Almaniya Dövlət Qulluqçuları Birliyinin hesablamalarına görə, hazırda dövlətin öz vəzifələrini yerinə yetirməsi üçün 631 min əməkdaş çatışmır.
“İki sahil” xəbər verir ki, bu barədə asociasiyanın illik sorğusunun nəticələrinə əsasən, Dövlət Qulluqçuları Birliyinin sədri Folker Qayer "Frankfurter Allgemeine Zeitung" qəzetinə müsahibəsində məlumat verib.
"Biz 631 min əlavə əməkdaşa ehtiyacın olmasından çıxış edirik", — deyə o, müvafiq sualı cavablandırarkən bildirib. Eyni zamanda, Qayer bu rəqəmlərin tamamilə əsaslı olduğunu vurğulayıb.

"Bebi-bumerlər nəsli təqaüdə çıxır — bu, hər il personalın 2%-i deməkdir. Bu vəzifələrin heç də hamısı yenidən təmin olunmayıb. Bundan əlavə, təhlükəsizlik sahəsində dəyişən vəziyyətə nəzər salan hər kəs nə üçün daha çox polisə ehtiyacımız olduğunu dərhal anlamalıdır. Məsələn, silah gəzdirməyə qoyulan yeni qadağa zonalarına nəzarət böyük insan resursları tələb edir", — deyə, sədr qeyd edib.
Birlik kadr ehtiyacını ilk növbədə xəstələrə və yaşlılara qulluq sahəsində (125,2 min yer), məktəblərdə (120 min yer) və yerli idarəetmə orqanlarında (112 min yer) görür. Birlik polis və Bundesver üçün ümumilikdə 92 min əlavə əməkdaş tələb edir. Bundan əlavə, Qayerin sözlərinə görə, vergi orqanlarında da əlavə iş yerləri yaradılmalıdır.
"Əlavə iş yerlərinin yaradılması məhz maliyyə idarəsində özünü doğruldayır. Vergi müstəntiqlərinin sayının artması dövlət xəzinəsinə xeyir gətirir. Süni intellekt onların işini sadələşdirə bilər, lakin onları əvəz edə bilməz", — deyə o yekunlaşdırıb.