Azərbaycanın gələcəyi haqqında danışarkən ilk növbədə gənclərimizin potensialından, onların təhsilindən, istedadından və qazandıqları uğurlardan söz açılır. Ölkəmizdə həyata keçirilən dövlət gənclər siyasətinin əsas istiqamətlərindən biri də məhz bu kateqoriyadan olan insanların öz bacarıqlarını ortaya qoymalarına, yeni imkanlardan yararlanmalarına və ölkəmizi beynəlxalq səviyyədə layiqincə təmsil etmələrinə şərait yaradılmasıdır. Bu gün müxtəlif sahələrdə qazandığımız uğurların sırasında elm, təhsil, idman, incəsənət və mədəniyyət sahələrində öz istedadılar ilə seçilən gənclərimizin nailiyyətləri xüsusi yer tutur.
Azərbaycan gəncləri artıq yalnız ölkə daxilində deyil, beynəlxalq arenalarda da öz sözünü deyir. Müxtəlif müsabiqələrdə, festivallarda, yaradıcılıq layihələrində və beynəlxalq proqramlarda iştirak edən gənclərimiz əldə etdikləri nəticələrlə Azərbaycanın layiqincə təmsil edirlər. Onların hər bir uğuru yalnız fərdi nailiyyət kimi deyil, bütövlükdə ölkəmizin gənclərinə yaradılan imkanların və onların yetişməsində böyük əməyi olan müəllimlərin fəaliyyətinin nəticəsi kimi də diqqət çəkir.

İstedadın üzə çıxması bir gündə baş vermir
Bir gəncin böyük səhnələrə çıxması, beynəlxalq müsabiqələrdə uğur qazanması və dünyanın nüfuzlu musiqi mərkəzlərindən birində ustad dərslərində iştirak etməsi üçün illərlə davam edən hazırlıq, səbir, zəhmət və düzgün istiqamətləndirmə lazımdır. Bu yolun ilk mərhələsində isə çox zaman müəllim dayanır. Şagirdin istedadını ilk görən, onun güclü tərəflərini inkişaf etdirən, çatışmazlıqları üzərində çalışan və hər uğurunda onunla birlikdə sevinən müəllim...
Məhz belə müəllimlərdən biri də Leopold və Mstislav Rostropoviclər adına 21 nömrəli Onbirillik Musiqi Məktəbinin fortepiano şöbəsinin rəhbəri və müəllimi Rəhimova Afaq Oktay qızıdır. Uzun illərdir ki, bu təhsil ocağına tanınmış musiqiçi, görkəmli pianoçu və professor Məmməd Quliyev rəhbərlik edir.

İllərin zəhmətindən doğan uğurlar
Afaq Rəhimovanın pedaqoji fəaliyyəti uzun illəri əhatə edir. Bu illər ərzində onun rəhbərliyi altında çoxlu sayda istedadlı musiqiçi yetişib və formalaşıb. Bu gün həmin yetirmələr həm Azərbaycanda, həm də xarici ölkələrdə öz peşəkar fəaliyyətlərini uğurla davam etdirirlər.
Bu fakt bir müəllimin əməyinin zamanla necə böyük nəticələrə çevrildiyini göstərir. Çünki pedaqoji fəaliyyət yalnız bu günün nəticəsini düşünmək deyil. Müəllim bu gün yetişdirdiyi şagirdin sabah hansı səhnədə qərarlaşacağını, hansı uğura imza atacağını və öz sənətində hansı mövqeyə yüksələcəyini düşünərək çalışır.
Afaq Rəhimovanın fəaliyyətində də bu yanaşmanı görmək mümkündür. Onun rəhbərliyi ilə yetişən şagirdlər müxtəlif səviyyəli mədəni tədbirlərdə iştirak edir, şəhər, respublika və beynəlxalq səviyyəli müsabiqə və festivallarda Azərbaycanı layiqincə təmsil edirlər. Onun pedaqoji fəaliyyətinin parlaq nəticələrindən biri də şagirdi Quluzadə Hümeyra Elsevən qızının qazandığı beynəlxalq uğurdur.
Əslində, hər bir müsabiqə uğurunun arxasında görünməyən böyük bir zəhmət dayanır. Səhnədə bir neçə dəqiqə davam edən ifa üçün günlərlə, aylarla, bəzən illərlə hazırlıq görülür. Fortepiano arxasında keçirilən uzun məşqlər, əsərlərin ifasının dəfələrlə təkrarlanması, texniki səhvlər üzərində işləmək, musiqinin ruhunu və məzmununu daha dərindən anlamaq – bütün bunlar gənc ifaçının uğur yolunun ayrılmaz hissəsidir.

Hümeyra Quluzadənin beynəlxalq uğuru
Bu ilin iyun ayında Türkiyənin İzmir şəhərində Mozart Akademiyası tərəfindən keçirilən XI Beynəlxalq Piano Müsabiqəsində iştirak edən Hümeyra iki turun yekununda uğurlu çıxışı ilə seçilib. O, nüfuzlu beynəlxalq müsabiqənin laureatı adına layiq görülüb. Hazırda musiqi məktəbinin 6-cı sinfində təhsilini davam etdirən 12 yaşlı Hümeyra Quluzadənin müsabiqədəki parlaq çıxışı, yüksək ifaçılıq bacarığı və səhnə mədəniyyəti münsiflər heyətində xoş təəssürat yaradıb və bu uğur ona 27 iyul-1 avqust 2026-cı il tarixlərində Avstriyanın Zalsburq şəhərində yerləşən Mozarteum Universitetinin Yay Akademiyasında ustad dərslərində iştirak etmək hüququ qazandırıb.
Bu uğur gənc pianoçunun yaradıcılıq yolunda mühüm mərhələ olmaqla yanaşı, Azərbaycan musiqi məktəbinin yetişdirdiyi gənc istedadların beynəlxalq səviyyədə özünü göstərə bildiyini də nümayiş etdirir.

Zalsburqda yeni sənət təcrübəsi
Hümeyra, münsiflər heyətinin üzvü, professor Gereon Kleinerin sinfində keçirilən ustad dərslərində iştirak edib. Bu ustad dərsləri yeniyetmə pianoçu üçün peşəkar inkişaf baxımından mühüm təcrübə olub. Belə bir akademiyada iştirak Hümeyraya beynəlxalq musiqi mühiti ilə yaxından tanış olmaq, peşəkar yanaşmaları öyrənmək və öz ifaçılıq bacarıqlarını daha da təkmilləşdirmək imkanı verib. Ustad dərslərinin sonunda Hümeyra akademiyanın yekun konsertində Mozarteum Universitetinin Solitar zalında çıxış etmək üçün seçilən iştirakçılar sırasında yer alıb.
Şübhəsiz, belə bir mötəbər səhnədə çıxış etmək yeniyetmə pianoçu üçün mühüm sənət təcrübəsi olmaqla yanaşı, onun ustad dərsləri müddətində göstərdiyi hazırlığın və ifaçılıq səviyyəsinin də göstəricisi olub. İzmirdə başlayan uğur yolunun Zalsburqda davam etməsi Hümeyranın qısa müddət ərzində qazandığı beynəlxalq təcrübənin əhəmiyyətini daha da artırır.

Azərbaycan Dövlət Uşaq Filarmoniyasının solisti
Hümeyra Quluzadənin uğurları yalnız beynəlxalq müsabiqə və akademiya ilə məhdudlaşmır. 2025-ci ildən etibarən Hümeyranın Azərbaycan Dövlət Uşaq Filarmoniyasının solistidir. Yeniyetmə yaşda peşəkar səhnədə solist kimi fəaliyyət göstərməsi onun musiqi sahəsində öz yaradıcılıq yolunu formalaşdırdığını və qazandığı bilikləri səhnə təcrübəsi ilə zənginləşdirdiyini göstərir. Bu prosesdə onun müəllimi, eyni zamanda, Azərbaycan Dövlət Uşaq Filarmoniyasının direktoru olan Səidə Tağızadənin də xüsusi rolu qeyd olunmalıdır. Səidə Tağızadənin rəhbərliyi və pedaqoji dəstəyi Hümeyranın səhnə fəaliyyətinin, musiqi hazırlığının və peşəkar inkişafının formalaşmasında mühüm amillərdən biridir. Müsabiqələrdə iştirak, beynəlxalq ustad dərsləri, konsertlər və səhnə təcrübəsi ilə yanaşı, müəllim dəstəyi də gənc musiqiçinin sənət yolunda mühüm yer tutur. Hümeyranın fəaliyyəti də ardıcıl inkişaf yolu kimi diqqət çəkir və bütün bunlar onun qarşısında yeni sənət imkanlarının yarandığını göstərir.

Uğurlu gənclər Azərbaycanın gələcəyidir
Bu gün Azərbaycan gənclərinin müxtəlif sahələrdə qazandığı uğurlar ölkənin gələcək inkişafı üçün mühüm potensial formalaşdırır. İstedadlı gənclərin üzə çıxarılması, onların peşəkar inkişafına dəstək verilməsi və beynəlxalq platformalarda özlərini göstərməsi həm fərdi, həm də ictimai baxımdan böyük əhəmiyyət daşıyır.
Musiqi sahəsində isə bu məsələ daha xüsusi məna kəsb edir. Çünki gənc musiqiçilər yalnız öz istedadlarını nümayiş etdirmirlər. Onlar, eyni zamanda, Azərbaycanın zəngin musiqi mədəniyyətini, təhsil ənənələrini və sənət məktəbini beynəlxalq auditoriyaya təqdim edirlər.
Böyük səhnələrə aparan yol davam edir
Hər böyük sənət yolunun başlanğıcında kiçik, lakin çox dəyərli addımlar olur. Bir musiqi əsərinin ilk notlarından başlayan bu yol zaman keçdikcə müsabiqə səhnələrinə, konsert salonlarına, beynəlxalq akademiyalara və dünyanın tanınmış musiqi mərkəzlərinə qədər uzana bilir.
Afaq Rəhimovanın pedaqoji fəaliyyəti və onun yetirmələrinin qazandıqları uğurlar da məhz belə bir yolun nümunəsidir. Uzun illər ərzində çoxsaylı istedadlı musiqiçilərin yetişdirilməsi, onların müxtəlif səviyyəli müsabiqələrdə Azərbaycanı təmsil etmələri və bir qisminin xaricdə peşəkar fəaliyyətini davam etdirməsi bu əməyin real nəticələridir.

Sənət yolunda yeni zirvələrə doğru
Afaq Rəhimovaya bundan sonrakı pedaqoji fəaliyyətində də yeni-yeni uğurlar arzulayırıq. Onun yetişdirdiyi istedadların ölkəmizi müxtəlif beynəlxalq müsabiqələrdə, festivallarda və mədəni platformalarda layiqincə təmsil etmələri, Azərbaycanın musiqi məktəbinin uğurlarını daha geniş coğrafiyada tanıtmaları ən böyük arzularımızdandır.
Yeniyetmə Hümeyra Quluzadəyə isə gələcəkdə sənət yolunda daha böyük zirvələr fəth etməyi, qazandığı beynəlxalq təcrübəni yaradıcılığında uğurla tətbiq etməyi, qarşıdakı müsabiqə və konsertlərdə yeni nailiyyətlər qazanmağı arzulayırıq. Qoy onun hər yeni çıxışı Azərbaycan musiqisinin zənginliyini və gənc istedadlarımızın potensialını bir daha nümayiş etdirsin.
Bu gün Hümeyra Quluzadənin uğur hekayəsinə baxarkən bir həqiqət bir daha təsdiqini tapır: böyük səhnələrə gedən yol çox zaman kiçik bir musiqi otağından, bir müəllimin verdiyi ilk dərsdən başlayır. Və həmin yolun hər uğurlu addımı həm istedadlı yeniyetmənin, həm də onu yetişdirən müəllimin adını daha böyük səhnələrə daşıyır.
Yaqut Ağaşahqızı, "İki sahil"
Nazir: Bütün mədəni irs nümunələrinin qorunmasına xüsusi həssaslıqla yanaşılır
MEMİM bu il də “Sənət inciləri” layihəsi ilə Üzeyir Hacıbəyli festivalına töhfə verəcək