08 aprel 2026 11:00
287

Azad edilmiş ərazilərdə sahibkarlıq və investisiyalar üçün stimullaşdırıcı mexanizmlər - İqtisadiyyat Nazirliyinin rəsmisi AÇIQLAYIR

Postmünaqişə dövründə işğaldan azad edilmiş ərazilərin bərpası və ölkə iqtisadiyyatına reinteqrasiyası dövlətin qarşısında duran əsas strateji vəzifələrdən biridir. Bu ərazilərdə yalnız infrastrukturun yenidən qurulması deyil, eyni zamanda, davamlı iqtisadi fəaliyyətin təşkili və uzunmüddətli inkişaf modelinin formalaşdırılması xüsusi əhəmiyyət kəsb edir. Bu baxımdan özəl sektorun fəal iştirakı, investisiyaların cəlb olunması və əlverişli biznes mühitinin yaradılması prioritet istiqamətlər kimi müəyyən edilib.

Dövlət tərəfindən həyata keçirilən siyasət çərçivəsində işğaldan azad edilmiş ərazilərdə iqtisadi fəallığın artırılması, sahibkarlığın inkişafının stimullaşdırılması və dayanıqlı məskunlaşmanın təmin olunması məqsədilə kompleks dəstək mexanizmləri tətbiq olunur. Vergi və gömrük güzəştləri, maliyyə dəstəyi alətləri, sosial təminat tədbirləri, kommunal xərclərin müəyyən hissəsinin qarşılanması və infrastruktur təminatı bu istiqamətdə əsas alətlər kimi çıxış edir. Bu mexanizmlər həm yerli, həm də xarici investorlar üçün cəlbedici şərait formalaşdıraraq regionun iqtisadi potensialının reallaşdırılmasına xidmət edir.

Strateji prioritet: Bərpa və iqtisadi reinteqrasiya

İqtisadiyyat Nazirliyinin Regionların inkişafı şöbəsinin müdiri Zamin Bədirxanov “İki sahil”in “Postmünaqişə dövründə azad edilmiş ərazilərdə iqtisadi fəaliyyətin bərpası və özəl sektorun təşviqi üçün hansı stimullaşdırıcı mexanizmlər tətbiq olunur” sualını cavablandırarkən bildirdi ki, bu bölgələrdə iqtisadi fəallığın artırılması, investisiyaların təşviqi və dayanıqlı məskunlaşmanın təmin edilməsi məqsədilə dövlət tərəfindən genişmiqyaslı vergi, gömrük, maliyyə və sosial dəstək mexanizmləri tətbiq olunur: “Təklif olunan güzəştlər sahibkarlar, muzdlu işçilər və xarici mütəxəssislər üçün əlverişli biznes və yaşayış mühiti formalaşdırır.

Xüsusilə işğaldan azad edilmiş ərazilərin rezidentləri üçün 1 yanvar 2033-cü ilədək mənfəət (gəlir), əmlak, torpaq və sadələşdirilmiş vergilər üzrə 0 faiz dərəcə tətbiq olunur. Eyni zamanda, müvafiq iqtisadi fəaliyyət sahələri üzrə avadanlıq və xammal idxalına görə əlavə dəyər vergisi və gömrük rüsumları da sıfırlanıb. Dividend gəlirlərinə görə verginin də 0 faiz olması investisiya cəlbediciliyini daha da artırır”.

Turizm sektoruna təşviq: ƏDV geri qaytarılması mexanizmi

Həmsöhbətimiz turizm sahəsində də təşviqedici addımlar nəzərdə tutulduğunu diqqətə çatdırdı: “Fiziki şəxslərin mehmanxana və hotellərdə gecələmə xidmətlərinə görə ödədiyi əlavə dəyər vergisinin bir hissəsi geri qaytarılır: nağdsız ödənişlərdə 30 faiz, nağd ödənişlərdə isə 5 faiz.

Sahibkarların maliyyə resurslarına çıxışının asanlaşdırılması məqsədilə kreditlərə dövlət zəmanəti mexanizmi də tətbiq olunur. Bu çərçivədə 5 milyon manatadək kreditlərin 90 faizinə qədər hissəsinə dövlət zəmanəti verilir. Kreditlərin illik faiz dərəcəsi 15 faizə qədər, müddəti isə 7 ilə qədər nəzərdə tutulur.”

Zəmanət verilmiş kreditlərin illik faiz dərəcəsinin 10 faiz bəndi dövlət tərəfindən 36 ayadək subsidiya olunur. Eyni zamanda, kredit müddətinin yarısından çox olmamaq şərtilə 36 ayadək güzəşt müddəti tətbiq edilir - bu dövrdə əsas borc üzrə ödəniş tələb olunmur, yalnız faiz ödənilir.

Əmək bazarına dəstək: Sosial sığorta subsidiyaları

Əmək bazarının stimullaşdırılması üçün sosial sığorta ödənişləri üzrə də mühüm güzəştlərin mövcud olduğunu deyən müsahibimiz Zamin Bədirxanov vurğuladı ki, muzdlu işçilər üzrə işəgötürənlərin ödədiyi məcburi dövlət sosial sığorta haqları 1 yanvar 2026-cı ildən 1 yanvar 2029-cu ilədək 80%, 1 yanvar 2029-cu ildən 1 yanvar 2031-ci ilədək 60%, 1 yanvar 2031-ci ildən 1 yanvar 2033-cü ilədək 40% həcmində subsidiyalaşdırılır: “Sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin özləri üçün ödədikləri məcburi dövlət sosial sığorta haqları 100% subsidiyalaşdırılır. Muzdlu işçi cəlb etmədən fəaliyyət göstərən fiziki şəxslərin ödədikləri məcburi dövlət sosial sığorta haqqı 10 il müddətinə 100% subsidiyalaşdırılır”.

Kommunal xərclər və mütəxəssislər üçün əlavə stimullar

İstehsal fəaliyyəti ilə məşğul olan sahibkarların 1 yanvar 2033-cü ilədək hər ay istehlak olunan kommunal xidmətlər (elektrik enerjisi, təbii qaz, su təchizatı və tullantı sularının axıdılması xidməti) üzrə ödənişlərinin 20%-i dövlət tərəfindən qarşılanır. Azad edilmiş ərazilərdə məskunlaşaraq fəaliyyət göstərən mütəxəssislər üçün əlavə stimullar tətbiq edilir. Onlara 5 il müddətində hər il əlavə 5 gün ödənişli məzuniyyət verilir, əməkhaqqına 1,2 əmsal tətbiq olunur və 600 manat məbləğində birdəfəlik müavinət ödənilir. Xarici mütəxəssislər üçün isə əmək miqrasiyası kvotasının tətbiq edilməməsi, iş icazələrinin daha qısa müddətdə verilməsi və dövlət rüsumlarında güzəştlər kimi imkanlar yaradılıb.

Sənaye parklarında xüsusi rejim və “Plug&Play” infrastrukturu

Zamin Bədirxanov onu da qeyd etdi ki, sənaye zonalarında fəaliyyət göstərən rezidentlər üçün də xüsusi üstünlüklər mövcuddur: “Ağdam və “Araz Vadisi İqtisadi Zonası” sənaye parklarında qeydiyyatdan keçdikləri tarixdən etibarən sahibkarlar rezident statusu alaraq 10 il müddətinə əmlak, torpaq və mənfəət vergilərindən azad edilir, idxal olunan texnika və avadanlıqlara görə əlavə dəyər vergisi və gömrük rüsumu ödəmirlər. Eyni zamanda, bu ərazilərdə dövlət vəsaiti hesabına müasir “Plug&Play” infrastrukturu – enerji, qaz, su, nəqliyyat və rabitə xətləri tam şəkildə təmin olunur.”

Elektrik şəbəkəsinə qoşulmada güzəştlər və texniki dəstək

Elektrik enerjisi şəbəkəsinə qoşulma xidmətləri üzrə də güzəştlər tətbiq edilir. İstehlak gücü 20 kVt-a qədər olan qeyri-yaşayış obyektlərinin mövcud şəbəkəyə qoşulması ödənişsiz həyata keçirilir. İstehlak gücü 20 kVt-a qədər olan qeyri-yaşayış obyektlərinin mövcud 0,4 kV-luq elektrik şəbəkəsinə 1 fazlı sxem üzrə qoşulması ödənişsiz həyata keçirilir. İstehlak gücü 200 kVt-a qədər olan qeyri-yaşayış obyektlərinin 0,4 kV-luq elektrik şəbəkəsinə 3 fazlı sxem üzrə qoşulmasına 65% güzəşt tətbiq edilir. İstehlak gücü 200 kVt-a qədər (orta gərginlikli şəbəkədən) və 200 kVt-dan yuxarı olan qeyri-yaşayış obyektlərinin, habelə elektrik enerjisi istehsalçılarına aid tikinti obyektlərinin aşağı və orta gərginlikli elektrik şəbəkəsinə 3 fazlı sxem üzrə qoşulması ödənişsizdir.

Görülən bu kompleks tədbirlər işğaldan azad edilmiş ərazilərdə iqtisadi fəallığın artırılmasına, investisiya və biznes mühitinin yaxşılaşdırılmasına, uzunmüddətli dayanıqlı inkişafın təmin olunmasına xidmət edir.

Orxan Vahidoğlu, “İki sahil”