18 sentyabr 2026 15:46
104

Enerji, nəqliyyat və ideoloji sabitlik: Türk dünyasının qlobal gücə çevrilmə yolu

Müasir dövrdə təhlükəsizlik məsələsi mühüm əhəmiyyət kəsb edir və daha geniş məna daşıyır. Bu anlayış  özündə yalnız  ordunun və ya silahlı qüvvələrin mühafizəni deyil, həm də  enerji və nəqliyyat təhlükəsizliyini ehtiva edir ki, bunlar olmadan dünya sadəcə inkişaf edə bilməz. Bugünkü geosiyasi tendensiyaların diktə etdiyi yeni iqtisadi təhlükəsizlik arxitekturasının formalaşmasında  isı Türk Dövlətləri Təşkilatına üzv ölkələri xüsusi rol oynayırlar.Və burada  Azərbaycan Prezidenti İlham Əliyevin TDT-yə üzv ölkələrin təhlükəsizlik şuraları katiblərinin beşinci iclasının iştirakçılarına müraciətini xatırlatmaq istərdim. O müraciətində bildirir ki: “Türk Dövlətləri Təşkilatına sədrliyi çərçivəsində Azərbaycan ölkələrimiz arasında birliyin və həmrəyliyin daha da möhkəmlənməsinə, qarşılıqlı fəaliyyətimizin geniş potensialının reallaşmasına və bütövlükdə regionumuzun davamlı inkişafına, sülhə və təhlükəsizliyə töhfələr vermək üçün səylərini əsirgəmir. Keçən il Qəbələ Zirvə Görüşündə qəbul edilmiş Bəyannamə üzv ölkələrin siyasi, iqtisadi, enerji, humanitar, hərbi və təhlükəsizlik sahələrində sıx əməkdaşlığını və inteqrasiyasını ehtiva edən mühüm yol xəritəsidir.Avropa ilə Asiyanı birləşdirən, Türk dövlətlərinin rifahına töhfə verən mühüm nəqliyyat-logistika layihəsi olan Orta Dəhlizin, o cümlədən Zəngəzur dəhlizinin və digər nəqliyyat bağlantılarının inkişaf etdirilməsi istiqamətində sədrliyimiz çərçivəsində səy göstəririk”.

Müasir dünyada energetika və nəqliyyat müstəsna olaraq iqtisadi kateqoriyalar olmaqdan çıxmışdır. Onlar getdikcə dövlətlərin dayanıqlılığını, möhkəm xarici iqtisadi əlaqələr qurmaq və beynəlxalq bazarlara çıxışı təmin etmək vasitəsilə öz təhlükəsizliklərini qorumaq qabiliyyətini daha çox müəyyənləşdirirlər. TDT çərçivəsində qarşılıqlı fəaliyyət də yalnız etnik-mədəni və humanitar əməkdaşlıq çərçivəsindən kənara çıxmışdır. Strukturun Şuradan Təşkilata çevrilməsindən (və gələcəkdə İttifaqda transformasiya olunması da istisna edilmir) sonra onun türk məkanından qat-qat kənara çıxan geosiyasi funksiyası durmadan artır. Keçmiş zamanlarda xarici oyunçular tərəfindən daxili regional məsələlər kimi baxılan layihələr və müzakirələr artıq kontinental logistikanın sağ qalması və tərəfdaşlarımızın, dost ölkələrimizin enerji rifahı nöqteyi-nəzərindən ən aktual səslənməni qazanmışdır.

Türk dövlətlərinin inteqrasiyası Avrasiyanın sabitləşməsi üçün həlledici əhəmiyyət kəsb edir. Bu — ümumi təhdidlərə qarşı birgə mübarizə ilə təmin olunan regional təhlükəsizlikdir. Bu — enerji təhlükəsizliyidir. Türk ölkələrinin bir çoxu iri neft və qaz istehsalçısıdır. Bu sahədə əməkdaşlıq enerji resurslarının təchizatını şaxələndirməyə və enerji böhranı risklərini azaltmağa imkan verəcəkdir. Bu, həm də nəqliyyat təhlükəsizliyidir. Tələb olunan infrastrukturla təmin edilmiş əlaqəlilik iqtisadi dayanıqlılığın sütunlarından biridir.

Prezident İlham Əliyev iclas iştirakçılarını qəbul edərkən demişdir: " Ölkələrimiz böyük təbii ehtiyatlara malikdir və bu da böyük üstünlükdür. Bu təbii ehtiyatlar dövlətlərimizin möhkəmlənməsinə, xalqlarımızın rifahının yüksəlməsinə xidmət edir, həmçinin bütün dünya üçün mühüm rol oynayır. Xüsusilə sərhədlərimizin perimetri boyunca mövcud olan bugünkü şəraitdə enerji təhlükəsizliyi ilə bağlı məsələlər mühüm əhəmiyyət kəsb edir. Azərbaycana gəldikdə isə biz həm dünya iqtisadiyyatını enerji resursları ilə təchiz edən ölkəyik, həm də Mərkəzi Asiya ölkələrindən Xəzər vasitəsilə enerji resurslarının daha sonra beynəlxalq bazarlara tranzitini həyata keçiririk. Beləliklə, Avropa ilə Asiyanın qovşağında yerləşən və həm TDT-yə üzv Mərkəzi Asiya ölkələri, həm də Türkiyə ilə fəal qarşılıqlı əlaqədə olan Azərbaycanın coğrafi mövqeyi, əlbəttə ki, bütün ölkələrimiz üçün maksimum fayda ilə nəqliyyat və enerji təhlükəsizliyi layihələrinin həyata keçirilməsində oynadığımız rolu şərtləndirir”.

Bəli, bu gün enerji təhlükəsizliyi və nəqliyyat əlaqəliliyi kimi iki amili nəzərə almadan hərtərəfli təhlükəsizlikdən danışmaq qətiyyən mümkün deyil. Ehtiyatların çatdırılması üçün etibarlı marşrutlar olmadıqda, ehtiyatların mövcudluğu özlüyündə kifayət qədər üstünlük deyil. Nəqliyyat infrastrukturu isə o zaman strateji dəyər qazanır ki, dövlətlərə yeni bazarlara çıxmağa və xarici iqtisadi əlaqələri şaxələndirməyə imkan versin. Artıq tərifə ehtiyac qalmadan demək olar ki, Azərbaycan bütün bu üstünlüklərə malikdir və onları TDT-dəki tərəfdaşları ilə artıq bölüşüb. Ölkəmiz öz coğrafiyasına və logistika, energetika infrastrukturunun əsas elementlərinə malik olduğuna görə bu məkanda xüsusi yer tutur. Vaxtilə Azərbaycan liderinin uzaqgörənliyi sayəsində bu gün həm Qərb, həm də Şərq üçün əvəzolunmaz olduğu üzə çıxan layihələr həyata keçirilmişdir. Türk Dövlətləri Təşkilatı çərçivəsində Azərbaycanın imkanları ənənəvi marşrutların sual altına düşdüyü bir vaxtda Mərkəzi Asiyanın qardaş ölkələrinə Avropaya çıxış açdı. Mərkəzi Asiya regionu enerji və digər resurslarla çox zəngindir, lakin o vaxta qədər Türkiyə və Avropa ilə əlaqə qurmaq üçün etibarlı və müstəqil marşruta malik deyildi. İnkişaf etmiş liman, dəmir yolu, boru kəməri infrastrukturuna malik olan Azərbaycan TDT-dəki tərəfdaşlarına belə imkanlar təqdim etdi. Bütün bunlar Asiya ilə Avropa arasında yeni ticarət marşrutlarının formalaşması fonunda xüsusilə nəzərə çarpır. Qlobal təchizat zəncirlərinin yenidən tənzimlənməsi malların, xammalın və enerjinin dayanıqlı tranzitini təmin etməyə qadir olan alternativ istiqamətlərə tələbatı gücləndirir. Belə şəraitdə türk zonasının ərazisindən keçən marşrutlar ciddi iqtisadi və strateji əhəmiyyət kəsb edir. Bu, təkcə kontinental logistikanın qorunub saxlanılması üçün deyil, həm də türk ölkələrinin öz maraqları üçün vacibdir. Dünya nizamı dəyişdikdə, öz nəqliyyat marşrutlarının, enerji müstəqilliyinin və qarşılıqlı dəstəyin əhəmiyyəti artır. Nəqliyyat-enerji əməkdaşlığı tədricən TDT-nin praktiki fəaliyyətinin əsas elementlərindən birinə çevrilir. Mədəni və tarixi yaxınlıq əməkdaşlıq üçün əsas yaradır, lakin məhz nəqliyyat və energetika infrastrukturu bu yaxınlığı dayanıqlı iqtisadi əlaqələrə çevirməyə imkan verir.

TDT çərçivəsində iqtisadi gündəlik genişlənir. Müasir logistik infrastruktura və əlverişli coğrafi mövqeyə malik olan Azərbaycan Orta Dəhlizin əsas bəndinə və Təşkilatın mərkəzi asiyalı tərəfdaşlarının Avropa ilə əlaqəsi üçün etibarlı tranziterə çevrilir. Tranzitin energetika tərkib hissəsi də böyüyür. Son bir neçə ildə Qazaxıstan öz neftini Azərbaycan boru kəmərləri vasitəsilə Avropaya nəql etməkdə böyük maraq göstərir. 2027-ci ilə qədər Qazaxıstan neftinin Bakı-Tbilisi-Ceyhan (BTC) vasitəsilə tranzit potensialını indiki 1,5 milyon tondan ildə 7 milyon tona çatdırmaq planlaşdırılır. Belə alınmışdır ki, TDT ölkələri enerji resursları ilə zəngindir, Avropa bazarları isə tədarük mənbələrinin və marşrutlarının şaxələndirilməsində maraqlıdır. Azərbaycan bu sistemdə artıq təkcə enerji resurslarının istehsalçısı və ixracatçısı kimi deyil, həm də tranzit meydançası kimi çıxış edir. Ölkə ərazisindən Xəzər regionunu beynəlxalq bazarlarla birləşdirən mühüm energetika kommunikasiyaları keçir. Ümumiyyətlə, bütün infrastruktur — nəqliyyat, boru kəməri, energetika infrastrukturu, həm TDT ölkələrində artıq mövcud olan, həm də tikilməkdə olan infrastruktur regional qarşılıqlı əlaqəliliyin vahid sistemini təşkil edir. Bu sistem artıq öz həyatqabiliyyətini sübut etmişdir və yaxınlaşan dünya logistika və energetika böhranı şəraitində təkmilləşməyə davam edir.

Azərbaycan, Qazaxıstan və Özbəkistan hazırda Xəzərin dibindən keçəcək və türk zonasını avropalı istehlakçılara yaşıl enerji çatdıracaq strateji enerji dəhlizinə çevirməyə imkan verəcək Transxəzər enerji dəhlizi layihəsini birgə həyata keçirirlər. Azərbaycan, Qazaxıstan və Türkmənistan sualtı fiber-optik kabel layihəsini həyata keçirirlər. Rəqəmsal İpək Yolu Aktau ilə Sumqayıtını, Türkmənbaşı ilə Siyəzəni birləşdirəcək. Magistral xətt internet-trafiki Avropa internet-mərkəzlərindən Azərbaycan vasitəsilə Türkmənistana, daha sonra Özbəkistana, Əfqanıstana, Pakistana və Hindistana ötürməyə imkan verəcək. Rəqəmsallaşma əsrində kibertəhlükəsizlik və informasiya mübadiləsi sahəsində birgə layihələrə də xüsusi diqqət yetirilir. "Vahid türk rəqəmsal məkanı" konsepsiyası yaxın onilliyin ən iddialı təşəbbüslərindən birinə çevrilə bilər.

Müasir dövrdə dövlətlərin təhlükəsizliyinə yönəlmiş təhdidlər təkcə sərhədlərin pozulması və ya fiziki hücumlarla məhdudlaşmır. İnformasiya məkanı, media, sosial platformalar və müxtəlif kommunikasiya kanalları vasitəsilə həyata keçirilən ideoloji təsirlər də dövlətlərin daxili sabitliyinə təsir göstərə bilər. Prezident İlham Əliyevin çıxışında bu təhdidlərə qarşı birgə mübarizənin vacibliyi vurğulanır. Söhbət ideoloji təxribatların qarşısının alınmasından gedir və dövlət sərhədlərindən uzaq mərkəzlərdən maliyyələşdirildiyi qeyd olunan media strukturları vasitəsilə həyata keçirilən təsirlərə xüsusi diqqət yetirilir. Dövlət başçısının qeyd etdiyi kimi, belə maliyyələşdirmə dövlət quruluşunun zəiflədilməsi, ictimai razarlığın pozulması və cəmiyyətə yad narativlərin və dəyərlərin sırıdılması məqsədlərinə xidmət edə bilər. Azərbaycanda bu istiqamətdə fəal mübarizə aparıldığı və mühüm nəticələr əldə olunduğu bəyan edilmişdir. Çıxışda həmçinin o da qeyd olunmuşdur ki, xaricdən idarə olunan və maliyyələşdirilən antinilli şəbəkələr xalqın mütləq əksəriyyəti tərəfindən pislənilir. Lakin təhdidlərlə mübarizə onların tamamilə aradan qaldırılması demək deyil. Əksinə, sabitliyin pozulması cəhdlərinin davam etməsi ehtimalını nəzərə alaraq, präventiv mexanizmlər daimi olaraq gücləndirilməlidir.

İdeoloji təhlükəsizlik məsələsində gənclər xüsusilə həssas qrup kimi nəzərdən keçirilir. Prezident İlham Əliyevin çıxışında qeyd olunduğu kimi, dövlət maraqlarının zəiflədilməsinə yönəlmiş və xaricdən həyata keçirilən fəaliyyətin əsas məqsədlərindən biri hələ formalaşma mərhələsində olan və manipulyasiyalara daha həssas olan gənc nəsildir. Buna görə də TDT çərçivəsində gənclər siyasətinə təkcə sosial və mədəni əməkdaşlıq kimi deyil, həm də uzunmüddətli təhlükəsizlik məsələsi kimi yanaşıla bilər.Bu istiqamətdə TDT-yə üzv dövlətlərin gənclər təşkilatları arasında qarşılıqlı fəaliyyətin genişləndirilməsi, müntəzəm forumların, konfransların və digər tədbirlərin keçirilməsi təklif olunur. Məqsəd müxtəlif ölkələrdən olan gənclərin birbaşa ünsiyyət qurması, ümumi tarix və mədəniyyət haqqında biliklərinin artırılması üçün şərait yaratmaqdır.Belə yanaşma təkcə ideoloji təsirlərə cavab vasitəsi deyil. Eyni zamanda bu, TDT-nin gələcək siyasi, iqtisadi və sosial əlaqələrinin insan kapitalını formalaşdıran uzunmüddətli mexanizmdir. Bu, gələcəkdə biznes, elm, təhsil, texnologiyalar, mədəniyyət və digər sahələrdə əməkdaşlıq üçün sosial baza yarada bilər.

Prezident İlham Əliyevin çıxışında ifadə olunan əsas xətt ondan ibarətdir ki, TDT ölkələrinin geniş coğrafiyada ümumi maraqları, böyük iqtisadi və energetika potensialı, mühüm nəqliyyat imkanları, gənc əhali, tarixi-mədəni yaxınlıq və siyasi əməkdaşlıq iradəsi mövcuddur. Bu resursların koordinasiya olunması təşkilatın beynəlxalq mövqelərini daha da gücləndirə bilər.Təşkilatın qarşısında duran məqsəd birgə səylərlə TDT-ni aparıcı beynəlxalq institutlardan birinə çevirməkdir. Azərbaycanın bu prosesdəki mövqeyi həm təşəbbüskarlığa, həm də etibarlı tərəfdaşlığa, regional və beynəlxalq əməkdaşlıq üçün platformanın təmin edilməsinə əsaslanır. Bakıda ardıcıl olaraq keçirilən görüşlər, qeyri-rəsmi Zirvə görüşləri, energetika və nəqliyyat layihələri, ikitərəfli müttəfiqlik münasibətləri, investisiya fondları və təhlükəsizlik sahəsində artan koordinasiya göstərir ki, bu məqsəd üçün geniş institusional və praktiki baza artıq formalaşmışdır.

Hicran Hüseynova,
Milli Məclisin komitə sədri, professor