12 fevral 2026 21:18
180

Rəqəmsal arxitektura: ÖLKƏNİ REGİONAL DATA MƏRKƏZƏ ÇEVİRƏN YOL

Ekspert: Güclü rəqəmsal infrastruktur daha sürətli və keyfiyyətli xidmətlərin göstərilməsinə, ölkənin regional data hub kimi formalaşmasına imkan açır

Son illər Azərbaycanın sosial-iqtisadi inkişaf kursunda müşahidə olunan əsas tendensiya iqtisadiyyatın keyfiyyətcə yeni mərhələyə keçidi ilə xarakterizə olunur. Əgər əvvəlki dövrlərdə prioritet əsasən infrastruktur quruculuğu və enerji layihələrinin genişləndirilməsi idisə, hazırda diqqət rəqəmsal transformasiya, innovasiya və yüksək texnologiyalara əsaslanan inkişaf modelinə yönəlib. Bu yanaşma təsadüfi deyil. Qlobal miqyasda rəqabət qabiliyyəti artıq təkcə təbii resurslarla deyil, məlumatın idarə olunması, süni intellekt imkanları və çevik rəqəmsal infrastrukturla müəyyən olunur.

Ölkədə genişzolaqlı internet şəbəkəsinin əhatə dairəsinin artırılması, dövlət xidmətlərinin rəqəmsallaşdırılması, bulud infrastrukturunun qurulması və vahid data mühitinin formalaşdırılması istiqamətində atılan addımlar yeni iqtisadi modelin texnoloji əsasını yaradıb. “Onlayn Azərbaycan” layihəsi çərçivəsində həyata keçirilən tədbirlər regionlararası rəqəmsal fərqin azaldılmasına, biznes mühitində şəffaflığın artırılmasına və vətəndaş-məmur təmasının minimuma endirilməsinə xidmət edir. Bu isə həm idarəetmənin səmərəliliyini yüksəldir, həm də iqtisadi aktivliyin genişlənməsinə şərait yaradır.

Qəbul edilmiş Süni İntellekt Strategiyası (2025–2028-cü illər) və Rəqəmsal İqtisadiyyat Strategiyası (2026–2029-cu illər) bu prosesin sistemli və mərhələli şəkildə davam etdirilməsini nəzərdə tutur. Strategiyalarda süni intellektin dövlət idarəçiliyində tətbiqi, yüksək hesablama infrastrukturlarının yaradılması, böyük həcmli məlumatların analitik emalı və innovasiya ekosisteminin genişləndirilməsi əsas istiqamətlər kimi müəyyənləşdirilib. Bu sənədlər göstərir ki, məqsəd sadəcə texnologiyadan istifadə etmək deyil, qərarvermə prosesini data əsaslı modelə keçirməklə dövlət idarəçiliyində keyfiyyət dəyişikliyinə nail olmaqdır. Müasir mərhələdə düzgün və vaxtında qəbul edilən qərarlar iqtisadi artımın, sosial sabitliyin və investisiya cəlbediciliyinin əsas şərtlərindən biridir.

Eyni zamanda, yaşıl enerji layihələrinin genişləndirilməsi və bərpaolunan enerji potensialının artırılması rəqəmsal iqtisadiyyatla birbaşa bağlıdır. Süni intellekt və data mərkəzləri yüksək enerji tutumuna malik infrastrukturlar tələb edir. Azərbaycanın artan generasiya gücü və sərbəst enerji ehtiyatları bu sahədə strateji üstünlük yaradır. Enerji və rəqəmsal texnologiyaların sinxron inkişafı ölkənin regional rəqəmsal mərkəzə çevrilməsi üçün real zəmin formalaşdırır.

Yeni rəqəmsal arxitektura

Fevralın 11-də dövlət başçısının “Azərbaycanın yeni rəqəmsal arxitekturası”na həsr olunmuş müşavirədə səsləndirdiyi fikirlər rəqəmsal inkişafın artıq ayrıca sektor deyil, ümumi inkişaf strategiyasının ayrılmaz hissəsi kimi qəbul edildiyini göstərir. Süni intellektin tətbiqi, data mərkəzlərinin yaradılması və rəqəmsallaşma islahatlarının ölkələrin gələcək mövqeyini müəyyən edən əsas amillər sırasında qeyd olunması Azərbaycanın bu sahədə uzunmüddətli hədəflər müəyyənləşdirdiyini təsdiqləyir. Xüsusilə enerji generasiya gücü və sərbəst potensialın data mərkəzləri üçün baza kimi qiymətləndirilməsi məsələyə strateji baxışın göstəricisidir.

Rəqəmsallaşma prosesinin effektivliyi isə təkcə texniki imkanlarla deyil, institusional koordinasiya ilə şərtlənir. Dövlət qurumları arasında qarşılıqlı əlaqənin gücləndirilməsi, vahid fəaliyyət planının hazırlanması və hər bir qurumda rəqəmsallaşma, süni intellekt və kibertəhlükəsizlik üzrə məsul şəxslərin müəyyən edilməsi idarəetmədə vahid mexanizmin formalaşmasına xidmət edir. Beynəlxalq təcrübə göstərir ki, süni intellekt siyasətinin uğurlu icrası mərkəzləşdirilmiş koordinasiya və aydın məsuliyyət bölgüsü tələb edir. Qabaqcıl ölkələrdə bu istiqamətdə xüsusi ofislər və məsləhətçi şuralar fəaliyyət göstərir, dövlət strukturları ilə yanaşı akademik və özəl sektor nümayəndələri prosesə cəlb olunur. Bu model qərarların həm strateji, həm də praktik baxımdan əsaslandırılmasını təmin edir.

Azərbaycanın seçdiyi istiqamət də məhz bu yanaşma ilə uzlaşır. Rəqəmsal inkişaf, informasiya təhlükəsizliyi və süni intellekt üzrə vahid idarəetmə mexanizminin qurulması uzunmüddətli dayanıqlığın əsas şərtidir. Çünki rəqəmsallaşma yalnız texnologiya deyil, həm də hüquqi çərçivə, məlumatların qorunması, etik standartlar və kibertəhlükəsizlik sisteminin gücləndirilməsi deməkdir.

Bütün bunlar fonunda beynəlxalq əməkdaşlıq amili xüsusi əhəmiyyət kəsb edir. Süni intellekt, data mərkəzləri və rəqəmsal infrastruktur üzrə əməkdaşlıq istiqamətlərinin strateji tərəfdaşlıq sənədlərində əks olunması Azərbaycanın bu sahədə qlobal inteqrasiyaya açıq olduğunu göstərir. Enerji və nəqliyyat infrastrukturu, fiber-optik bağlantı imkanları və sabit investisiya mühiti ölkəni beynəlxalq texnologiya şirkətləri üçün cəlbedici platformaya çevirir.

Beləliklə, formalaşan yeni rəqəmsal arxitektura iqtisadiyyatın şaxələndirilməsi, məhsuldarlığın artırılması və qlobal rəqabət qabiliyyətinin möhkəmləndirilməsi baxımından strateji mərhələni ifadə edir. Enerji resursları ilə yüksək texnologiyaların inteqrasiyası Azərbaycanın gələcək inkişaf modelinin əsas konturlarını müəyyən edir. Bu modeldə süni intellekt və rəqəmsal infrastruktur artıq seçim deyil, davamlı və dayanıqlı inkişafın fundamental dayağı kimi çıxış edir.

Rəqəmsal arxitektura nədir?

Formalaşmaqda olan yeni rəqəmsal inkişaf mərhələsi yalnız iri infrastruktur layihələri və strateji sənədlərlə məhdudlaşmır. Bu prosesin arxasında dayanan konseptual yanaşma, texnoloji məntiq və institusional çərçivə də ən azı siyasi iradə qədər əhəmiyyətlidir. Çünki rəqəmsallaşma ayrı-ayrı platformaların və xidmətlərin tətbiqi deyil, bütöv bir ekosistemin qurulması deməkdir. Məhz bu baxımdan “rəqəmsal arxitektura” anlayışı xüsusi diqqət çəkir. Məsələnin mahiyyətini daha dərindən anlamaq üçün mövzu ilə bağlı ekspertin yanaşması prosesin həm texniki, həm də strateji tərəflərini aydın şəkildə ortaya qoyur.

İnformasiya texnologiyaları üzrə mühəndis-tədqiqatçı Bəhruz Əliyev mövzu ilə bağlı “İki sahil”ə açıqlamasında qeyd etdi ki, rəqəmsal arxitektura informasiya sistemlərinin, platformaların və rəqəmsal xidmətlərin vahid məntiq və standartlaşdırılmış infrastruktur üzərində qurulmasını ifadə edir. Onun sözlərinə görə, bu anlayış mahiyyət etibarilə rəqəmsal ekosistemin formalaşdırılması deməkdir.

Rəqəmsal arxitekturanın əsas komponentlərinə texnoloji təbəqə, məlumat arxitekturası, təhlükəsizlik və etibarlılıq mexanizmləri, eləcə də idarəetmə və standartlar daxildir. Bu sistem bütövlükdə rəqəmsal mühitin dayanıqlı və koordinasiyalı şəkildə fəaliyyət göstərməsini təmin edən bir növ “rəqəmsal onurğa sütunu” rolunu oynayır.

Data mərkəzləri və kibersuverenlik məsələsi

Bəhruz Əliyevin fikrincə, belə bir arxitekturanın qurulması zamanla köhnə sistemlərin mərhələli şəkildə modernləşdirilməsini zəruri edir. Texnoloji yeniliklərə uyğunlaşma, vahid standartların tətbiqi və kadr potensialının təkmilləşdirilməsi bu prosesin ayrılmaz hissəsidir. Data mərkəzlərinin yaradılması təkcə texnoloji layihə deyil, həm də milli kibersuverenliyin mühüm elementlərindən biridir.

Güclü rəqəmsal infrastruktur daha sürətli və keyfiyyətli xidmətlərin göstərilməsinə, ölkənin regional data hub kimi formalaşmasına və bulud xidmətləri bazarının inkişafına geniş imkanlar açır. Bununla yanaşı, məlumatların ölkə daxilində saxlanılması, xarici platformalardan texnoloji asılılığın azalması və kiberhücumlara qarşı dayanıqlılığın artırılması baxımından da mühüm əhəmiyyət daşıyır.

Ekspertin qənaətinə görə, sadalanan bütün bu amillər ümumilikdə rəqəmsal dəyər yaradır və müasir dünyanın texnoloji inkişafının gətirdiyi inkaredilməz, strateji əhəmiyyətə malik üstünlüklər kimi qiymətləndirilməlidir.

Nigar Orucova, "İki sahil"