“Sülh Körpüsü” Təşəbbüsü Azərbaycan və Ermənistan vətəndaş cəmiyyəti nümayəndələri arasında dialoqu və birbaşa əlaqələri təşviq etməyə davam edir
Cənubi Qafqazda sülhün və sabitliyin bərqərar olması regionun gələcəyini müəyyənləşdirən ən mühüm amillərdəndir. Prezident İlham Əliyevin sarsılmaz qətiyyəti, ordumuzun gücü sayəsində 2020-ci ilin Vətən müharibəsindən sonra yaranmış yeni geosiyasi reallıqlar fonunda Azərbaycan və Ermənistan arasında etimad quruculuğu istiqamətində atılan hər bir addım xüsusi əhəmiyyət kəsb edir. Bu baxımdan ötən il Bakı ilə İrəvan arasında ilk çarter reysinin həyata keçirilməsi, hər iki ölkədə vətəndaş cəmiyyəti nümayəndələrinin iştirakı ilə baş tutan görüş və aparılan müzakirələr xalqlar arasında uzun illərdir mövcud olan buzları əridə biləcək real təşəbbüslər kimi qiymətləndirilir. Bu proses rəsmi danışıqlara və danışıqlar müstəvisində əldə olunan uğurlu nəticələrə paralel olaraq həm də ictimai səviyyədə etimadın bərpasının başlanğıcıdır. Danılmaz həqiqətdir ki, sülh təkcə siyasətçilərin masasında deyil, cəmiyyətlərin düşüncəsində və münasibətlərində də qurulmalıdır. Yalnız bu halda keçmişin ağrılı səhifələrini qapadaraq iki ölkə və xalq arasında əbədi sülhə nail olmaq, Cənubi Qafqaz regionunu sabitlik, davamlı inkişaf, rifah və xoşbəxtlik məkanına çevirmək mümkün olacaq. Buna görə rəsmi danışıqlarla paralel olaraq vətəndaş cəmiyyəti səviyyəsində də “sülh körpüsü” prosesinə start verilib. Aprelin 10-da Ermənistanın vətəndaş cəmiyyətinin nümayəndələri növbəti dəfə “Sülh Körpüsü” Təşəbbüsü çərçivəsində Azərbaycana gəliblər. Aprelin 10–12-də Azərbaycanda “Sülh Körpüsü” Təşəbbüsü çərçivəsində Azərbaycan və Ermənistan vətəndaş cəmiyyəti nümayəndələrinin iştirakı ilə növbəti ikitərəfli dəyirmi masa keçiriləcək.
Bütün bunlar iki ölkənin real sülhə doğru sürətlə irəlilədiyini, sülh razılaşmalarının praktik addımlarla həyata keçirildiyini, Azərbaycan və Ermənistan arasında aparılan danışıqların artıq təkcə siyasi deyil, ictimai müstəvidə də inkişaf edərək vacib mərhələyə keçidini göstərir. Bu gedişatın ən diqqətçəkən məqamlarından biri Qərb institutlarının prosesdən kənarda olmasıdır. Ən önəmlisi odur ki, bu dəfə proses Qərb institutlarının diktəsi olmadan, iki ölkənin birbaşa təşəbbüsü ilə həyata keçirilir. Belə bir amilə xüsusi diqqət yetirməyimiz təsadüfi deyil. Məlumdur ki, uzun illər ərzində Qərb vasitəçiləri regionda sülh gündəliyinə nəzarət etməyə, tərəflərə öz şərtlərini diktə etməyə çalışırdılar. Lakin bu yanaşma heç bir nəticə vermədi, əksinə, Qərbin regionda öz maraqları naminə qurduğu oyunlar bir çox halda iki xalqın saysız-hesabsız faciələrinə çevrildi, nəticəsiz sülh prosesi uzandıqca uzandı, bunun ən böyük əziyyətini isə işğala məruz qalmış Azərbaycan çəkdi. Eyni zamanda, Ermənistan da Qərbin fitvasına uyaraq uzun illər işğalçı mövqeyindən geri çəkilməməklə özünü girdaba yuvarladı.
Artıq işğal problemi aradan qaldırıldıqdan, ərazi bütövlüyümüz, suverenliyimiz tam təmin olunduqdan, düşmənçilik münasibətlərini gələcəkdə də davam etdirmək üçün böyük bir əsas qalmadıqdan sonra Azərbaycan və Ermənistan gələcək nəsillərin də eyni problemlərdən əziyyət çəkməməsi üçün öz aralarında, kənar müdaxilə olmadan, qarşılıqlı maraqlara əsaslanan etimad quruculuğu prosesi aparırlar. Bu, Azərbaycan və Ermənistan liderlərinin regionun müstəqil və məsuliyyətli şəkildə gələcəyini müəyyənləşdirməyə başladıqlarının göstəricisidir.
Azərbaycan və Ermənistanın sürətlə irəli apardığı sülh prosesləri qarşısında müəyyən maneələr, təhdidlər də var. Hazırda sülhə əsas təhdidlərdən biri Ermənistan daxilindəki revanşist qüvvələrdir. Xüsusilə sabiq prezidentlər Robert Koçaryan və Serjik Sarkisyanın rəhbərlik etdikləri "Qarabağ klanı" regionda sabitliyə təhlükə yaradan başlıca amillərdən biri kimi çıxış edir. Bu qüvvələr hələ də köhnə illüziyalarla - "itirilmiş ərazilərin qaytarılması", "status" və sair kimi reallıqdan uzaq ideyalarla yaşamaqdadırlar. Əlbəttə, Azərbaycanın getdikcə daha da qüdrətlənən ordusu, qlobal mövqeləri qarşısında nə qədər gücsüz olduqları bu quldur siyasətçilərin özlərinə də yaxşı bəllidir. Onlar yaxşı bilirlər ki, yenidən xam xəyallara düşüb Azərbaycana qarşı işğal üçün hərəkətə keçmək istəyənləri "Dəmir yumruğ"un bircə ölümcül zərbəsi gözləyir. Bu zəhərli ilanların məqsədi dillərində Ermənistanın daxili auditoriyasını qızışdırmaq üçün söylədikləri deyil, ürəklərində gizlətdikləri xəbis niyyətlərdir. Onlar Ermənistan cəmiyyətini yenidən müharibə düşüncəsinə sürükləmək, kilsə və xaricdəki erməni diasporundan dəstək alaraq Paşinyan hökumətini zəiflətmək, beləliklə, hakimiyyəti qamarlayıb korrupsioner, oğru mahiyyətləri ilə yenidən ölkəni çapıb-talamaq istəyirlər. Halbuki Ermənistan xalqı yeni müharibə istəmir. İnsanlar sosial rifah, iqtisadi sabitlik və gələcək təminat arzusundadırlar. Buna görə də revanşist düşüncələrin cəmiyyətdən təmizlənməsi, milli prioritetlərin dəyişməsi sülhün bərqərar olması üçün əsas şərtdir.
Xatırladaq ki, vətəndaş cəmiyyəti nümayəndələri arasında dialoq 2025-ci il avqustun 8-də Vaşinqton şəhərində Azərbaycan, Ermənistan və ABŞ liderlərinin iştirakı ilə keçirilmiş üçtərəfli sammitdə təsdiqlənmiş ikitərəfli sülh gündəliyi çərçivəsində aparılır. Görüşün gündəliyinə sülh prosesinin hazırkı vəziyyəti, “Sülh Körpüsü” Təşəbbüsü iştirakçılarının öz ölkələrində həyata keçirdikləri fəaliyyətlər və əldə olunan nəticələr, həmçinin regiondakı vəziyyətin müzakirəsi daxildir.
Sevinc Azadi, “İki sahil”
“Gender ekspertizası” mexanizminin hüquqi əsaslarının dəqiqləşdirilməsi vacibdir