10 aprel 2026 18:07
167

Biz dünya miqyasında nadir bir təcrübəyə malikik - TƏHLİL

Dövlət başçısı İlham Əliyevin hər bir çıxışı Azərbaycanı Qələbəyə və sülhə aparan  yolun təqdimatıdır

"Biz Ermənistanla sülhə nail olduq, - biz deyərkən Azərbaycanı nəzərdə tuturam, – israr etdik ki, bunu vasitəçilərsiz təmin edək. Özlərini Minsk qrupu adlandıran vasitəçilərin 28 illik fəaliyyəti bir fəlakət idi. Həmsədrlərin məqsədi münaqişəni dondurmaq, onu əbədiləşdirmək və hər iki ölkəyə qarşı təzyiq aləti kimi istifadə etmək idi. Biz qərara gəldik ki, bu dırnaqarası vasitəçilikdən qurtulmalıyıq və ikitərəfli formatda – heç bir üçüncü tərəf olmadan fəaliyyətə başlayan kimi sülhə nail olduq. Beləliklə, bu bir təcrübədir və bu, sadəcə, nəzəriyyə deyil, bu, bizim yaşadığımız, indi isə şahid olduğumuz bir reallıqdır. Hesab edirəm ki, mövcud münaqişələrin həlli istiqamətində çalışarkən bu məsələ mütləq nəzərə alınacaq."  Dövlət başçısı İlham Əliyev, eyni zamanda, bildirir ki, biz işğal olunmuş əraziləri güc vasitəsilə azad etdik və sülhə siyasi yollarla nail olduq. Beləliklə, biz dünya miqyasında nadir bir təcrübəyə malikik.

Azərbaycan 44 günlük İkinci Qarabağ müharibəsində tarixi Zəfərə imza atdıqdan sonra  regionda dayanıqlı inkişafın təmin edilməsi, Ermənistanla münasibətlərdə yeni səhifə açmaq üçün qarşı tərəfə sülh təklifini etdi. Sülhə nail olmaq üçün  müxtəlif  məkanlarda və tərkiblərdə görüşlər oldu. Azərbaycan sülh müqaviləsinin imzalanması üçün üzərinə düşən bütün öhdəlikləri  yüksək səviyyədə yerinə yetirməklə bərabər, bunu Ermənistandan da tələb etdi.   Ötən  ilin avqustunda dövlət başçısı İlham Əliyevin ABŞ-a işgüzar səfərinə qədər sülh müqaviləsinin imzalanması yönümündə Azərbaycan tərəfinin atdığı addımların xronologiyası bəllidir. Avqustun  8-də Vaşinqtonda, Ağ Evdə ABŞ, Azərbaycan və Ermənistan liderlərinin iştirakı ilə Azərbaycanın və Ermənistanın xarici işlər nazirləri sülh müqaviləsinin mətnini parafladılar, həmçinin həmin gün Azərbaycan Prezidenti və Ermənistanın Baş naziri Birgə Bəyanat imzaladılar. ABŞ Prezidenti Donald Tramp da buna şahid qismində imza atdı. Bundan əlavə, Azərbaycan və Ermənistan artıq sülh prosesinə aidiyyəti olmayan köhnəlmiş mexanizm kimi ATƏT-in Minsk qrupunun və əlaqədar strukturlarının bağlanması üçün birgə müraciət ünvanladılar.

Regional bağlantıların davamlı sülhün təmin edilməsində əsas faktorlardan biri olduğunu nəzərə alsaq, Vaşinqton Sammitinin mühüm nəticələrindən biri   Zəngəzur dəhlizindən maneəsiz keçidi təmin edəcək və regional bağlantıları möhkəmləndirəcək “Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu” (TRIPP) oldu. Həmin səfər zamanı  Azərbaycanla Birləşmiş Ştatlar arasında Strateji Tərəfdaşlıq Xartiyasının hazırlanması məqsədilə Strateji İşçi Qrupunun yaradılması haqqında iki hökumət arasında Anlaşma Memorandumu imzalandı. Bu, siyasi, iqtisadi, enerji, regional bağlantılar, müdafiə, təhlükəsizlik və digər sahələrdə tərəfdaşlıq üçün yeni üfüqlər açır. Bu ilin fevralaında ABŞ-ın Vitse-prezidenti  Cey. Di. Vensin ölkəmizə rəsmi səfəri çərçivəsində iki ölkə arasında Strateji Tərəfdaşlıq haqqında Xartiya imzalandı. Onu da qeyd edək ki, bu ilin yanvarında Davos Dünya İqtisadi Forumu çərçivəsində ABŞ Prezidenti Donald Trampın təşəbbüsçüsü oldu Sülh Şurasının Nizamnaməsinin imzalanması mərasimi keçirildi. Dövlət başçısı İlham Əliyev bu mərasimdə iştirak etdi və sənədi imzaladı. Bu mühüm addım Azərbaycanın beynəlxalq münasibətlər sistemində rolunun təqdimatında əhəmiyyətli rol oynadı. Ötən ilin avqustundan bu günə cənab İlham Əliyevin ABŞ-a səfərləri, həmçinin Donald Trampla görüşləri Azərbaycan-ABŞ münasibətlərinin yüksələn xətlə inkişafı ilə yanaşı,  dövlətimizin ədalətə və beynəlxalq hüquqa söykənən  siyasətinə dəstəyin aydın ifadəsidir. Bu ilin fevralında cənab İlham Əliyev Sülh Şurasının toplantısında iştirak etmək üçün növnbəti dəfə ABŞ-da işgüzar səfərdə oldu. Azərbaycanın sülh təcrübəsi, regionda dayanıqlı inkişafa verdiyi töhfələr, yeni dünya nizamının formalaşması prosesinə dəstəyi və yanaşmaları beynəlxalq səviyyədə təqdir edilir. Cənab İlham Əliyevin “Zayed İnsan Qardaşlığı Mükafatı”na layiq görülməsi dövlətimizin başçısının həyata keçirdiyi siyasətin, xüsusilə də münaqişədən sülhə keçid modelinin beynəlxalq miqyasda qəbul olunmasının  göstəricisidir. Bu mükafatın Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabi şəhərində  təqdimolunma mərasimi də bu ilin fevral ayında oldu. Qardaş Türkiyənin Prezidenti Rəcəb Tayyib Ərdoğan  həmin mərasimdə bu əminliyi ifadə etdi ki, məqsədi, əhatə dairəsi, məzmunu və ruhu üzərində iki tərəfin də razılıq əldə etdiyi razılaşmanın qüvvəyə minməsi ilə Qafqazın gələcəyində yeni bir səhifənin açılacağına inanıram.  Qafqazda davamlı sülhün bərqərar olması üçün üzərimizə nə düşürsə etməyə, ədalətə əsaslanan dostluq körpülərinin qurulmasında fəal şəkildə çalışmağa, inşallah, davam edəcəyik. Mərasimdəki çıxışlarda bu reallıq xüsusi qeyd edilmişdir ki,  sülh sazişi istiqamətində Azərbaycanın və Ermənistanın əldə etdikləri irəliləyiş tarixi əhəmiyyətə malik dönüş nöqtəsidir. Bu, hətta uzunmüddətli münaqişələrin dialoq, məsuliyyət və təmkinlik vasitəsilə həll oluna biləcəyini nümayiş etdirir.

Azərbaycanın bu gün beynəlxalq münasibətlər sistemində yeri və rolu göz qabağındadır. Müstəqil xarici siyasəti ilə davamlı uğurlara imza atan Azərbaycan regional inkişafın aparıcı qüvvəsinə çevrilib, dünya birliyində etibarlı tərəfdaş kimi nüfuz qazanıb. Dövlət başçısı İlham Əliyevin çıxışlarının mahiyyətində bu məqam da yer alır ki, Azərbaycanın sözü imzası qədər əhəmiyyətlidir. Ölkəmizin, dövlət başçısı İlham Əliyevin təşəbbüsü ilə gerçəkləşən hər bir beynəlxalq tədbir dövlətlər, xalqlar arasında əlaqələri daha da möhkəmləndirir, birliyə, həmrəyliyə böyük töhfə verir. 44 günlük Vətən  müharibəsində Azərbaycanın hərbi və siyasi qələbəsi xarici siyasətində önəm verdiyi bu prinsiplərə bir daha işıq saldı. Bu Qələbə bir daha sübut etdi ki, Azərbaycan heç bir dövlətin diktəsi ilə oturub durmur, siyasətində müstəqildir və xarici siyasətində milli maraqlar öndə dayanır.

İstər ölkə, istərsə də beynəlxalq ekspertlər bu reallığı da qeyd edirlər ki, irəli sürülən təşəbbüslərin dəstəklənməsində Azərbaycan Prezidentinin şəxsi nüfuzu  əsas rol oynayır. Dövlət başçısı İlham Əliyevin  diplomatik təcrübəsi, dünya miqyaslı siyasi lider obrazı 44 günlük İkinci Qarabağ müharibəsi zamanı 30-a yaxın xarici mətbuata verdiyi müsahibələrində bir daha özünü təsdiqləməklə yanaşı, ona olan etimadı, inamı artırdı. Mövqeyindən bir addım belə geri çəkilməmək istəyini real addımları ilə nümayiş etdirən Prezident İlham Əliyevin qətiyyəti sayəsində Azərbaycan yeni reallıqlar, bölgədə yeni əməkdaşlıq formatı yaratdı.  Cənab İlham Əliyev hələ həmin dövrdə verdiyi müsahibələrində Azərbaycanın qələbəsinə inamını nümayiş etdirməklə yanaşı,  regionun gələcəyini necə görmək istədiyini də açıqlamışdı.

Azərbaycan dünyada qlobal problemlərin həllinə töhfə verməyə qadir olan  ölkə kimi tanınır və nüfuz qazanır. COVID-19-la mübarizə tədbirləri İkinci Qarabağ müharibəsi ilə eyni vaxtlara təsadüf etdiyindən Azərbaycanın dünyaya nümunə olan davranışı, səyləri, birlik, həmrəylik çağırışları diqqətdən kənarda qala bilməz. Məhz həmin dövrdə  Azərbaycan “peyvənd millətçiliyi”nə qarşı ən kəskin mübarizə aparan, pandemiyanın qarşısının alınması üçün real iş görən ölkələrdən biri kimi tanındı.

Təbii ki, tarixi Zəfərimizdən sonrakı dövrün uğurlarını bir yazıda tam əhatə etmək mümkün deyil.  Azərbaycan ərazi bütövlüyünü və suverenliyini tam bərpa etməklə yeni dövrə  qədəm qoyub. Dövlətimizin başçısı İlham Əliyevin qeyd etdiyi kimi, biz həm müharibəni udduq, həm də sülhü qazandıq. İşğala son qoyduq və bərpa işlərinə başladıq. Ədalət zəfər çaldı, suverenlik möhkəmləndi və sülh de-fakto təmin olundu. Biz bu müsbət təcrübəmizi paylaşmağa hazırıq. Son illərdə əldə etdiyimiz nailiyyətlər yalnız Azərbaycanın qələbəsi və uğuru deyil. Bu, həm də beynəlxalq hüququn sonda mütləq üstünlük təşkil etməsinin sübutudur.

Dövlət başçısı İlham Əliyevin çıxışı daim çağırışlarla zəngin olur. Bu çağırışlar həm regionun inkişafı, həm də yeni formalaşan dünya nizamı üçün yol xəritəsidir. «Bizim baxışlarımız aydındır. Bunlar beynəlxalq hüquqa əsaslanan sülh və inkişaf, dövlətlərin daxili işlərinə qarışmama, qarşılıqlı hörmət və əməkdaşlıqdır» söyləyən cənab İlham Əliyev bu çağırışı da  edir: «Gəlin, birlikdə ikili standartların aradan qalxdığı, ədalətin selektiv olmadığı, qanunun aliliyinə hörmət edildiyi, sülhün təkcə sözlərlə deyil, əməli addımlarla təmin olunduğu bir dünya quraq.»

“Zayed İnsan Qardaşlığı Mükafatı”nın  təqdimolunma mərasimində səsləndirilən fikirləri bir daha xatırlatmaq istərdik. Ölkə liderləri bildirdilər ki, bu gün dəyişkən dünyada məsuliyyətli liderlərə, sarsılmaz siyasi iradəyə və problemlərin dialoq vasitəsilə həllinə böyük ehtiyac duyulur. Hazırkı mürəkkəb beynəlxalq vəziyyətdə bu tərzdə qəbul edilən ibrətamiz qərarlar dövlətlər və xalqlar arasında sabitliyin bünövrəsini və güclü etimad yarada bilər. Lakin sülh kimi qiyməti olmayan nemət öz-özünə yaranmır. Sülh cəsarəti, digərini dinləmək və ən çətin şəraitdə belə güzəştlər yolunu tapmaq, qəbul edilmiş qərarlar üzrə məsuliyyət daşımaq bacarığını tələb edir. Bu mənada dövlət xadimlərinə belə yüksək mükafatın verilməsi, həmçinin dünyanın mühüm regionlarından birində yaranan dostluq, həmrəylik və yeni əməkdaşlıq ruhunun aydın əməli təsdiqidir. İstənilən mübahisənin, münaqişənin yalnız beynəlxalq hüquq və mehriban qonşuluq əsasında siyasi, diplomatik vasitələrlə həllinin tərəfdarıyıq. Bu gün biz xalqımızın ümumi əmin-amanlığı və rifahını yalnız birlik, qarşılıqlı dəstək və tərəfdaşlıq vasitəsilə təmin edə bilərik.

Bu gün azad Qarabağımızda və Şərqi Zəngəzurumuzda aparılan genişmiqyaslı bərpa-quruculuq işləri  regionda uzunmüddətli sülh və əməkdaşlığın qurulması baxımından da xüsusi əhəmiyyət daşıyır. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, biz Ermənistana müxtəlif istiqamətlərdən malların daşınmasına qoyulmuş bütün məhdudiyyətləri aradan qaldırdıq. Hətta Ermənistanla ticarəti bərpa etmişik. Onlar üçün həyati əhəmiyyət kəsb edən neft məhsullarının ixracına başladıq və bununla da göstərdik ki, biz uzunmüddətli deyil, əbədi sülhə sadiqik. Bu, bizim strategiyamız və siyasətimizdir və bir daha onu nümayiş etdirir ki, Azərbaycan sülhsevər ölkədir. İkinci Qarabağ müharibəsi və daha sonra antiterror əməliyyatı zamanı bizi ittiham edənlər ya uzaqgörən deyildilər, ya da qərəzli idilər. Çünki bizim gördüyümüz hər bir iş beynəlxalq hüquqa uyğun idi, biz gücdən istifadə edərək sülhə nail olduq və bu gün bunu nümayiş etdiririk.

Yeganə Əliyeva, “İki sahil”