25 sentyabr 2026 13:46
103

Rütte Avropanın ABŞ olmadan hərbi əməliyyatlar keçirməsini mümkün hesab etmir

Avropa dövlətləri hazırda Yaxın Şərqdə müstəqil şəkildə hərbi əməliyyatlar həyata keçirmək üçün kifayət qədər hərbi potensiala malik deyillər.

“İki sahil” xəbər verir ki, bu barədə NATO-nun baş katibi Mark Rütte Bloomberg agentliyinə müsahibəsində bildirib.

Onun sözlərinə görə, əgər Yaxın Şərqdə hərbi müdaxilə tələb edən situasiya yaranarsa, avropalılar Vaşinqtona arxalanmaq əvəzinə müstəqil hərəkət etməyə qadir olmalıdırlar. "Hazırkı mərhələdə avropalılar bunu etmək üçün lazımi səviyyədə imkanlara malik deyillər. Buna görə də Amerika liderliyi hələ də zəruridir", – deyə alyansın baş katibi vurğulayıb.

Rütte həmçinin qeyd edib ki, Berlin divarı yıxıldıqdan sonra Avropa ölkələri uzunmüddətli sülh ümidi ilə müdafiə xərclərini həddindən artıq azaldıblar. Bu səbəbdən o, müttəfiqləri öz potensiallarını gücləndirmək üçün hərbi büdcələri artırmağa və müdafiə sənayesi güclərini inkişaf etdirməyə çağırıb.

Qırmızı dənizdəki vəziyyətə toxunan hərbi blokun baş katibi qeyd edib ki, gəmiçilik azadlığının təmin edilməsini tamamilə Birləşmiş Ştatların üzərinə qoymaq olmaz.

O dəqiqləşdirib ki, Avropa ölkələri regionda tətbiq oluna bilən, Amerika vasitələrini üstələyən inkişaf etmiş minaaxtarma vasitələrinə malikdirlər.