27 avqust 2026 01:28
109

Özbəkistan mətbuatı Azərbaycan Prezidentinin dövlət səfərinin nəticələrini geniş işıqlandırıb

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Özbəkistan Respublikasına dövlət səfəri bu ölkənin aparıcı media resurslarının diqqət mərkəzində olub. Səfər ərəfəsində və səfər günlərində Özbəkistanın xəbər saytlarında Azərbaycan Prezidentinin keçirdiyi görüşlər, iştirak etdiyi tədbirlər, imzalanan sənədlər və əldə olunan razılaşmalar barədə çoxsaylı materiallar dərc edilib.

“İki sahil” xəbər verir ki, Özbəkistanın “uza.uz”, “daryo.uz”, “qalampir.uz”, “dunyo.info”, “podrobno.uz”, “uzdaily.uz”, “kun.uz”, “gazeta.uz”, “yuz.uz”, “anhor.uz”, “aniq.uz”, “xabar.uz”, “vzqlyad.uz”, “zamon.uz”, “vaqt.uz” və digər xəbər resurslarında yayımlanan yazılarda Azərbaycan Prezidentinin dövlət səfərinin iki ölkə arasında münasibətlərin inkişafında mühüm mərhələ olduğu vurğulanıb.

Səfər ərəfəsində yayımlanan materiallarda Prezident İlham Əliyevin Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin dəvəti ilə avqustun 23-24-də Özbəkistanda dövlət səfərində olacağı bildirilib. Yazılarda səfər çərçivəsində Daşkənddə Azərbaycan və Özbəkistan prezidentlərinin iştirakı ilə yüksək səviyyəli danışıqların, eləcə də Ali Dövlətlərarası Şuranın üçüncü iclasının keçirilməsinin nəzərdə tutulduğu diqqətə çatdırılıb.

Özbəkistan mediası qarşıdakı danışıqların gündəliyində iki ölkə arasında strateji tərəfdaşlıq və müttəfiqlik münasibətlərinin daha da inkişaf etdirilməsi, siyasi dialoqun möhkəmləndirilməsi, ticarət dövriyyəsinin artırılması, işgüzar dairələr və regionlar arasında əməkdaşlığın genişləndirilməsi, nəqliyyat-tranzit imkanlarından səmərəli istifadə kimi məsələlərin yer aldığını bildirib. Eyni zamanda, dövlət başçılarının beynəlxalq və regional siyasətin aktual məsələləri ətrafında fikir mübadiləsi aparacaqları, görüşlərin yekununda mühüm sənədlərin imzalanacağı qeyd olunub.

Avqustun 23-də Azərbaycan Prezidentinin Daşkəndə dövlət səfəri ilə bağlı materiallar Özbəkistan mətbuatının əsas xəbər mövzularından birinə çevrilib. Belə ki, “dunyo.info”, “podrobno.uz” və “uzdaily.uz” saytlarında yayımlanan xəbərlərdə Prezident İlham Əliyevin Daşkəndə gəldiyi, burada rəsmi qarşılanma mərasiminin keçirildiyi və səfər proqramının əsas tədbirlərinin başlanıldığı bildirilib.

“Anhor.uz” və “dunyo.info” resurslarında Azərbaycan Prezidentinin “Kuksaroy” Dövlət İqamətgahında rəsmi qarşılanma mərasiminə xüsusi yer ayrılıb. Yazılarda Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin Azərbaycan Prezidentini qarşılaması, iki ölkənin dövlət bayraqlarının qaldırılması, dövlət himnlərinin səsləndirilməsi və fəxri qarovul dəstəsinin önündən keçid mərasimi barədə məlumat verilib.

Azərbaycan Prezidentinin Özbəkistan səfərinin əsas siyasi tədbiri – iki ölkə liderlərinin görüşü və Ali Dövlətlərarası Şuranın üçüncü iclası da yerli medianın geniş diqqətini cəlb edib. “Kun.uz”, “daryo.uz” və “gazeta.uz” saytlarında yayımlanan materiallarda Prezident İlham Əliyev və Prezident Şavkat Mirziyoyev arasında təkbətək görüşün keçirildiyi, daha sonra nümayəndə heyətlərinin iştirakı ilə danışıqların davam etdirildiyi bildirilib.

Nəşrlərdə iki ölkə arasında strateji tərəfdaşlıq və müttəfiqlik münasibətlərinin mövcud səviyyəsinin yüksək qiymətləndirildiyi, əlaqələrin siyasi, iqtisadi, nəqliyyat-logistika, humanitar və digər istiqamətlərdə daha da genişləndirilməsi perspektivlərinin müzakirə olunduğu vurğulanıb.

Özbəkistan mediası dövlət başçılarının iştirakı ilə bir sıra yeni birgə layihələrin icrasına başlanılmasını da geniş işıqlandırıb. “Kun.uz”, “daryo.uz” və “qalampir.uz” saytlarında dərc olunan yazılarda bank sektoru, müasir tikinti materiallarının istehsalı, təhsil müəssisələrinin yaradılması, avtomobillərə yanacaqdoldurma infrastrukturunun qurulması, turizm və yaşayış komplekslərinin inşası, mineral xammalın emalı və bağçılığın inkişafı ilə bağlı layihələrdən bəhs edilib.

Yazılarda bu layihələrin yalnız ayrı-ayrı iqtisadi sahələrin inkişafına deyil, həm də iki ölkənin işgüzar dairələri arasında əlaqələrin genişlənməsinə, qarşılıqlı investisiyaların artmasına və yeni iş yerlərinin yaradılmasına xidmət edəcəyi vurğulanıb.

Azərbaycan və Özbəkistan prezidentlərinin qarşılıqlı olaraq ali dövlət mükafatları ilə təltif olunması da Özbəkistan mətbuatında geniş əksini tapıb. “Aniq.uz”, “dunyo.info” və “gazeta.uz” saytlarında yayımlanan materiallarda Prezident İlham Əliyevin Özbəkistanın ali dərəcəli “Dostluq” ordeni, Prezident Şavkat Mirziyoyevin isə Azərbaycanın “Heydər Əliyev” ordeni ilə təltif olunduqları bildirilib.

Məqalələrdə iki ölkə liderlərinin qarşılıqlı şəkildə ali dövlət mükafatlarına layiq görülməsi Azərbaycan-Özbəkistan münasibətlərinin yüksək səviyyəsini, xalqlar arasında qardaşlıq və dostluq əlaqələrinin möhkəmliyini nümayiş etdirən mühüm hadisə kimi təqdim olunub.

Özbəkistan mediasının xüsusi diqqət yetirdiyi digər mühüm hadisə Azərbaycan və Özbəkistan prezidentləri tərəfindən Əbədi dostluq haqqında Müqavilənin imzalanması olub. “Yuz.uz”, “daryo.uz” və “gazeta.uz” saytlarında dərc edilən materiallarda dövlət başçılarının yüksək səviyyəli danışıqların yekununda bu tarixi sənədi imzaladıqları bildirilib.

Yazılarda, həmçinin Ali Dövlətlərarası Şuranın üçüncü iclasının qərarının imzalanması, pensiya təminatı, mədəniyyət, turizm, ticarət, investisiya, xarici işlər və ədliyyə sahələrində əməkdaşlığa dair sənədlərin, eləcə də şəhərlər arasında qardaşlıq əlaqələrinin yaradılmasına dair protokolların imzalanması barədə məlumat verilib. Bu sənədlərin ikitərəfli münasibətlərin hüquqi bazasının daha da möhkəmləndirilməsinə və praktiki əməkdaşlığın genişləndirilməsinə imkan yaradacağı diqqətə çatdırılıb.

Azərbaycan Prezidentinin Daşkənddə Heydər Əliyev abidə kompleksini ziyarət etməsi də “yuz.uz” və “uza.uz” saytlarının materiallarında yer alıb. Bildirilib ki, Prezident İlham Əliyev Özbəkistanın Baş naziri Abdulla Aripovun müşayiəti ilə abidə kompleksinə gəlib, abidənin önünə əklil qoyaraq müasir müstəqil Azərbaycan dövlətinin qurucusu, görkəmli siyasi və dövlət xadimi Heydər Əliyevin xatirəsini ehtiramla yad edib.

Özbəkistan mediası Azərbaycan Prezidentinin “Yeni Daşkənd” şəhərsalma layihəsi ilə tanış olmasına da geniş yer verib. “Xabar.uz”, “vzqlyad.uz” və “uz.kursiv.media” saytlarında yayımlanan xəbərlərdə layihənin müasir şəhərsalma konsepsiyası əsasında həyata keçirildiyi bildirilib.

Məqalələrdə “Yeni Daşkənd” layihəsinin iqtisadiyyat, investisiya siyasəti, nəqliyyat, təhsil, ekologiya və rəqəmsal texnologiyaları vahid məkanda birləşdirən yeni şəhərsalma modeli olduğu qeyd edilib. Layihənin başa çatdırılmasından sonra 260 mindən çox yeni iş yerinin yaradılmasının nəzərdə tutulduğu diqqətə çatdırılıb.

Azərbaycan və Özbəkistan prezidentlərinin Daşkənddə Nizami Gəncəvi adına Milli Pedaqoji Universitetin yeni kampusunun açılış mərasimində iştirakı da yerli media tərəfindən geniş işıqlandırılıb. “Daryo.uz”, “kun.uz” və “gazeta.uz” saytlarında yayımlanan materiallarda universitetin yeni binasında yaradılan müasir tədris imkanlarından bəhs olunub.

Yazılarda bu layihənin Azərbaycan ilə Özbəkistan arasında təhsil və humanitar sahələrdə əməkdaşlığın daha da inkişaf etdirilməsi baxımından əhəmiyyəti vurğulanıb. Universitetin adının Azərbaycanın böyük şairi və mütəfəkkiri Nizami Gəncəvinin adını daşımasının iki ölkə arasında ortaq tarixi və mədəni bağların daha bir ifadəsi olduğu diqqətə çatdırılıb.

Özbəkistan mətbuatında “Yeni Daşkənd”də “Azərbaycan” parkının təməlinin qoyulması da xüsusi hadisə kimi təqdim edilib. “Uza.uz”, “qalampir.uz” və “daryo.uz” saytlarında bildirilib ki, Prezident İlham Əliyev və Prezident Şavkat Mirziyoyev yeni şəhərdə “Azərbaycan” parkının təməlini qoyublar.

Məqalələrdə parkın Azərbaycanın zəngin mədəniyyətini, çoxəsrlik tarixini və milli ənənələrini əks etdirən mühüm ictimai məkan olacağı qeyd edilib. Layihənin Azərbaycan və Özbəkistan xalqları arasında dostluğun, qarşılıqlı hörmətin və mədəni yaxınlığın növbəti rəmzinə çevriləcəyi vurğulanıb.

Azərbaycanın və Özbəkistanın birinci xanımları Mehriban Əliyeva və Ziroat Mirziyoyevanın görüşü də Özbəkistan mediasının diqqət mərkəzində olub. “Yuz.uz, “uzdaily.uz” və “zamon.uz” saytlarında yayımlanan materiallarda birinci xanımların birgə proqram çərçivəsində İslam Sivilizasiyası Mərkəzini ziyarət etdikləri bildirilib.

Yazılarda Mehriban Əliyeva və Ziroat Mirziyoyevanın mərkəzdə nümayiş etdirilən, Özbəkistan və Azərbaycan xalqları arasında çoxəsrlik tarixi-mədəni əlaqələri əks etdirən ekspozisiyalarla tanış olduqları qeyd olunub. Həmçinin iki ölkə arasında humanitar və mədəni əlaqələrin daha da möhkəmləndirilməsinin əhəmiyyəti vurğulanıb, Azərbaycan və Özbəkistan xalqlarını ortaq tarix, mədəni ənənələr və mənəvi dəyərlərin birləşdirdiyi bildirilib.

Avqustun 24-də Azərbaycan Prezidenti İlham Əliyevin Özbəkistan Prezidenti Şavkat Mirziyoyev və ailə üzvləri ilə birlikdə qədim Buxaraya səfəri də ölkə mediasında geniş işıqlandırılıb. “Uza.uz”, “daryo.uz” və “yuz.uz” saytlarında yayımlanan xəbərlərdə azərbaycanlı qonaqların Buxaranın zəngin tarixi-mədəni irsi ilə tanış olduqları bildirilib.

Məqalələrdə Samanilər məqbərəsi, “Ark” qalası və “Poyi-Kalon” kompleksinin ziyarət edildiyi qeyd olunub. Qonaqlara bu tarixi abidələrin yaranma tarixi, memarlıq xüsusiyyətləri, eləcə də Şərqdə elm, mədəniyyət və şəhərsalmanın inkişafındakı rolu barədə məlumat verildiyi bildirilib.

Yazılarda Buxaranın xalq sənətkarlığı ənənələrinə də diqqət çəkilib. Azərbaycanlı qonaqlara qədim şəhərin tarixi-mədəni irsini və xalq sənətkarlığı nümunələrini əks etdirən müxtəlif təqdimatların keçirildiyi qeyd olunub. Səfərin bu hissəsi iki ölkənin zəngin tarixi və mədəni irsi arasında yaxınlığın daha bir nümayişi kimi qiymətləndirilib.

Özbəkistanın “zamon.uz” və “vaqt.uz” saytları isə Azərbaycan Prezidentinin dövlət səfərinin başa çatmasına dair materiallar yayımlayıblar. Yazılarda Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın Buxara Beynəlxalq Hava Limanında Özbəkistan Prezidenti Şavkat Mirziyoyev və xanımı Ziroat Mirziyoyeva tərəfindən yola salındıqları bildirilib.

Ümumilikdə Özbəkistan mətbuatında Azərbaycan Prezidentinin dövlət səfəri ilə bağlı yayımlanan materialların genişliyi və mövzu müxtəlifliyi səfərə yerli medianın yüksək marağını nümayiş etdirib. Xəbər və məqalələrdə səfərin siyasi, iqtisadi, investisiya, nəqliyyat-logistika, təhsil, humanitar və mədəni aspektləri əhatə olunub.

Özbəkistan nəşrləri Azərbaycan və Özbəkistan arasında münasibətlərin strateji tərəfdaşlıq və müttəfiqlik səviyyəsində inkişaf etdiyini xüsusi vurğulayıblar. Materiallarda dövlət başçılarının siyasi iradəsi, qarşılıqlı etimada əsaslanan münasibətlər və əldə olunan konkret razılaşmaların ikitərəfli əlaqələrin gələcək inkişafı üçün möhkəm zəmin yaratdığı qeyd olunub.

Mətbuatda xüsusilə Əbədi dostluq haqqında Müqavilənin imzalanması, Ali Dövlətlərarası Şuranın üçüncü iclasının keçirilməsi, yeni birgə iqtisadi layihələrə start verilməsi, təhsil və mədəniyyət sahələrində təşəbbüslərin həyata keçirilməsi, “Azərbaycan” parkının təməlinin qoyulması və dövlət başçılarının qarşılıqlı ali dövlət mükafatları ilə təltif olunması səfərin mühüm nəticələri kimi önə çəkilib.

Beləliklə, Azərbaycan Prezidentinin Özbəkistana dövlət səfəri bu ölkənin aparıcı informasiya resurslarında geniş və müsbət kontekstdə işıqlandırılıb. Özbəkistan mediasının materiallarında səfər iki qardaş ölkə arasında münasibətlərin daha da dərinləşdirilməsi, qarşılıqlı faydalı əməkdaşlığın yeni istiqamətlər üzrə genişləndirilməsi və Azərbaycan-Özbəkistan əlaqələrinin gələcək inkişafı baxımından mühüm hadisə kimi təqdim olunub.