10 aprel 2026 20:01
118

ABŞ-İran müzkirələri: “Qızıl ümid” İslamabadadır

Fevralın 28-də başlayan, Yaxın Şərqdəki gərginliyi daha da artıran, dünya enerji bazarını kəskin şəkildə sarsıdan, qlobal ərzaq təhlükəsizliyini təhdid edən, humanitar böhraa rəvac verən ABŞ-İran müharibəsinin 40-cı günündə-aprelin 8-də 15 günlük müvəqqəti atəşkəs qərarı alındı. Tehran və Vaşinqton Pakistanın vasitəçiliyi ilə davamlı sülhün əldə edilməsi üçün İslamabadda müzakirələrə başlamaq üçün razılığa gəldilər.  

ABŞ və İran arasında müzakirələrin aprelin 11-də Pakistanın paytaxtı İslamabadda baş tutması gözlənilir. Artıq danışıqlarda iştirak edəcək heyətlərin tərkibi də müəyyənləşib. Ağ Evin yaydığı məlumata görə, ABŞ nümayəndə heyətinin tərkibində Vitse-prezident Ceyms Devid Vens, xüsusi təmsilçi Stiv Uitkoff və Prezident Donal Trampın kürəkəni Cared Kuşner yer alacaq. Müzakirələrdə İran tərəfinə Məclis sədri Məhəmməd Bağır Qalibaf rəhbərlik edəcək. Heyətin tərkibində xarici işlər naziri Abbas Araqçı da yer alacaq.

Müzakirələr ərəfəsində ABŞ Prezidenti Donald Tramp “Truth Soçial” hesabında İranın Hörmüz boğazından keçən gəmilərdən keçiş haqqı tələb etməsi bağlı xəbərlər aldığını bildirərək xəbərdarlıq edib: “Belə bir şey etməslər yaxşı olar. Ancaq beləsə, təcili buna son qoysalar yaxşı olar”.

İranın Ali Rəhbəri Müctəba Xamaneyi də ABŞ-İsrail müharibəsi, Hörmüz boğazı və atəşkəs ilə bağlı açıqlama verərək bildirib: “Hörmüz boğazının idarəçiliyində yeni bir dövrə girəcəyik. Ölkəmizə hücum edənləri əfv etməyəcəyik. Bütün dağıntılar və həyatını itirənlər üçün təzminat tələb edəcəyik. Biz müharibə istəmədik və istəmirik də. Ancaq qanuni haqlarımızdan da əsla vaz keçməyəcəyik”.

Müzakirələr ərəfəsində ABŞ Prezidenti Donald Trampın müharibəyə son qoymaq üçün irəli sürdüyü 15 maddəlik şərt tərəflər arasında gərginliyə səbəb oldu. D.Trampın “yekun təklif”i İranın bütün nüvə istehsalı ilə bağlı müəssislərinin sökülməsindən, mövcud uran qarşlığı ehtiyatlarının xaricə daşınmasından, ballistik raket proqramının qadağan olunmasından və Hörmüz boğazının heç bir tələb irəli sürülmədən dərhal açıqlamsından ibarətdir.

Rəsmi Tehran bu maddələri “milli suverenliyə təhdid və təslimiyyət sənədi” kimi dəyərləndirərək rədd edib. İran D.Trampın 15 maddəlik təklifinə qarşılıq olaraq özünün 10 maddəlik təklifini irəli sürüb. İrəli sürülən təkliflərlə Tehran ölkə torpaqlarına bir daha hücum olunmayacağını kəskin təminat verilməsini, sanksiyaların aradan qaldırılmasını, mülki nüvə proqramının tanınmasını və dondurulan akitvlərinin azad edilməsini və təzminat ödənilməsini tələb edir. İranın əsas maddəsi Hörmüz boğazı ilə bağlı olub. Belə ki Tehran artıq Hörmüz boğazındakı gəmilərdən keçiş haqqqı alınmasını nəzərdə tutan qanun layihəsi hazırladığını bir daha nəzərə çatdırıb.

Nüfuzlu beyin mərkəzləri və tanınmış ekspertlər İslamadda keçirilməsi planlaşdırılan ABŞ-İran müzakirələrinə müxtəlif prizmalardan, fərqli baxış bucaqlarından yanaşırlar. Məsələn, türkiyəli siyasi şərhçi, general Yücel Karauz İran və ABŞ arasında əldə olunmuş atəşkəsi şərh edərkən bildirib ki, elan edilən atəşkəs sülh yox, fasilədir: “Müharibə bitməyib, sadəcə forması dəyişir. Ehtimal edirəm ki, atəşkəs müharibənin sonu deyil, növbəti mərhələsinin başlanğıcıdır”.

Digər türkiyəli hərbi ekspert Abdullah Ağara görə isə hazırkı atəşkəs davamlı sülhə nail olmağa yönəlməyib. Ekspert bildirib ki, bu, əslində vaxt qazanmaq taktikasıdır: “Bununla belə, danışıqlardan fayda əldə olunacağına ümid var. Mən bunu “qızıl ümid” adlandırardım. Hazırda bu danışıqlar müharibənin nəzarətdən çıxması riskinin qarşısını almaq üçündür. Çünki münaqişəyə yeni iştirakçılar və əvvəllər görünməyən aktorlar cəlb olunur. Müharibənin əvvəl regional, sonra isə qlobal və nəzarətsiz hala çevrilməsi riski var. Düşünürəm ki, tərəflər, xüsusilə ABŞ və İsrail bu mənzərəni görür və müharibənin xaosa çevirilməsini istəmir”.

Nəhayət, bir məsələni də qeyd edək ki, İsrailin Livana hücumları və ABŞ-dan gələn ziddiyyətli açıqlamalar müzakirələrlə bağlı qeyri- müəyyənliyin yaranmasına səbəb olur. Çünki İran davamlı atəşkəsin İsrailin Livana hücumlarının dayandırılmasına bağlı olacağını bəyan edib.

Zahid Rza, “İki sahil”