İkinci Qarabağ müharibəsində Azərbaycanın tarixi Qələbəsi yalnız Cənubi Qafqazın hərbi-siyasi reallıqlarını deyil, bütövlükdə Avrasiyanın geopolitik mənzərəsini əsaslı şəkildə dəyişdi. Şuşa Bəyannaməsi ilə zirvəyə çatan Azərbaycan-Türkiyə mütəffıqliyi, Mərkəzi Asiya dövlətləri ilə dərinləşən strateji tərəfdaşlıq və Türk Dövlətləri Təşkilatının (TDT) artan nüfuzu regionda tamamilə yeni təhlükəsizlik və əməkdaşlıq arxitekturasının əsasını qoydu. Qlobal miqyasda qeyri-müəyyənliyin və münaqişələrin dərinləşdiyi bir dövrdə Bakının formalaşdırdığı bu yeni güc mərkəzi regional sabitliyin və müdafiə qabiliyyətinin əsas təminatçısına çevrilməkdədir. Həm TDT, həm də C6 formatında birləşən ölkələrimizin təhlükəsizliyinin və müdafiə qabiliyyətinin birgə möhkəmləndirilməsi xətti getdikcə daha əminliklə ön plana çıxır. Bunun təsdiqi olaraq Azərbaycan, Özbəkistan və Türkiyə hərbçilərinin iştirakı ilə başlayan “Birliyin gücü - 2026” birgə hərbi təlimlərini misal göstərmək olar. Təlimlərin əsas məqsədi birgə əməliyyatların keçirilməsinə hazırlığı artırmaq, qoşunların koordinasiyasını gücləndirmək, hazırlıq prosedurlarını standartlaşdırmaq, eləcə də bölmələrin döyüş imkanlarını təkmilləşdirməkdir. Türkiyə Milli Müdafiə Nazirliyinin bu xüsusda vurğuladığı kimi: “Birlikdə güclü, birlikdə qətiyyətliyik. Kökləri tarixə dayanan qardaşlığımız birgə təlimlərlə daha da güclənir”.

Burada da yenə Azərbaycan Ordusunun Vətən müharibəsindəki parlaq Qələbəsi özünü bariz şəkildə göstərir. Bu Qələbənin ardınca Bakı ilə Ankara arasında müttəfiqlik münasibətləri haqqında 2021-ci il Şuşa Bəyannaməsi imzalandı. Sənədə əsasən, tərəflər müdafiə qabiliyyətinin və hərbi təhlükəsizliyin möhkəmləndirilməsinə yönəlmiş tədbirləri, o cümlədən birgə məşğələ və təlimlərin keçirilməsini, iki ölkənin silahlı qüvvələrinin qarşılıqlı fəaliyyət qabiliyyətinin artırılmasını və digər dost dövlətlərin orduları ilə analoji tədbirlərin dəstəklənməsini təşviq etməyi öhdələrinə götürdülər. Öz növbəsində, Daşkənd və Bakı arasında 2024-cü ildə imzalanmış müttəfiqlik münasibətləri haqqında müqavilə iki dövlətin müdafiə qabiliyyətini yüksəltmək məqsədilə hərbi-texniki sahədə əməkdaşlığın möhkəmləndirilməsini təsbit edərək, həm də iki ölkənin Silahlı Qüvvələrinin qarşılıqlı fəaliyyət imkanlarını artırmağa yönəlmiş birgə məşğələ və təlimlərin keçirilməsini aktuallaşdırdı. Azərbaycan, Türkiyə və Pakistanın döyüş uzlaşmasını və regional təhlükəsizliyi möhkəmləndirməyə yönəlmiş “Üç qardaş” formatındakı üçtərəfli hərbi təlimlərinin müntəzəm keçirilməsini, eləcə də Ankara və Bakının “EFES-2026” çoxmillətli birgə təlimlərində iştirakını da qeyd etmək yerinə düşər.
“Azərbaycan Respublikası Müdafiə Nazirliyi və Özbəkistan Respublikası Müdafiə Nazirliyi arasında imzalanmış 2023-cü il üçün ikitərəfli əməkdaşlıq Planı"na əsasən “UZAZ-2023” kompüter dəstəkli taktiki komanda-qərargah və “Məharət - 2024” birgə komanda-qərargah təlimlərini də həyata keçirib. Paralel olaraq Qazaxıstan, Qırğızıstan və Tacikistanla birlikdə Azərbaycan və Özbəkistan hərbçilərinin iştirak etdiyi çoxmillətli birgə hərbi regional təlim – “Birlik” də bu sıralardadır. Bu hərbi manevrlər region ölkələri arasında təhlükəsizliyin gücləndirilməsi, dövlət sərhədlərinin mühafizəsi və qanunsuz silahlı birləşmələrə qarşı birgə mübarizə imkanlarının təkmilləşdirilməsi məqsədilə keçirilir.

Qlobal məkanda gərginliyin artdığı bir zamanda bu təlimlərin əhəmiyyəti xüsusilə aydın görünür. Müharibələr səngimir, hətta demək olar ki, miqyasını genişləndirir. Qlobal miqyaslı mühüm nəqliyyat marşrutları fəaliyyətini dayandırır. Xarici “təhlükəsizlik çətirləri” özünü doğrultmur. Prezident İlham Əliyevin TDT-yə üzv ölkələrin Təhlükəsizlik şuralarının rəhbərləri ilə bu yaxınlarda keçirilən görüşündə vurğuladığı kimi, hazırkı tarixi mərhələdə sərhədlərimizin perimetri boyunca enerji təhlükəsizliyi ilə bağlı məsələlər xüsusi əhəmiyyət kəsb edir. Bu fikrin davamı olaraq dövlət başçısı qeyd edib ki, müharibələrin coğrafiyasının genişlənməsi regional təhlükəsizliyin təmin edilməsi ilə bağlı bütün aspektlərin reallaşdırılmasını aktuallaşdırır. Bu kontekstdə TDT-nin Baş katibi Kubanıçbek Ömürəliyev təşkilatın müdafiə sənayesi qurumları rəhbərlərinin iclasının 1 oktyabr tarixində keçiriləcəyini elan etdi. Özbəkistan Prezidenti yanında Təhlükəsizlik Şurasının katibi Viktor Mahmudov isə TDT Təhlükəsizlik şuraları katiblərinin görüş formatının ölkələrimizin müdafiə və təhlükəsizlik sahəsində dialoqunun dərinləşməsi üçün koordinasiya platforması rolunu oynamalı olduğunu vurğuladı. TDT-yə üzv ölkələrin Təhlükəsizlik şuraları katiblərinin V iclasının iştirakçılarına müraciətində isə Prezident İlham Əliyev yeni çağırışlar, o cümlədən kibertəhdidlər və beynəlxalq hüququn səngiməyən böhranı barədə danışarkən ümumi gündəliyin müəyyənləşdirilməsi və bütün istiqamətlər üzrə fəaliyyətin əlaqələndirilməsi yönündə addımların atılmasının vacibliyini dilə gətirdi. Bunun ardınca o, müdafiə sahəsində əməkdaşlığa töhfə verən hərbi təlimlərə diqqət çəkdi.
Bir sözlə, TDT-yə üzv ölkələrin müdafiə qabiliyyətinin güclənməsi Avrasiya məkanında və xüsusilə regional təhlükəsizlik arxitekturasında strateji bir amilə çevrilir. Qlobal geosiyasi gərginliyin artdığı, ənənəvi təhlükəsizlik zəmanətlərinin zəiflədiyi bir dövrdə, türk dövlətlərinin hərbi sahədə yaxınlaşması regionda sabitliyin qorunması üçün mühüm platformadır.
Sevinc Azadi, “İki sahil”
Kamran Bayramov: Bu gün Bakıda qlobal iqtisadiyyatın gələcəyi müzakirə olunur