02 iyul 2026 10:30
160

“Deepfake dövrü” informasiyaya etimadı sınağa çəkir

Hər yayılan səs və görüntü həqiqətdirmi? 

Bir vaxtlar "Gözlə gördüyünə inan" ifadəsi həqiqətin əsas ölçüsü hesab olunurdu. Lakin süni intellekt texnologiyalarının inkişafı ilə bu yanaşma da dəyişməyə başlayıb. Bu gün internetdə yayılan bir video və ya səs yazısının həqiqi olub-olmadığını müəyyənləşdirmək əvvəlki qədər asan deyil. Bunun əsas səbəbi isə "deepfake" texnologiyasının sürətlə yayılmasıdır.

Son illər süni intellekt vasitəsilə hazırlanan saxta video və səs yazıları təkcə texnoloji yenilik kimi deyil, həm də informasiya təhlükəsizliyi üçün yeni çağırış olaraq qiymətləndirilir. İnsanların simaları, səsləri və danışıq tərzləri qısa müddətdə və asanlıqla təqlid edilə bildiyi üçün istənilən şəxs heç vaxt səsləndirmədiyi fikirlərin müəllifi, etmədiyi hərəkətlərin isə iştirakçısı kimi təqdim oluna bilər. Rəqəmsal platformalarda məlumatın sürətlə yayılması bu riski daha da artırır. Bir neçə dəqiqə ərzində milyonlarla istifadəçiyə çatan saxta görüntülər ictimai rəydə yanlış təsəvvür formalaşdıra, insanların nüfuzuna zərbə vura, hətta cəmiyyət arasında çaşqınlıq yarada bilər. Məlumat təkzib olunsa belə, onun ilk təsiri çox vaxt uzun müddət yadda qalır. “Deepfake” texnologiyasının günümüzdə daha əlçatan olması isə problemin miqyasını genişləndirir. Əvvəllər yalnız peşəkar proqramlarla hazırlana bilən bu cür görüntüləri indi müxtəlif süni intellekt platformaları vasitəsilə qısa vaxt ərzində yaratmaq mümkündür. Bu isə saxta məzmun istehsalını asanlaşdırmaqla yanaşı, onun aşkarlanmasını da çətinləşdirir.

Rəqəmsal dövrdə informasiya istehlakçılarının üzərinə də yeni məsuliyyət düşür. Sosial şəbəkələrdə qarşılaşılan hər görüntünü və ya səs yazısını həqiqət kimi qəbul etmək əvəzinə, onun mənbəyini yoxlamaq, müxtəlif mənbələrlə müqayisə etmək və təsdiqlənməmiş məlumatların yayılmasından çəkinmək daha vacib hala gəlir.

Xatırladaq ki, texnologiya inkişaf etdikcə informasiya mühitində yeni imkanlarla yanaşı, yeni risklər də yaranır. “Deepfake” həmin risklərin ən diqqətçəkən nümunələrindən biridir. Bu səbəbdən rəqəmsal savadlılığın artırılması və məlumatların yoxlanılması vərdişlərinin formalaşdırılması gələcəkdə dezinformasiyanın təsirini azaltmaq baxımından mühüm əhəmiyyət daşıyır.

“Deepfake”lə mübarizənin əsas yolu media savadlılığının artırılmasıdır

Media eksperti Səbinə İzzətli mövzu ilə bağlı “İki sahil”ə açıqlamasında bildirdi ki, süni intellekt alətlərinə yalnız birtərəfli yanaşmaq düzgün deyil. Bu, texnoloji alətdir və hər bir texnologiya kimi həm üstünlüklərə, həm də müəyyən risklərə malikdir. Ona görə də media bu alətdən istifadə edərkən onun doğura biləcəyi riskləri də nəzərə almalıdır: “Hazırda süni intellekt mediada yayımlanan məzmunu yenidən emal edərək sanki özü hazırlayıbmış kimi təqdim edir. Bu isə ilk növbədə müəllif hüquqlarının pozulması problemini gündəmə gətirir. Dünyanın müxtəlif ölkələrində media qurumları məhz bu səbəbdən süni intellekt şirkətlərinə qarşı məhkəmə iddiaları qaldırırlar. Onlar bildirirlər ki, media məzmunu icazəsiz şəkildə süni intellekt sistemlərinin təlimində və cavablarının hazırlanmasında istifadə olunur və bununla da müəllif hüquqları pozulur.

Problemin həlli ilə bağlı fərqli yanaşmalar mövcuddur. Bir tərəf hüquqi mexanizmlər vasitəsilə müəllif hüquqlarını qorumağa çalışır. Digər yanaşmaya görə isə media qurumları süni intellekt şirkətləri ilə əməkdaşlıq etməli, müqavilələr bağlamalıdırlar. Belə olduqda media məhsulları süni intellekt sistemlərində istifadə edilərsə, bunun qarşılığında müəlliflərə və media qurumlarına müvafiq ödəniş edilməli, həm müəllif hüquqları, həm də kommersiya maraqları qorunmalıdır.”

Bu gün süni intellektdən xüsusilə dezinformasiyanın yayılmasında geniş istifadə olunduğunu vurğulayan media ekspertinin sözlərinə görə, məzmun qəsdən dəyişdirilir, foto və videolara müdaxilə edilir, reallığı əks etdirməyən materiallar hazırlanır. Müasir süni intellekt alətləri bu cür manipulyasiyaları çox yüksək keyfiyyətlə həyata keçirə bilirlər: “Bunun qarşısını almağın ən effektiv yolu media savadlılığının artırılmasıdır. İnsanlar süni intellekt texnologiyalarını və onların yaratdığı riskləri nə qədər yaxşı tanısalar, internetdə və sosial platformalarda yayılan məzmunu da bir o qədər tənqidi qiymətləndirə biləcəklər. Onlar hansı materialın “deepfake” hansının isə real olduğunu müəyyən etməkdə daha hazırlıqlı olacaqlar. Sözsüz ki, bəzi hallarda bunu ayırd etmək asan olmur. Çünki bəzi “deepfake” məzmunlar o qədər peşəkar hazırlanır ki, onları ilk baxışdan müəyyənləşdirmək mümkün deyil. Belə hallarda insan mühakimə qabiliyyətini itirməməli, məlumatı müxtəlif mənbələrdən yoxlamalı, foto və videoların həqiqiliyini araşdırmalıdır. Məzmunun yayımlandığı mənbə, hadisənin baş verdiyi məkan və digər detallar diqqətlə təhlil edilməlidir.”

Səbinə İzzətli qeyd etdi ki, süni intellekt vasitəsilə hazırlanmış saxta məzmunların yayılması mediaya olan ictimai etimadı da zəiflədir: “Təəssüf ki, bəzi jurnalistlər və media nümayəndələri də süni intellektdən qeyri-peşəkar və qeyri-şəffaf şəkildə istifadə edirlər. Nəticədə süni intellektin yaratdığı problemlər birbaşa medianın nüfuzuna mənfi təsir göstərir. Əgər jurnalist hazırladığı materialda süni intellektdən istifadə edibsə, bunu auditoriyaya açıq şəkildə bildirməlidir. Hansı hissənin süni intellekt vasitəsilə hazırlandığı və bu alətdən hansı məqsədlə istifadə edildiyi şəffaf şəkildə göstərilməlidir. Şəffaflıq təmin olunmadıqda auditoriya süni intellektin yaratdığı problemləri media ilə əlaqələndirəcək və bu da jurnalistikaya etimadın azalmasına səbəb olacaq. Ona görə də jurnalistlər və digər media nümayəndələri süni intellektdən istifadə edərkən həm peşə etikası prinsiplərinə əməl etməli, həm də maksimum şəffaflıq nümayiş etdirməlidirlər. Məhz bu yanaşma auditoriyanın etimadını qorumağa və peşəkar jurnalistikanın nüfuzunu saxlamağa kömək edəcək.

Yeni hüquqi mexanizmlər "deepfake" cinayətlərinə qarşı məsuliyyəti sərtləşdirir

Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, vəkil Ülvi Nağıyev mövzu ilə bağlı “İki sahil”ə açıqlamasında bildirdi ki, əvvəlki illərdə qanunvericilikdə süni intellekt terminologiyası birbaşa yer almadığı üçün bu sahədə müəyyən boşluqlar mövcud idi. Lakin 2026-cı ilin mart ayında Milli Məclis süni intellektlə yaradılan məzmunların tənzimlənməsi və qanunsuz “deepfake” hallarına qarşı Cinayət Məcəlləsinə və aidiyyəti qanunlara xüsusi dəyişikliklər qəbul edib: “Yeni dəyişikliklərə və əlavələrə əsasən, süni intellekt vasitəsilə yaradılmış və ya manipulyasiya vasitəsi halına salınmış hər bir foto, video və ya audio materialın üzərində onun süni intellektlə hazırlanmasını göstərən xüsusi, gözlə görünən etiket (nişan) olmalıdır. Bu etiketi yerləşdirmədən məzmun paylaşılmasına görə cərimələr nəzərdə tutulur.”

Vəkilin sözlərinə görə, şəxsin icazəsi olmadan onun təsvirindən və ya səsindən istifadə etməklə real olmayan “deepfake” materialı hazırlayıb internetdə yayanlar üçün 3.000 manatdan 7.000 manatadək cərimə, 3 ilədək azadlığın məhdudlaşdırılması və ya 3 ilədək azadlıqdan məhrumetmə cəzası müəyyən edilib. Əgər bu əməl şəxsin nüfuzunu qəsdən ləkələmək məqsədilə və ya mütəşəkkil dəstə tərəfindən törədilibsə, cəza 3 ildən 5 ilədək azadlıqdan məhrumetməyə qədər artırıla bilər. Xüsusilə pornoqrafik xarakterli “deepfake” şantaj materiallarına görə 3 ildən 7 ilədək azadlıqdan məhrumetmə cəzası tətbiq olunur.

Ülvi Nağıyev qeyd etdi ki, Azərbaycan Respublikasının qanunvericiliyi “deepfake” vasitəsilə törədilən cinayətlərə (dələduzluq, böhtan və s.) qarşı kəsərli hüquqi mexanizmlərə malikdir: “2026-cı ildə edilən dəyişikliklərlə rəqəmsal klonlaşdırmaya görə birbaşa azadlıqdan məhrumetmə cəzası da nəzərdə tutulub. Bununla belə, anonim yayıcıların aşkarlanması texnologiyaları və məhkəmə-kiber ekspertizası sahəsində hələ də ciddi praktiki inkişafa ehtiyac var.”

Şahnigar Əhmədova, “İki sahil”