım sürəti daha çox aşağı və orta pensiya alanların xeyrinə işləyir, bu isə sosial ədalət və həmrəylik prinsipinin real ifadəsidir. Bu, ilk növbədə, pensiyaçıların böyük əksəriyyətinin gəlirlərinin inflyasiya təsiri qarşısında daha yaxşı qorunması deməkdir. Eyni zamanda, sistemdə böyük gəlirli kateqoriyalarla aşağı gəlirli vətəndaşlar arasında yük bölgüsü daha balanslı olur, çünki dövlət resurslarını ən çox ehtiyac duyulan yerə yönəldə bilir.
Diferensial yanaşmanın digər üstünlüyü maliyyə dayanıqlığıdır. Pensiyaların alıcılıq qabiliyyətini qorumaq üçün lazım olan vəsait daha səmərəli bölüşdürülür, bu da sosial təminatın uzunmüddətli perspektivdə təhlükəsiz saxlanılmasına imkan verir. Xatırladaq ki, son yeddi ildə beş sosial islahat paketi icra olunmuş, bunun üçün illik əlavə olaraq 8 milyard manat vəsait ayrılmışdır. Nəticədə minimum və orta aylıq pensiyalar üç dəfə, müavinət və təqaüd ödənişləri isə beş dəfə artmışdır. Yeni indeksasiya qaydası həmin nailiyyətlərin davamlı xarakter alması üçün əlavə təminat yaradır.
Dördüncü istiqamət “sosial sığorta ehtiyatı”nın artırılmasıdır. Sosial sığorta haqları hesabına toplanan vəsait sonda yenidən əhalinin müdafiəsinə yönəldilir və həssas qrupların təminatını gücləndirən əsas mənbələrdən birinə çevrilir. Bu ehtiyat hesabına pensiyaların hər il indeksləşdirilməsi, minimum pensiyanın artırılması, əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə müavinətlərin, hamiləlik və doğuma görə ödənişlərin, uşağın anadan olmasına və uşağa görə müavinətlərin, eləcə də dəfn müavinətinin yüksəldilməsi nəzərdə tutulur. Deməli, islahat təkcə hərbçilərə və dövlət qulluqçularına deyil, bütövlükdə cəmiyyətin müxtəlif təbəqələrinə toxunan geniş sosial siyasətin tərkib hissəsidir. Bu sistem vətəndaşlara da aydın mesaj verir: ödənilən sığorta haqları itmir, onlar sosial müdafiə mexanizminin içində toplanır və lazım olduqda müxtəlif sosial risklərə qarşı təminat kimi geri qayıdır. Belə şəffaflıq dövlətə inamı artıran mühüm amildir.
Bütün bunları ümumiləşdirsək, yeni islahat paketi üç məqsədi uzlaşdırır: güclü və peşəkar ordunu kadr baxımından möhkəmləndirmək, pensiya sistemini daha şəffaf və sığorta prinsipləri üzərində qurmaq, sosial ədaləti qoruyaraq artımların davamlılığını təmin etmək. Hərbçi öz əməyinin nəticəsini daha aydın görəcək, vətəndaş isə dövlətin sosial öhdəliklərinə inamını gücləndirəcək. Belə yanaşma Azərbaycanın həm təhlükəsizlik, həm də sosial rifah sahəsində uzunmüddətli və balanslı siyasət yürütdüyünü göstərir. Zəfərdən sonrakı dövrdə ölkənin qarşısında duran əsas vəzifələrdən biri qazanılmış nailiyyətləri davamlı etməkdir və bu, yalnız hərbi qüdrətlə deyil, onu daşıyan insanların sosial müdafiəsi ilə də mümkündür. Eyni zamanda, pensiya və indeksasiya sahəsində tətbiq olunan sığorta və ədalət prinsipləri bütün vətəndaşlara göstərir ki, dövlətin sosial siyasəti ayrı-ayrı qruplarla məhdudlaşmır, ümumi rifah məqsədinə xidmət edir. Qurultayda cızılan strateji kurs çərçivəsində bu islahat paketinin uğurlu icrası həm hərbi, həm də sosial sistemin etibarlılığını növbəti illərdə daha da möhkəmləndirəcək, partiya fəalları isə bu addımların mahiyyətini cəmiyyətə çatdırmaqda mühüm rol oynayacaq.
Emin Əliyev,
YAP Sumqayıt şəhər təşkilatının məsləhətçisi