21 avqust 2026 21:12
283

Xocavənddə traktor minaya düşüb, sürücü xəsarət alıb - YENİLƏNİB

Xocavənd rayonunun Düdükçü kəndi ərazisində baş vermiş mina partlayışı hadisəsi nəticəsində xəsarət alan 1983-cü il təvəllüdlü şəxs (kişi) avqustun 21-də saat14:30 radələrində Füzuli Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.

“İki sahil” xəbər verir ki, bu barədə Trend-in sorğusuna cavab olaraq Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) məlumat verilib.

Bildirilib ki, başın, boyunun və üzün sol yarısının çoxsaylı qəlpə yaraları, yuxarı ətrafın və budun çoxsaylı qəlpə yaraları diaqnozu təyin edilən pasiyentə zəruri tibbi xidmətlər göstərilib.

"Vəziyyəti stabil qiymətləndirilən şəxs ambulator müalicə üçün evə buraxılıb", - deyə məlumatda qeyd edilib.

***

Xocavənddə traktor minaya düşüb, sürücü xəsarət alıb.

“İki sahil” xəbər verir ki, bu barədə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi, Baş Prokurorluğu və Minatəmizləmə Agentliyinin (ANAMA) Mətbuat xidmətlərinin birgə məlumatında qeyd edilib.

Bildirilib ki, işğaldan azad edilmiş Xocavənd rayonunun Düdükçü kəndi ərazisində avqustun 21-də mina partlayışı hadisəsi baş verib:

"Sumqayıt şəhər sakini 1983-cü il təvəllüdlü Şirinov Ramal Qiyas oğlunun minatəmizləmə fəaliyyəti başa çatmayan ərazidə idarə etdiyi traktor minaya düşüb. Hadisə zamanı Şirinov Ramal müxtəlif bədən xəsarətləri alıb.

Faktla bağlı Xocavənd rayon prokurorluğunda araşdırma aparılır".

"ANAMA, AR DİN və Baş Prokurorluq bir daha vətəndaşları təhlükəsizlik qaydalarına riayət etməyə, mina təhlükəsi işarələrinin göstəricilərinə diqqətlə yanaşmağa, şübhəli əşyalara toxunmamağa, bələd olmadıqları ərazilərə daxil olmamağa, çəpərləmə fəaliyyəti aparılan ərazilərə müdaxilə etməməyə çağırır", - deyə məlumatda bildirilib.