17 sentyabr 2026 20:10
124

Bakı Türk dünyasının gələcək əməkdaşlıq modelinin formalaşdığı mühüm siyasi mərkəzdir - EKSPERT

Son günlər Bakıda Türk Dövlətləri Təşkilatı çərçivəsində müxtəlif istiqamətləri əhatə edən yüksək səviyyəli tədbirlərin keçirilməsi təsadüfi diplomatik fəallıq deyil. Sentyabrın 15-də TDT-nin Müsəlman Dini İdarə Rəhbərləri Şurasının 7-ci toplantısının iştirakçılarını, sentyabrın 17-də isə TDT-yə üzv ölkələrin Təhlükəsizlik Şuraları katiblərinin Beşinci Toplantısının nümayəndələrini Prezident İlham Əliyevin qəbul etməsi Azərbaycanın Türk dünyası ilə münasibətlərinin artıq ayrı-ayrı sahələrlə məhdudlaşmadığını göstərir. Xüsusilə Təhlükəsizlik Şuraları katiblərinin toplantısının ilk dəfə Azərbaycanda keçirilməsi müstəsna əhəmiyyət kəsb edən hadisədir. Prezident İlham Əliyevin təhlükəsizlik üzrə rəhbər şəxslərə müraciətində Türk dünyasının yüksəliş mərhələsinə qədəm qoyduğunu vurğulaması bu prosesin siyasi mahiyyətini aydın ifadə edir. Dövlət başçımızın bildirdiyi kimi, təhlükəsizlik şuraları arasında əməkdaşlıq TDT inteqrasiyasının yalnız siyasi, iqtisadi və mədəni sahələrlə məhdudlaşmadığını, onun uzunmüddətli strateji xarakter daşıdığını nümayiş etdirir. Beynəlxalq terrorçuluq, transmilli cinayətkarlıq, narkotiklərin qanunsuz dövriyyəsi, dini ekstremizm, hibrid təhdidlər və kritik infrastrukturun mühafizəsi kimi məsələlərin birgə müzakirəsi isə TDT daxilində təhlükəsizlik gündəliyinin institusional müstəviyə keçdiyini göstərir.

Bu fikirləri “İki sahil”ə açıqlamasında politoloq Aytən Qurbanova bildirdi. 

Politoloq bildirdi ki, bu mənzərədə Azərbaycanın rolunu yalnız tədbirlərə ev sahibliyi edən ölkə kimi qiymətləndirmək doğru olmaz. Bakı getdikcə ortaq maraqların müəyyənləşdirildiyi, müxtəlif istiqamətlərin əlaqələndirildiyi və yeni təşəbbüslərin müzakirəyə çıxarıldığı siyasi platformaya çevrilir. Bir neçə gün ərzində dini-mənəvi məsələlərdən təhlükəsizlik gündəliyinə keçid də bunun göstəricisidir. Həmçinin Türk dünyasının əməkdaşlıq gündəliyi artıq yalnız ortaq tarix, dil və mədəniyyət üzərində qurulmur. Onun tərkibinə təhlükəsizlik, enerji, nəqliyyat, iqtisadiyyat və informasiya məkanının dayanıqlılığı da daxil olur. Heç şübhəsiz ki, bu siyasətin əsası isə bugünkü proseslərlə başlamır. Ulu Öndər Heydər Əliyevin dövlətçilik strategiyasında Azərbaycanın türk dünyası ilə əlaqələrinin inkişafı xüsusi yer tuturdu. Müstəqil Azərbaycanın regional və beynəlxalq mövqelərinin möhkəmləndirilməsi, Azərbaycan-Türkiyə münasibətlərinin strateji səviyyəyə yüksəldilməsi və türk dövlətləri arasında əməkdaşlığın institusional əsaslarının gücləndirilməsi sonrakı mərhələdə Prezident İlham Əliyev tərəfindən ardıcıl şəkildə davam etdirildi. 2009-cu ildə Naxçıvanda Türk Şurasının yaradılması ilə bağlı sazişin imzalanması bu prosesin mühüm institusional mərhələsi oldu. Azərbaycan həmin dövrdən etibarən TDT-nin formalaşması və inkişafında fəal rol oynayıb. Bu gün həmin siyasi kurs artıq daha geniş nəticələr verir.

Türk dünyası Azərbaycanın xarici siyasətində prioritet istiqamətdir

Ekspert qeyd etdi ki, Prezident İlham Əliyev dəfələrlə Türk dünyasını Azərbaycanın xarici siyasətində prioritet istiqamət kimi xarakterizə edib və “Türk dünyası bizim ailəmizdir” fikrini siyasi xəttin əsas ifadələrindən birinə çevirib. TDT-nin 2025-ci ildə Qəbələdə keçirilən 12-ci Zirvə görüşündə dövlət başçımız təşkilatın artıq sadəcə əməkdaşlıq platforması deyil, ciddi geosiyasi mərkəzlərdən biri kimi formalaşdığını bildirmişdi. Həmin görüşdə nəqliyyat, enerji, investisiya və təhlükəsizlik məsələlərinin bir-biri ilə əlaqəli şəkildə gündəmə gətirilməsi də bu transformasiyanı təsdiqləyir. Azərbaycanın TDT daxilindəki mövqeyinin digər mühüm dayağı isə onun geostrateji və geoiqtisadi imkanlarıdır. Xəzər üzərindən Mərkəzi Asiyanı Cənubi Qafqaz və Avropa ilə birləşdirən nəqliyyat bağlantıları Azərbaycanın türk dövlətləri arasında əlaqələndirici rolunu gücləndirir.

Xəzər üzərindən Mərkəzi Asiyanı Cənubi Qafqaz və Avropa ilə
birləşdirən nəqliyyat bağlantıları Azərbaycanın türk dövlətləri
arasında əlaqələndirici rolunu gücləndirir

Orta Dəhlizin inkişafı, Bakı-Tbilisi-Qars dəmir yolu, enerji infrastrukturu və yeni yaşıl enerji marşrutları bu baxımdan yalnız iqtisadi layihələr deyil. Onlar eyni zamanda türk dövlətləri arasında strateji qarşılıqlı və uzunmüddətli əməkdaşlıq imkanlarını artıran infrastrukturdur. 2025-ci il Qəbələ Zirvə görüşündə Azərbaycanın TDT ölkələrinin iqtisadiyyatlarına 20 milyard ABŞ dollarından çox vəsait ayırdığı, Özbəkistan, Qazaxıstan və Qırğızıstanla birgə investisiya fondlarının yaradıldığı bildirilib. Həmçinin Orta Asiya–Azərbaycan–Türkiyə–Avropa yaşıl enerji dəhlizi üzərində mühüm iş görülür. Bu faktlar göstərir ki, türk dövlətləri arasında münasibətlər artıq siyasi bəyanatlardan daha çox konkret iqtisadi mexanizmlər üzərində qurulur. Digər tərəfdən isə təhlükəsizlik gündəliyinin ön plana çıxması zamanın tələbidir. Ətraf regionlarda davam edən münaqişələr, terrorçuluq, transmilli cinayətkarlıq, kibertəhdidlər və informasiya müharibələri göstərir ki, müasir təhlükəsizlik artıq yalnız hərbi anlayış deyil. Dövlətlərin siyasi sabitliyi, enerji və nəqliyyat xətlərinin fasiləsiz fəaliyyəti, informasiya məkanının qorunması və cəmiyyətlərin xarici manipulyasiyalara qarşı dayanıqlılığı bir-birindən ayrılmaz məsələlərdir. Prezident İlham Əliyevin məhz bu istiqamətləri TDT təhlükəsizlik gündəliyinə daxil etməsi təşkilatın praktiki imkanlarının genişləndirilməsi baxımından mühüm yanaşmadır. Həmçinin gənclər məsələsi də xüsusi əhəmiyyət daşıyır. Türk dünyasının gələcək gücü yalnız dövlətlərarası münasibətlərin səviyyəsi ilə müəyyən olunmayacaq.

Ortaq tarixini və mədəni irsini bilən, milli-mənəvi dəyərlərə bağlı,
eyni zamanda, müasir dünyanı yaxşı anlayan gənc nəslin formalaşması
TDT-nin uzunmüddətli dayanıqlılığının əsas şərtlərindən biridir

TDT çərçivəsində ortaq media layihələri, gənclər forumları, təhsil proqramları və akademik mübadilələrin genişləndirilməsi bu baxımdan mühüm nəticələr verə bilər

Aytən Qurbanova bildirdi ki, ortaq tarixini və mədəni irsini bilən, milli-mənəvi dəyərlərə bağlı, eyni zamanda müasir dünyanı və informasiya texnologiyalarını yaxşı anlayan gənc nəslin formalaşması TDT-nin uzunmüddətli dayanıqlılığının əsas şərtlərindən biridir. İnformasiya müharibələrinin genişləndiyi bir dövrdə gənclərin yad və manipulyativ narrativlərin təsirindən qorunması üçün təhsil, mədəniyyət, media və gənclər təşkilatları arasında əməkdaşlığın gücləndirilməsi xüsusi əhəmiyyət daşıyır. Burada söhbət hər hansı cəmiyyətin xarici dünyadan təcrid edilməsindən getmir. Əksinə, milli maraqların qorunmasının ən səmərəli yolu açıq, sağlam və rəqabətli informasiya mühiti formalaşdırmaq, gənclərə düzgün düşünmək və informasiyanı təhlil etmək imkanları yaratmaqdır. TDT çərçivəsində ortaq media layihələri, gənclər forumları, təhsil proqramları və akademik mübadilələrin genişləndirilməsi bu baxımdan mühüm nəticələr verə bilər. Eyni zamanda, TDT-nin qarşısında müəyyən çağırışların olduğunu da nəzərə almaq lazımdır. Üzv dövlətlərin xarici siyasət və iqtisadi prioritetləri bütün məsələlər üzrə eyni deyil. Onların müxtəlif güc mərkəzləri ilə münasibətlərində fərqli maraqlar mövcuddur. Ona görə də, TDT-nin inkişafını bütün məsələlər üzrə vahid siyasi mövqe formalaşdırmaq cəhdi ilə deyil, ortaq maraqlar ətrafında çevik və nəticəyönümlü əməkdaşlıq mexanizmlərinin yaradılması ilə təmin etmək daha real yanaşmadır. Məhz bu nöqteyi-nəzərdən yanaşdıqda, Azərbaycanın mövqeyi xüsusi əhəmiyyət daşıyır. Ölkəmiz türk dünyasının birliyini yalnız emosional və tarixi kateqoriya kimi deyil, siyasi, iqtisadi və təhlükəsizlik baxımından praktik əməkdaşlıq modeli kimi təqdim edir. Nəticə etibarilə, Bakıda son günlər keçirilən tədbirlər Türk Dövlətləri Təşkilatının inkişafında yeni mərhələnin əsas istiqamətlərini göstərir. Dini-mənəvi birlikdən təhlükəsizlik əməkdaşlığına, nəqliyyat və enerjidən investisiyalara, gənclər siyasətindən informasiya təhlükəsizliyinə qədər genişlənən gündəlik TDT-nin daha sistemli və çoxşaxəli təşkilata çevrildiyini nümayiş etdirən mühüm məqamdır. Azərbaycanın bu prosesdə mövqeyi isə təsadüfi deyil.

Ekspert qeyd etdi ki, Ulu Öndər Heydər Əliyevin müəyyən etdiyi dövlətçilik və milli maraqlar xəttinin Prezident İlham Əliyev tərəfindən müasir geosiyasi reallıqlara uyğun şəkildə davam etdirilməsi nəticəsində Azərbaycan türk dünyasında həm etibarlı tərəfdaş, həm təşəbbüskar dövlət, həm də müxtəlif istiqamətləri bir araya gətirən mühüm platforma kimi çıxış edir. Son günlər Bakının ardıcıl olaraq dini və təhlükəsizlik formatlarında TDT tədbirlərinə ev sahibliyi etməsi də bu siyasi etimadın konkret göstəricilərindəndir. Azərbaycan üçün əsas məsələ isə bu etimadı davamlı nəticələrə çevirməkdir. TDT daxilində təhlükəsizlik koordinasiyasının, ticarətin, investisiyaların, nəqliyyat bağlantılarının, enerji əməkdaşlığının və humanitar əlaqələrin daha da dərinləşdirilməsi həm təşkilatın beynəlxalq çəkisini artıracaq, həm də Azərbaycanın milli maraqlarına uyğun regional imkanları genişləndirəcək. Beləliklə də, Bakı yalnız Türk dünyasının görüş məkanı deyil, onun gələcək əməkdaşlıq modelinin formalaşdığı mühüm siyasi mərkəzlərdən biri kimi çıxış edir.

Şəmsiyyə Əliqızı, “İki sahil”