08 noyabr 2026 12:20
83

Qədim Gəncə şəhərində kəlağayı sənət nümunələri sərgilənib

Qədim Gəncə şəhərində keçirilən IV QHT-lərin Əməkdaşlıq Forumu Azərbaycan vətəndaş cəmiyyətinin inkişafı, qeyri-hökumət təşkilatları arasında əməkdaşlığın gücləndirilməsi, milli-mənəvi dəyərlərimizin təbliği və dövlətçilik ənənələrinin möhkəmləndirilməsi baxımından mühüm əhəmiyyət daşıyan tədbirlərdən biri oldu.

Forum çərçivəsində iştirakçılar böyük Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin məqbərəsini ziyarət edərək dahi söz ustadının əziz xatirəsini dərin ehtiramla yad etdilər. Nizami Gəncəvinin zəngin ədəbi irsi təkcə Azərbaycan xalqının deyil, bütün bəşəriyyətin mənəvi xəzinəsidir. Onun yaratdığı ölməz əsərlər əsrlərdir insanları xeyirxahlığa, ədalətə, elmə, mərhəmətə və kamilliyə səsləyir. Dahi şairin məqbərəsini ziyarət etmək hər bir azərbaycanlı üçün böyük qürur hissi doğurur, milli kimliyimizə və zəngin ədəbi irsimizə bağlılığımızı daha da gücləndirir.

Forum iştirakçıları həmçinin Gəncə Memorial Kompleksini ziyarət etdilər. Bu ziyarət zamanı Vətənimizin müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsi dərin hörmət və ehtiramla anıldı. Xalqımızın qəhrəman oğul və qızlarının göstərdiyi misilsiz şücaət, vətənpərvərlik və fədakarlıq hər zaman yaddaşımızda yaşayacaq, gələcək nəsillər üçün əbədi örnək olacaqdır.

Forum çərçivəsində Mirvarid Dilbazi Poeziya Məclisi İctimai Birliyi tərəfindən milli-mədəni irsimizi əks etdirən kəlağayı sənət nümunələri də sərgiləndi. Böyük Azərbaycan şairi Nizami Gəncəvinin məqbərəsi önündə dahi mütəfəkkirin kəlağayı üzərində işlənmiş portret-rəsm əsəri nümayiş etdirildi. Bu əsər Azərbaycan poeziyası ilə milli tətbiqi sənətimizin vəhdətini nümayiş etdirərək iştirakçılar tərəfindən böyük maraq və rəğbətlə qarşılandı.

Gəncə Memorial Kompleksində isə Vətən müharibəsində qazanılmış tarixi Qələbənin rəmzinə çevrilmiş "Dəmir yumruq" və Qarabağın tacı olan "Şuşa" mövzusunda kəlağayı üzərində hazırlanmış rəsm əsərləri sərgiləndi. Bu əsərlər milli-mənəvi dəyərlərimizin, qəhrəmanlıq tariximizin və Zəfər ruhunun kəlağayı sənəti vasitəsilə ifadəsi olmaqla yanaşı, Azərbaycanın zəngin mədəni irsinin yaşadılmasına və gələcək nəsillərə çatdırılmasına xidmət edən dəyərli sənət nümunələri kimi böyük maraq doğurdu.

Belə müqəddəs məkanların ziyarət olunması tədbir iştirakçılarında xüsusi qürur hissi yaratdı. Bu ziyarətlər bir daha göstərdi ki, Azərbaycanın qazandığı möhtəşəm Qələbə xalqımızın birliyi, Ordumuzun gücü, Ali Baş Komandan cənab İlham Əliyevin qətiyyətli rəhbərliyi, qəhrəman şəhidlərimizin fədakarlığı və qazilərimizin igidliyi sayəsində əldə olunmuş tarixi nailiyyətdir. Bu şanlı Qələbə xalqımızın milli yaddaşında əbədi yaşayacaq.

Forum günlərində müxtəlif mövzularda keçirilən müzakirələr, panel iclasları və fikir mübadilələri qeyri-hökumət təşkilatları arasında əməkdaşlığın genişləndirilməsi, yeni təşəbbüslərin formalaşdırılması və qarşılıqlı təcrübə mübadiləsinin gücləndirilməsi baxımından olduqca faydalı oldu. Belə görüşlər vətəndaş cəmiyyətinin inkişafına mühüm töhfə verməklə yanaşı, ölkəmizin gələcək inkişafı naminə birgə fəaliyyət imkanlarını da artırır.

Mirvarid Dilbazi Poeziya Məclisi İctimai Birliyi olaraq hesab edirik ki, bu cür forumlar ictimai birliklərin daha sıx əməkdaşlıq etməsinə, milli-mənəvi dəyərlərimizin, ədəbiyyatımızın, mədəniyyətimizin və tariximizin daha geniş təbliğinə, cəmiyyətimizin inkişafına xidmət edən yeni layihələrin həyata keçirilməsinə geniş imkan yaradır.

Bu əlamətdar tədbirin yüksək səviyyədə təşkilinə, iştirakçılar üçün yaradılmış şəraitə, səmimi qəbula və zəngin proqramın hazırlanmasına görə QHT-lərə Dövlət Dəstəyi Agentliyinə, forumun təşkilatçılarına və əməyi keçən hər kəsə dərin minnətdarlığımızı bildiririk.

İnanırıq ki, belə forumlar gələcək illərdə də uğurla davam etdiriləcək, qeyri-hökumət təşkilatları arasında əməkdaşlıq daha da möhkəmlənəcək, milli həmrəyliyimizin güclənməsinə, vətəndaş cəmiyyətinin inkişafına və Azərbaycanımızın daha da tərəqqi etməsinə öz mühüm töhfəsini verəcəkdir.

Azərbaycanımız daim güclü, müstəqil və qalib olsun!

Güllü Eldar Tomarlı
Mirvarid Dilbazi Poeziya Məclisi İctimai Birliyinin sədri
Kəlağayı Ev Muzeyinin direktoru