25 sentyabr 2026 11:00
145

Enerji keçidi fonunda ARDNF: Milli sərvətin qorunması və gələcəyə investisiya

Vadim Pşeniçnıy: Qlobal enerji keçidi Fond üçün yeni gəlir mənbələrinin formalaşdırılması və investisiya portfelinin daha da şaxələndirilməsi baxımından əlavə perspektivlər açır

Dünyanın iqtisadi və enerji gündəliyində köklü dəyişikliklərin baş verdiyi, ənənəvi enerji resurslarından daha dayanıqlı və aşağıkarbonlu iqtisadi modelə keçidin sürətləndiyi indiki mərhələdə maliyyə dayanıqlığı və strateji investisiya siyasəti xüsusi əhəmiyyət kəsb edir. İqlim dəyişiklikləri ilə mübarizə, bərpaolunan enerji mənbələrinin inkişafı, yaşıl maliyyə alətlərinin genişlənməsi və qlobal investisiya mühitində yeni meyarların formalaşması ölkələrin malik olduqları təbii sərvətlərdən əldə olunan gəlirlərin idarə edilməsinə də yeni baxış tələb edir.

Azərbaycan Dövlət Neft Fondu (ARDNF) ölkənin neft və qaz sərvətlərindən əldə olunan gəlirlərin idarə olunması və bu sərvətin gələcək nəsillərə ötürülməsi istiqamətində mühüm missiyanı həyata keçirir. Fondun fəaliyyətində makroiqtisadi sabitliyin dəstəklənməsi, maliyyə aktivlərinin səmərəli idarə olunması, investisiya portfelinin diversifikasiyası və uzunmüddətli gəlirliliyin təmin edilməsi mühüm istiqamətlərdəndir. Qlobal enerji bazarında gedən dəyişikliklər isə bu missiyanın yeni iqtisadi reallıqlar kontekstində daha geniş müstəvidə nəzərdən keçirilməsini zəruri edir.

Məhz bu kontekstdə ARDNF-nin investisiya siyasətinin gələcək istiqamətləri, qlobal enerji transformasiyasının Fondun fəaliyyətinə mümkün təsirləri, yeni investisiya imkanlarının yaratdığı perspektivlər və milli sərvətin uzunmüddətli perspektivdə qorunması məsələləri xüsusi maraq doğurur.

Bu və digər aktual məsələlərlə bağlı suallarımızı Azərbaycan Dövlət Neft Fondunun İcraçı direktorunun müşaviri Vadim Pşeniçnıy ünvanladıq.

-Qlobal enerji transformasiyasının sürətləndiyi bir şəraitdə yaşıl iqtisadiyyata keçid ARDNF-nin uzunmüddətli investisiya siyasətində hansı yeni yanaşmaların formalaşmasını şərtləndirir? Bərpaolunan enerji və dayanıqlı iqtisadiyyatın inkişafı üçün yaranan yeni investisiya imkanları ARDNF-nin investisiya portfelinin şaxələndirilməsi baxımından hansı perspektivləri açır?

-Qlobal enerji transformasiyası dünya iqtisadiyyatında yeni investisiya istiqamətlərinin formalaşmasına və uzunmüddətli investorlar üçün imkanların genişlənməsinə səbəb olur. ARDNF bu istiqamətləri öz investisiya mandatı çərçivəsində qiymətləndirərək bərpaolunan enerji, infrastruktur və dayanıqlı iqtisadiyyatla əlaqəli sahələrdə yaranan imkanları portfelin şaxələndirilməsi və uzunmüddətli gəlirliliyi baxımından nəzərdən keçirir. Fond üçün əsas prinsip qlobal struktur dəyişikliklərindən irəli gələn investisiya imkanlarından faydalanmaqla yanaşı, risk və gəlirlilik arasında optimal balansı qorumaqdır. Enerji keçidi yeni imkanlarla yanaşı, texnologiyaların inkişafı, tənzimləmə tələbləri və enerji tələbatının dəyişməsi ilə bağlı risklərin də uzunmüddətli investisiyaların idarə olunmasında nəzərə alınmasını zəruri edir. Bərpaolunan enerji investisiyaları əsasən Fondun İnfrastruktur portfelində cəmlənmişdir və bu sözügedən portfelin 34%-ni təşkil edir. Buraya bir sıra nüfuzlu şirkətlərlə həyata keçirilmiş müştərək investisiyalar, eləcə də əsasən Şimali və Cənubi Amerika, Avropa və Asiya-Sakit okean regionunu əhatə edən fond investisiyaları daxildir.

Fondun bu sahədəki investisiya nümunələrindən biri də 2025-ci ildə beynəlxalq bərpaolunan enerji şirkəti olan “Enfinity Global”a məxsus, İtaliyada yerləşən və ümumi gücü 402 MVt təşkil edən 14 Günəş Elektrik Stansiyasından ibarət portfeldə 49 faizlik pay əldə etməsidir.

Bu investisiyalar Fondun portfelinin coğrafi və sektorlar üzrə şaxələndirilməsinə, eləcə də qlobal enerji keçidinə töhfə verir. Bununla yanaşı, yaşıl transformasiyanın enerji sistemlərinin modernləşdirilməsi, dayanıqlı infrastrukturun inkişafı və yeni texnologiyaların tətbiqi kimi digər istiqamətləri də Fond üçün əlavə investisiya imkanları yaradır. Beləliklə, qlobal enerji keçidi Fond üçün yeni gəlir mənbələrinin formalaşdırılması və investisiya portfelinin daha da şaxələndirilməsi baxımından əlavə perspektivlər açır.

-Enerji keçidi fonunda neft və qaz gəlirlərinin dəyərinin uzunmüddətli perspektivdə qorunması və bu gəlirlərin gələcək nəsillərə ötürülməsi üçün hansı maliyyə prinsipləri xüsusi əhəmiyyət daşıyır?Azərbaycanın yaşıl iqtisadiyyata keçidi və enerji sektorunda yeni inkişaf mərhələsi ARDNF-nin gələcək strategiyasında hansı uzunmüddətli prioritetlərin önə çıxmasına səbəb ola bilər?

-Qlobal enerji keçidi şəraitində neft və qaz gəlirlərinin uzunmüddətli dəyərini qorumaq üçün onların şaxələndirilmiş maliyyə aktivlərinə investisiya olunması və səmərəli idarə edilməsi xüsusi əhəmiyyət daşıyır. Bu baxımdan Fondun məqsədlərinə uyğun olaraq vəsaitlərin risk və gəlirlilik balansı nəzərə alınmaqla idarə olunması əsas prinsiplərdən biridir.

Bunun üçün aktivlərin strateji bölgüsü, müxtəlif aktiv növləri, valyutalar və regionlar üzrə şaxələndirmə, habelə cari öhdəliklərin yerinə yetirilməsi üçün kifayət qədər likvidliyin saxlanılması mühüm əhəmiyyət daşıyır. Bu yanaşma Fondun uzunmüddətli investisiya məqsədləri ilə dövlət büdcəsinə transfert öhdəlikləri arasında tarazlığın qorunmasına xidmət edir. Azərbaycanın yaşıl iqtisadiyyata keçidi və qlobal enerji bazarlarında baş verən dəyişikliklər fonunda da Fondun uzunmüddətli prioritetləri aktivlərin qorunması, risklər nəzərə alınmaqla gəlirliliyin artırılması və investisiya portfelinin dəyişən qlobal iqtisadi şəraitə uyğunlaşdırılması olaraq qalır. Yeni investisiya imkanları bu prioritetlər və Fondun mövcud mandatı çərçivəsində qiymətləndirilir.

-Dünyada “yaşıl maliyyə” və dayanıqlı investisiya meyarlarının sürətlə inkişaf etdiyi bir dövrdə ARDNF investisiya qərarlarında ekoloji, sosial və idarəetmə meyarlarının əhəmiyyətini necə qiymətləndirir?

-“Yaşıl maliyyə” və dayanıqlı investisiya yanaşmalarının sürətlə inkişaf etdiyi müasir dövrdə ARDNF ekoloji, sosial və idarəetmə (ƏSİ) meyarlarını yalnız dayanıqlılıq məsələsi kimi deyil, uzunmüddətli risklərin idarə olunması, investisiya imkanlarının müəyyənləşdirilməsi və portfelin dayanıqlı gəlirliliyinin təmin edilməsi baxımından mühüm amil kimi qiymətləndirir. Buna görə də ƏSİ amillərinin investisiya prosesinə sistemli inteqrasiyası ətraf mühit, sosial və idarəetmə istiqamətləri üzrə risklərin qiymətləndirilməsi ilə gəlirliliyin optimallaşdırılmasına xidmət edir.

Bu yanaşma müxtəlif aktiv siniflərinin xüsusiyyətləri nəzərə alınmaqla investisiyaların qiymətləndirilməsi və qərarvermə prosesinə sistemli şəkildə inteqrasiya olunur. ARDNF fond menecerləri və tərəfdaşlarla fəal əməkdaşlığa, eləcə də səhmdar hüquqlarından istifadəyə xüsusi önəm verir. Bu çərçivədə Fond səhmlər portfelində şirkətlərin idarəedilməsi ilə bağlı məsələlərə mövqe bildirmək və müsbət dəyişiklikləri təşviq etmək məqsədilə səhmdarların ümumi yığıncaqlarında səsvermə hüququndan istifadə edir. Bununla ARDNF korporativ idarəetmənin, şəffaflığın, hesabatlılığın və dayanıqlılıq təcrübələrinin təkmilləşdirilməsinə, eləcə də investisiyaların uzunmüddətli dayanıqlığının və dəyər yaratmaq potensialının gücləndirilməsinə töhfə verir. Qeyd edək ki, 2025-ci ildə ARDNF 32 ölkədə keçirilmiş 1 384 səhmdar yığıncağında 20 213 təklif üzrə səsvermədə iştirak etmişdir.

Yaqut Ağaşahqızı, “İki sahil”