Azərbaycan Dövlət Aqrar Universitetində (ADAU) “John Deere Azerbaijan – Agromotors” şirkətinə məxsus müasir kənd təsərrüfatı texnikalarının təqdimat mərasimi keçirilib.
“İki sahil” xəbər verir ki, təqdimat mərasimində kənd təsərrüfatı nazirinin müavini Seymur Səfərli, ADAU-nun rektoru Zəfər Qurbanov, “John Deere” şirkətinin MDB üzrə vitse-prezidenti Peter Zaksen, “John Deere Azerbaijan – Agromotors” şirkətinin direktoru Sərxan Əliyev, universitetin müəllim və tələbə heyəti iştirak ediblər.
Əvvəlcə nümayəndə heyəti Universitetin “John Deere” təlim-simulyasiya mərkəzi ilə tanış olublar. Təqdimat mərasimində “John Deere Azerbaijan – Agromotors” şirkətinin direktoru Sərxan Əliyev bildirib ki, tədbirin əsas məqsədi müasir kənd təsərrüfatı texnologiyalarının, xüsusilə pambıqçılıqda istifadə olunan yeni nəsil texnikaların tələbə və mütəxəssislərə təqdim edilməsi, həmçinin aqrar təhsil ilə istehsalat arasında əlaqələrin daha da gücləndirilməsidir.
Kənd təsərrüfatı nazirinin müavini Seymur Səfərli aqrar sahədə texniki və texnoloji yenilənmənin məhsuldarlığın artırılması, istehsalın səmərəliliyinin yüksəldilməsi və rəqabətqabiliyyətli aqrar sektorun formalaşdırılması baxımından əhəmiyyətinə toxunub. Nazir müavini kənd təsərrüfatında məhsuldarlığın artırılmasında müasir texnologiyaların və innovativ texnikaların tətbiqinin mühüm rol oynadığını bildirib. O, aqrar sahənin inkişafı istiqamətində dövlət səviyyəsində həyata keçirilən tədbirlərdən danışıb, yeni Dövlət Proqramının qarşıdakı dövrdə kənd təsərrüfatının inkişafı üçün müəyyən etdiyi hədəflərdən bəhs edib. Seymur Səfərli bu baxımdan aqrar təhsil müəssisələrində tələbələrin müasir texnologiyalarla tanışlığının və praktiki biliklərinin artırılmasının vacibliyini vurğulayıb.
“John Deere” şirkətinin MDB üzrə vitse-prezidenti Peter Zaksen şirkətinin kənd təsərrüfatında texnoloji yeniliklərin tətbiqi, fermerlərin müasir texnika və rəqəmsal həllərlə təmin olunması istiqamətində fəaliyyətindən söz açıb. Peter Zaksen aqrar sahədə peşəkar kadrların hazırlanmasının texnoloji inkişafla paralel aparılmasının əhəmiyyətini qeyd edib, ADAU tələbələrinin təqdim olunan texnologiyalarla yaxından tanış olmasının onlar üçün mühüm təcrübə olduğunu diqqətə çatdırıb. O, tələbələri yaradılan imkanlardan səmərəli istifadə etməyə, əldə etdikləri bilik və bacarıqları gələcək peşə fəaliyyətlərində tətbiq etməyə və aqrar sektorun inkişafına töhfə verməyə çağırıb.
ADAU-nun rektoru Zəfər Qurbanov müasir kənd təsərrüfatının tələblərinə cavab verən yüksəkixtisaslı kadrların hazırlanmasının, elmi-tədqiqat fəaliyyətinin istehsalatla əlaqələndirilməsinin və innovativ yanaşmaların tədris prosesinə inteqrasiyasının universitetin əsas prioritetləri sırasında olduğunu bildirib. Rektor qeyd edib ki, tələbələrin müasir kənd təsərrüfatı texnikaları və rəqəmsal texnologiyalarla birbaşa tanışlığı onların nəzəri biliklərini praktiki bacarıqlarla tamamlamasına imkan yaradır. Zəfər Qurbanov “John Deere” kimi aparıcı kənd təsərrüfatı texnologiyaları şirkətləri ilə əməkdaşlığa xüsusi önəm verildiyini vurğulayıb. 2017-ci ildən ADAU-da yaradılan “John Deere” Təlim Mərkəzinin tələbələrin müasir kənd təsərrüfatı texnologiyaları üzrə nəzəri və praktiki biliklərinin artırılmasına, yeni texnikaların iş prinsipləri ilə tanış olmalarına və əmək bazarının tələblərinə uyğun bacarıqlar əldə etmələrinə imkan yaratdığını vurğulayıb.
Tədbir iştirakçıları “John Deere CP570” pambıqyığan kombaynına baxış keçirib, texnikanın quruluşu və əsas funksiyaları ilə tanış olublar. Daha sonra şirkətin nümayəndəsi tərəfindən CP570 pambıqyığan kombaynının texniki xüsusiyyətləri, iş prinsipi və tətbiq imkanları barədə elektron təqdimat keçirilib. Təqdimat zamanı, həmçinin John Deere texnologiyaları və rəqəmsal kənd təsərrüfatı həllərindən biri olan “Operations Center” sistemi barədə məlumat verilib. Sistem vasitəsilə kənd təsərrüfatı texnikasının işinin, sahə məlumatlarının və istehsal proseslərinin rəqəmsal idarə olunması imkanları iştirakçıların diqqətinə çatdırılıb.
Sonda ADAU ilə “John Deere” arasında təhsil, tələbələrin praktiki hazırlığı, müasir kənd təsərrüfatı texnologiyalarının tədris prosesində tətbiqi və gələcək əməkdaşlıq istiqamətləri ətrafında fikir mübadiləsi aparılıb.
Fermer 6,8 manat ödəyir, məhsulunu çoxsaylı risklərdən qoruyur – Günəbaxan sığortası
Azərbaycan Hava Yolları “Mərkəzi Asiya və MDB-nin ən yaxşı regional aviaşirkəti” adına layiq görülüb
Əmtəə nişanlarından qanunsuz istifadənin qarşısının alınması ilə bağlı onlayn maarifləndirici seminar keçirilib
“Metroloji təminatın biznes üçün əhəmiyyəti” mövzusunda maarifləndirici sessiya keçirilib