UNESCO-nun mənzil-qərargahında Azərbaycanın sədrliyi ilə G-77 və Çin Qrupunun növbəti plenar iclası keçirilib. Tədbirdə qonaq qismində UNESCO-nun İcraiyyə Şurasının sədri, Qətərin UNESCO yanında daimi nümayəndəsi Nasser Bin Hamad Al Hinzab iştirak edib.
“İki sahil” xəbər verir ki, plenar iclasda üzv dövlətlərə UNESCO-nun İcraiyyə Şurasının 224-cü sessiyasının gündəliyi barədə məlumat verilib. Həmçinin Qrupun İcraiyyə Şurasında aktiv iştirak, eləcə də digər aktual məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
İclasın açılışında Azərbaycanın UNESCO yanında daimi nümayəndəsi, səfir Elman Abdullayev çıxış edərək, bu iclasın qarşıdan gələn önəmli iclaslar fonunda Qrup arasında koordinasiyanın gücləndirilməsi baxımından əhəmiyyətli olduğunu qeyd edib.
Daimi nümayəndə bildirib ki, İcraiyyə Şurasının 224-cü sessiyasının gündəliyinə təşkilatın büdcə məsələlərindən tutmuş “UNESCO 80” yol xəritəsinə qədər bir sıra vacib mövzular daxildir. Bu məsələlər getdikcə mürəkkəbləşən qlobal mühitdə təşkilatın öz mandatını səmərəli şəkildə yerinə yetirməsi üçün əsas mövqeyi formalaşdırır.
İclas zamanı UNESCO-nun İcraiyyə Şurasının sədri qarşıdakı sessiyanın prioritetləri və gözləntiləri barədə məlumat verib, üzv dövlətlərlə əməkdaşlığın və çoxtərəfli dialoqun əhəmiyyətini vurğulayıb.