27 avqust 2026 12:51
112

Uşaqlarda autizmin hansı əlamətləri erkən görünür?

Autizm spektr pozuntusu sosial ünsiyyət və qarşılıqlı əlaqədə çətinliklər yaratmaqla yanaşı, təkrarlanan davranışlar və bir sıra fərqliliklərlə özünü göstərə bilər. Mütəxəssislər bildirirlər ki, bəzi əlamətlər erkən yaşlarda müşahidə olunduğundan valideynlərin uşağın inkişafını diqqətlə izləməsi vacibdir.

Uşaq və Yeniyetmə Psixiatriyası üzrə türkiyəli mütəxəssis, dosent Melek Gözde Luş autizm spektr pozuntusunun əsas xüsusiyyətləri, erkən yaşlarda müşahidə olunan əlamətləri, eləcə də dil və sosial ünsiyyət sahəsində yarada biləcəyi çətinliklər barədə açıqlamalar verib.

Melek Gözde Luş autizmi sosial ünsiyyət və qarşılıqlı əlaqədə yaranan çətinliklərlə yanaşı, təkrarlanan və stereotip davranışlar, həmçinin həssaslıqlarla müşayiət olunan neyroinkişaf pozuntusu kimi xarakterizə edib. Onun sözlərinə görə, hazırda autizm tək bir vəziyyət kimi deyil, müxtəlif xüsusiyyətlərin və fərqli səviyyədə təzahürlərin bir arada olduğu “autizm spektr pozuntusu” anlayışı çərçivəsində qiymətləndirilir.

Mütəxəssis bildirib ki, əvvəllər Asperger sindromu və atipik autizm kimi ayrıca diaqnozlarla ifadə olunan bəzi hallar da hazırda autizm spektri daxilində qiymətləndirilir. Bu spektrdə xüsusilə sosial ünsiyyət və əlaqə sahəsində çətinliklər ön plana çıxır. Mütəxəssis autizm spektrinə aid bəzi əlamətlərin təxminən 1,5 yaşından etibarən nəzərə çarpa biləcəyini bildirib: “Uşağın sosiallaşmaqda çətinlik çəkməsi, adı ilə müraciət etdikdə baxmaması və ya çağırışa reaksiya verməməsi erkən yaşlarda diqqət çəkə bilən əlamətlər arasındadır. Bundan əlavə, uşağın valideynləri ilə oynanan qarşılıqlı oyunlara qoşulmaması, hər hansı əşyaya və ya istiqamətə işarə edildikdə həmin yerə baxmaması, ətrafındakı insanlara və hadisələrə gözlənilən səviyyədə maraq göstərməməsi də sosial ünsiyyət baxımından qiymətləndirilməli olan əlamətlər sırasındadır.”

Autizm spektrində dil inkişafının müxtəlif formalarda təsirlənə bildiyini bildirən mütəxəssis uşağın ümumiyyətlə danışmamasının, nitqinin yaşıdlarından geri qalmasının və ya nitqi inkişaf etsə belə, dildən sosial ünsiyyət məqsədilə uyğun şəkildə istifadə etməməsinin mümkün olduğunu deyib. Luş xüsusilə yeniyetməlik və yetkinlik dövründə də müəyyən çətinliklərin müşahidə oluna biləcəyini qeyd edib. Onun sözlərinə görə, məcazi ifadələri anlamaqda çətinlik, sosial ünsiyyəti öz təşəbbüsü ilə başlada bilməmək və müxtəlif sosial mühitlərə uyğun dildən istifadə etməkdə çətinlik də autizm spektrində müşahidə oluna bilər. Mütəxəssis bu xüsusiyyətlərin autizm spektrində olan şəxslərdə fərqli formalarda və müxtəlif səviyyələrdə özünü göstərə biləcəyini vurğulayıb.

Autizmin digər mühüm xüsusiyyətlərindən birinin davranış fərqlilikləri olduğunu bildirən Luş təkrarlanan hərəkətlərin və stereotip davranışların da müşahidə oluna biləcəyini deyib. Bununla yanaşı, bəzi uşaqlarda qıcıqlandırıcı davranışlara qarşı həddindən artıq həssaslıq, bəzilərində isə qıcıqlandırıcı amillərə gözləniləndən daha az reaksiya müşahidə edilə bilər: “Səs, işıq, toxunma və digər hissi qıcıqlandırıcılara reaksiyalar insandan insana dəyişə bilər. Buna görə də autizm spektr pozuntusunun bütün şəxslərdə eyni formada özünü göstərmədiyini, əlamətlərin müxtəlif insanlarda fərqli səviyyədə və formada ortaya çıxa biləcəyini unutmaq olmaz.”

Luş qeyd edib ki, erkən yaşlarda sosial ünsiyyət, dil inkişafı və davranışla bağlı müşahidə olunan fərqlərin vaxtında qiymətləndirilməsi uşağın ehtiyaclarının müəyyənləşdirilməsi və inkişafının dəstəklənməsi baxımından mühüm əhəmiyyət daşıyır.

Şahnigar Əhmədova, “İki sahil”