Azərbaycan xalqının yaddaşında elə tarixlər var ki, həmin günlər yalnız təqvimdəki adi günlər deyil. O günlər milli yaddaşın, dövlətçilik iradəsinin və qəhrəmanlığın rəmzinə çevrilib. 27 Sentyabr da məhz belə günlərdəndir. Bu tarix 2020-ci ildə Vətən müharibəsinin başladığı gün olmaqla yanaşı, Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin bərpası yolunda canından keçən şəhidlərimizin əziz xatirəsinin yad edildiyi Anım Günüdür.
2020-ci il sentyabrın 27-də Ermənistanın növbəti hərbi təxribatlarına cavab olaraq Prezident, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu əks-hücum əməliyyatlarına başladı. 44 gün davam edən Vətən müharibəsi Azərbaycanın tarixi Qələbəsi ilə başa çatdı. 2023-cü il sentyabrın 19-da Azərbaycan Silahlı Qüvvələrinin həyata keçirdiyi lokal xarakterli antiterror tədbirləri nəticəsində isə ölkəmizin suverenliyi bütün ərazisində tam bərpa olundu.
Bu tarixi hadisələr Azərbaycan xalqının milli həmrəyliyini, ordumuzun gücünü, əsgər və zabitlərimizin misilsiz qəhrəmanlığını bütün dünyaya nümayiş etdirdi. Torpaqlarımızın azadlığı uğrunda gedən döyüşlərdə 2 min 900-dən çox hərbi qulluqçumuz şəhid oldu. Bu gün işğaldan azad edilmiş ərazilərimizdə dalğalanan üçrəngli Azərbaycan Bayrağı məhz onların qanı və qəhrəmanlığı hesabına ucaldılıb.
Bu fikirləri Xüsusi Təyinatlı Qüvvələrin ehtiyatda olan baş leytenantı, Qarabağ qazisi, “Böyük Qayıdış” Gənclər Təşkilatı İctimai Birliyinin İdarə Heyətinin üzvü Əhliyət Mehdiyev “İki sahil”ə açıqlamasında söyləyib.
Ə. Mehdiyev bildirib ki, 27 Sentyabr – Anım Günü xalqımızın şəhidlərə olan sonsuz ehtiramının ifadəsidir: “Xalqımız və dövlətimiz hər zaman mübariz oğul və qızlarımızın şücaətini yüksək qiymətləndirir, Vətən uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsini uca tutur. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin 2020-ci il 2 dekabr tarixli Sərəncamına əsasən, Vətən müharibəsinin başladığı günün – sentyabrın 27-nin Anım Günü kimi qeyd edilməsi qəhrəmancasına döyüşmüş, adlarını Azərbaycan tarixinə qızıl hərflərlə yazdırmış, ölkəmizin ərazi bütövlüyü uğrunda canlarını qurban vermiş şəhidlərimizə dərin ehtiramın və hörmətin ifadəsidir.
Xalqımız şəhidlərimizin əziz xatirəsini təkcə 27 Sentyabr – Anım Günündə deyil, hər zaman ehtiramla yad edir. Onların hər birinin fədakarlığı və qəhrəmanlığı gələcək nəsillər üçün örnəkdir. Şəhidlərimizin məzarları önündə baş əyməyi, onların müqəddəs xatirəsini yaşatmağı hər bir vətəndaşımız özünün ən ümdə borcu hesab edir. Çünki onların Vətən sevgisi hər birimiz üçün örnəkdir. Onların hər biri ilə qürur duyuruq. Allah bütün şəhidlərimizə rəhmət eləsin!
Anım Günü gənc nəslin vətənpərvər ruhda tərbiyə olunması, şəhidlərimizin həyat və döyüş yolunun gənclərə nümunə göstərilməsi, həmçinin cəmiyyətimizdə milli həmrəyliyin daha da möhkəmləndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır”.
Qarabağ qazisinin sözlərinə görə, Azərbaycanın Vətən müharibəsində əldə etdiyi Qələbə yalnız hərbi uğurla məhdudlaşmır. Bu Zəfər, eyni zamanda, işğaldan azad edilmiş ərazilərdə yeni həyatın başlanmasına, genişmiqyaslı quruculuq və bərpa prosesinin həyata keçirilməsinə imkan yaradıb: “Vətən müharibəsində qazanılmış Qələbədən dərhal sonra azad olunmuş ərazilərin bərpasına başlanıldı. Qısa zaman kəsiyində həmin ərazilərdə böyük quruculuq işləri həyata keçirildi, yeni şəhər və kəndlər salındı. İşğaldan azad olunmuş ərazilərdə bu günə qədər 47 yaşayış məntəqəsinə, o cümlədən 10 şəhər, 3 qəsəbə və 34 kəndə keçmiş məcburi köçkünlərin qayıdışı təmin edilib. Azad edilmiş ərazilərdə hazırda 90 mindən çox insan yaşayır, çalışır və təhsil alır.
Bu gün Qarabağ və Şərqi Zəngəzurda aparılan bərpa-quruculuq işləri, keçmiş məcburi köçkünlərin doğma yurdlarına qayıdışı, yeni yaşayış məntəqələrinin salınması Vətən müharibəsində əldə edilən Qələbənin real nəticələridir. Başqa sözlə desək, bütün bunlar 27 Sentyabrda başlanan Vətən müharibəsinin və şəhidlərimizin canı bahasına əldə edilən tarixi Zəfərin bəhrələridir”.
Qvami Məhəbbətoğlu, “İki sahil”
Makron: Süni intellekt məhdud dairənin və şirkətlərin nəzarətində olmamalıdır
Rütte Avropanın ABŞ olmadan hərbi əməliyyatlar keçirməsini mümkün hesab etmir