Vüqar Oruc: 2026-cı ildə Baltikyanı ölkələrin təcrübəsini öyrənmək bizim üçün strateji bir mərhələdir
Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin (AQC) İdarə Heyətinin sədri Vüqar Oruc “İki sahil” qəzetinə müsahibə verib.
- Vüqar müəllim, Azərbaycan qiymətləndirmə sektorunda beynəlxalq təcrübənin tətbiqi və elmi-metodoloji inkişaf hansı istiqamətlərdə həyata keçirilir?

- Azərbaycanda qiymətləndirmə sahəsində tətbiq olunan metodologiyalar beynəlxalq təcrübəyə inteqrasiya fonunda daha da təkmilləşdirilir. Bu istiqamətdə son dövrlər ərzində mühüm addımlar atılıb. Azərbaycan Qiymətləndiricilər Cəmiyyəti beynəlxalq əlaqələrin genişləndirilməsinə xüsusi önəm verir. Bu məqsədlə Türk Dövlətlərinin Qiymətləndirici Birlikləri Şurası yaradılıb. Bundan başqa, müxtəlif ölkələrin qiymətləndirmə qurumları ilə ikitərəfli əməkdaşlıq müqavilələri imzalanıb. Sözügedən sənədlər beynəlxalq təcrübənin öyrənilməsi və bu sahədə əldə olunan nailiyyətlərin Azərbaycanda tətbiqi baxımından əhəmiyyətli rol oynayır.
Eyni zamanda, Qiymətləndiricilər Cəmiyyəti çərçivəsində Elmi-Metodiki Şura fəaliyyətə başlayıb. Şuranın məqsədi nəzəri nəticələrin praktiki tətbiqi və qiymətləndirmə sahəsində yeni metodoloji yanaşmaların hazırlanmasıdır. Bu prosesə ölkənin nüfuzlu ali təhsil müəssisələri – Azərbaycan Dövlət İqtisad Universiteti, Bakı Avrasiya Universiteti, Memarlıq və İnşaat Universiteti, Memarlıq və İncəsənət Akademiyası və digər qurumlar fəal şəkildə cəlb olunublar.
Hazırda qiymətləndirmə sahəsində elmi yanaşmaların gücləndirilməsi və təcrübəyə tətbiqi istiqamətində müzakirələr davam etdirilir.

Qiymətləndirmə sektorunda beynəlxalq təcrübə və yeni mərhələ: Əsas hədəflər və çağırışlar
- Cəmiyyətin beynəlxalq hədəfləri və bu istiqamətdə görülən əsas işlər nələrdir?
- Təcrübə yenilikləri və əldə olunan dəyişikliklər nəticə etibarilə qiymətləndirmə sektorunun inkişafına, bazarın daha da peşəkarlaşmasına səbəb olacaq. 2026-cı il üçün qarşıya qoyulan məqsədlərdən biri Baltikyanı ölkələrin təcrübəsinin öyrənilməsidir. Eyni zamanda, cəmiyyətdə fəaliyyəti gücləndirilmiş Beynəlxalq Əlaqələr Departamentinə tapşırılıb ki, Beynəlxalq Qiymətləndirmə Standartları Şurası və digər beynəlxalq təşkilatlarla əlaqələri genişləndirsin, təcrübə mübadiləsi istiqamətində yeni layihələrin icrasına başlasın.
- Azərbaycanda qiymətləndirmə institutunun formalaşması və beynəlxalq standartlara uyğunlaşması hansı mərhələdədir?
- Azərbaycanda qiymətləndirmə institutunun formalaşması 1998-ci ildə "Qiymətləndirmə fəaliyyəti haqqında" üç qanunun qəbul edilməsi ilə başlanıb. Lakin bu institut əsasən postsovet ölkələrinin təcrübəsinə əsaslandığından bazarın tələblərinə uyğun şəkildə təkmilləşdirilməmişdi. Praktik fəaliyyət illər ərzində davam etsə də, onun nəzəri-metodoloji bazasının inkişafı sahəsində yetərli nəticə əldə olunmamışdı.
Son illərdə, xüsusilə də son üç ildə beynəlxalq əlaqələrin genişləndirilməsi və ali təhsil müəssisələrindəki müəllim-professor heyətinin qiymətləndirmə sahəsinə cəlb olunması nəticəsində nəzəri biliklə praktiki fəaliyyət arasında körpünün qurulması istiqamətində mühüm addımlar atılır. Bu, sektorda keyfiyyətin artmasına zəmin yaradır.
Hazırda beynəlxalq standartların öyrənilməsi və milli standartların bu meyarlara uyğunlaşdırılması prosesi davam etdirilir. Bu istiqamətdə aidiyyəti qurumlar, o cümlədən Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin tabeliyində fəaliyyət göstərən Azərbaycan Standartlaşdırma İnstitutu tərəfindən müvafiq qiymətləndirmə mexanizmləri hazırlanır.
Qiymətləndirmə fəaliyyəti haqqında Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, milli qiymətləndirmə standartlarının hazırlanması istiqamətində mühüm addım atılıb. Bu məqsədlə yaradılmış texniki komitədə aidiyyəti qurumların - təhsil müəssisələrinin, Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin və Azərbaycan Standartlaşdırma İnstitutunun nümayəndələri təmsil olunurlar.
Komitə artıq fəaliyyətə başlayıb və qısa müddət ərzində yeni milli qiymətləndirmə standartlarının hazırlanması nəzərdə tutulur. Bu prosesdə həm beynəlxalq təcrübəyə istinad ediləcək, həm də yerli spesifik xüsusiyyətlər nəzərə alınmaqla, Azərbaycanın qiymətləndirmə sektoruna uyğun standartların formalaşdırılması hədəflənir.
Onu da qeyd edim ki, hazırda qüvvədə olan qiymətləndirmə standartları 2009-cu ildə hazırlanıb və müasir tələblərlə uyğunlaşdırılması zərurəti yaranıb. Yeni standartların tətbiqi bazarın şəffaflığının artırılması və peşəkarlığın gücləndirilməsi baxımından mühüm rol oynayacaq.

Qiymətləndirmə sektorunda əsas çağırışlar: Şəffaflıq, obyektivlik və maliyyə sabitliyinə töhfə
- Bu istiqamətdə əsas çağırışlar nələrdir?
- Qiymətləndirmə fəaliyyəti iqtisadi ekosistemin ayrılmaz tərkib hissəsi olmaqla yanaşı, şəffaflıq və maliyyə hesabatlılığı prinsiplərinin tətbiqində də mühüm rol oynayır. Bu baxımdan, sahənin qarşısında duran əsas çağırışlar məhz həmin prinsiplərin praktiki fəaliyyətə tam şəkildə inteqrasiyası ilə bağlıdır.
Əsas diqqət tələb edən məsələlərdən biri şəffaf, obyektiv və maliyyə baxımından hesabatlı fəaliyyət modelinin formalaşdırılmasıdır. Bununla yanaşı, qiymətləndirmə proseslərində yeni iqtisadi trendlərin, xüsusən də yaşıl iqtisadiyyat prinsiplərinin nəzərə alınması zəruridir. Bütün bunlar Azərbaycanın maliyyə sabitliyinin qorunması və dayanıqlı inkişafı üçün olduqca vacibdir.
Təəssüf ki, keçmiş dövrlərdə qiymətləndirmə sahəsində ciddi problemlər müşahidə olunub. Xüsusilə də bəzi hallarda düzgün qiymətləndirmə aparılmaması nəticəsində bankların balansında problemli aktivlərin həcmi artıb, bu da iqtisadi sistemə mənfi təsir göstərib. Hazırda bu kimi hallar təkrarlanmasın deyə, qiymətləndiricilər daha diqqətli, vicdanlı və obyektiv mövqe nümayiş etdirməlidirlər. Azərbaycan dövlətinin maliyyə institutlarının gücləndirilməsi və bu istiqamətdə hesabatlılığın, şəffaflığın təmin olunmasında qiymətləndiricilərin üzərilərinə düşən məsuliyyəti anlaması vacib amildir.
- Bank sektoru, sığorta şirkətləri və investisiya mühitində peşəkar qiymətləndirmənin rolu necə dəyişir? Sizcə, qiymətləndirmə nəticələrinə etimad yetərlidirmi?
- Əvvəllər Azərbaycan Qiymətləndiricilər Cəmiyyəti ilə bank sektoru arasında səmərəli əməkdaşlıq platforması formalaşmışdı. Lakin yeni “Qiymətləndirmə fəaliyyəti haqqında” Qanunun qəbulundan sonra qiymətləndiricilərlə bank sektoru arasında müəyyən uyğunsuzluqlar yarandı. Bu problemlərin həlli məqsədilə Cəmiyyətin nəzdində Bank Ekspert Şurası yaradılıb. Şurada qiymətləndirmə şirkətləri ilə yanaşı, ölkənin 17 bankının risk və qiymətləndirmə departamentlərinin nümayəndələri də təmsil olunurlar. Şura çərçivəsində aparılan müzakirələr vasitəsilə qiymətləndiricilər ilə banklar arasında yarana biləcək fikir ayrılıqları sistemli şəkildə həll olunur. Bu əməkdaşlıq modeli region ölkələri üçün də maraq doğurur və qonşu dövlətlərin mütəxəssisləri tərəfindən öyrənilərək tətbiq edilmək üçün məsləhətləşmələr aparılır.
Etimad mühitinin formalaşdırılması üçün banklarda fəaliyyət göstərən qiymətləndiricilərin peşəkarlıq səviyyəsinin artırılması, metodoloji bazanın yenilənməsi və yeni milli qiymətləndirmə standartlarının qəbul edilməsi vacibdir. Yeni milli standartlar “Qiymətləndirmə fəaliyyəti haqqında” qanunvericiliyə uyğun olaraq tətbiq edilməli və peşəkar qiymətləndirmə fəaliyyətində obyektivlik təmin olunmalıdır. Qiymətləndirmə şirkətləri və banklar arasındakı münasibətlərin normal və şəffaf şəkildə qurulması üçün bu addımlar mühüm əhəmiyyət kəsb edir.
Bank sektoru, sığorta şirkətləri və ümumi maliyyə sistemində isə peşəkar qiymətləndirmənin rolu getdikcə artır. Bu institutlara təqdim olunan qiymətləndirmə nəticələrinin etibarlılığı onların risklərinin düzgün idarə olunmasında və qərarvermə proseslərində mühüm əhəmiyyət daşıyır. Bu səbəbdən qiymətləndirmə sahəsində peşəkarlıq və etimadlı yanaşma strateji prioritet kimi dəyərləndirilməlidir.
Texnoloji inkişaf və rəqəmsallaşmanın rolu
- Rəqəmsallaşma və süni intellekt texnologiyaları qiymətləndirmə sahəsində hansı imkanlar və risklər yaradır? Bu texnologiyalar insan faktorunu nə dərəcədə əvəz edə bilər?
- Süni intellekt və rəqəmsallaşma, eləcə də informasiya texnologiyalarının tətbiqi qiymətləndirmə fəaliyyətini dəstəkləyən mühüm amillərdir. Bununla belə, mütəxəssislər vurğulayırlar ki, bu texnologiyalar qiymətləndirmə fəaliyyətinin özünü tam əvəz edə bilməz. İnsan əməyi yüngülləşdirilə bilər, əvəz oluna bilməz. Süni intellekt yalnız köməkçi vasitə kimi istifadə edilməli, əsas qərarlar hələ də peşəkar qiymətləndiricilər tərəfindən verilməlidir. Texnologiyaların təkbaşına tətbiqi yalnız süni nəticələrə — yanlış qiymətləndirmələrə yol aça bilər. Düşünürəm ki, qiymətləndirici istifadə etdiyi resursların grücləndirilməsi ilə öz peşəkar fəaliyyyətini daha da təkmilləşdirməlidir. Süni intellekt və rəqəmsallaşma sistemlərinin tətbiqi, informasiya bazasının gücləndirilməsi, inkişaf etdirilməsi qiymətləndirmə fəaliyyətinin daha peşəkar səviyyədə qurulmasına xidmət etməlidir.

Regionlarda və işğaldan azad olunmuş ərazilərdə fəaliyyət
- Regionlarda daşınmaz əmlakın qiymətləndirilməsi ilə Bakı bazarı arasında fərqlər nədən qaynaqlanır və bu balanssızlığın aradan qaldırılması üçün hansı mexanizmlər mövcuddur?
- Regionlarda daşınmaz əmlak bazarının qiymətləndirilməsi sahəsində də ciddi fərqlər mövcuddur. Urbanizasiya prosesi və əhalinin paytaxta axını nəticəsində mərkəzlə bölgələr arasında qiymət disbalansı yaranıb. Azərbaycan Qiymətləndiricilər Cəmiyyəti regionlarda da qiymətləndirmə peşəsinin inkişafını stimullaşdırmaq məqsədilə layihələrin icrasına başlayıb. Regionlarda qiymətləndirmə sektorunun inkişafı da diqqət mərkəzindədir. Bu məqsədlə vahid plan və proqramlar hazırlanır. Regionlarda mütəxəssislərin fəaliyyətə cəlb edilməsi üçün stimullaşdırıcı tədbirlər nəzərdə tutulur. Mərkəzlə müqayisədə regionlardakı daşınmaz əmlak bazarlarında qiymətlər və sektorlar arasında ciddi disbalans mövcuddur. Bu fərqlər tədricən aradan qaldırılmalı, qiymətləndirmə peşəsinin bölgələrdə də inkişafı təmin edilməlidir.
- İşğaldan azad olunmuş ərazilərdə bərpa və yenidənqurma prosesində qiymətləndirmə mexanizmləri necə qurulmalıdır ki, investisiya cəlbediciliyi təmin edilsin?
- İlk növbədə işğaldan azad olunmuş ərazilərdə bərpa olunan yeni infrasturuktur qiymətləndirmə üçün baza rolunu oynamalıdır. Qarabağın və Şərqi Zəngəzur bölgəsinin bərpası və yenidən qurulması istiqamətində də qiymətləndirmə mühüm rola malikdir. Bu ərazilərdə fəaliyyətin bərpası üçün biznes planların hazırlanması, bazar araşdırmalarının aparılması, investisiya layihələrinin tərtibi və qiymətləndirilməsi işlərinə həm yerli, həm də beynəlxalq qiymətləndiricilər cəlb olunmalıdır. Bu, həm təcrübə mübadiləsinə, həm də peşəkarlığın artırılmasına xidmət edir. Qiymətləndirici bu ərazilərə investisiyaların cəlb olunması üçün işğaldan əvvəl həmin regionda hansı fəaliyyət növləri daha effekli olduğunu araşdırmalıdır.

İnsan resursları və beynəlxalq əməkdaşlıq
- Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin qarşıdakı dövr üçün strateji hədəfləri nələrdir və gənc mütəxəssislərin bu sahəyə cəlb olunması üçün hansı addımlar atılır?
- İlk növbədə qarşıda duran mühüm məsələ ölkə ekosisteminin əhəmiyyətli şəxslərini və gənc mütəxəssislərini Azərbaycan Qiymətləndiricilər Cəmiyyətində təmsil olunmasını təmin etməkdir. Təşkilati baxımdan daha da güclənmək əsas məqsədlərdəndir. Sektora nüfuzetmə imkanlarının artırılması, peşəkarlıq səviyyəsinin yüksəldilməsi layihələrinin icrası, elmi-metodoloji bazanın inkişafı üçün fəaliyyətin daha da artırılması, şirkətlərin sifariş bazarının təkmilləşdirilməsi istiqamətində qanunvericiliyə müvafiq təkliflərin hazırlanması əsas hədəflərdəndir. Azərbaycan qiymətləndiricilərinin potensialı mövcuddur, lakin bu potensialın reallaşdırılması üçün beynəlxalq təcrübə mübadiləsinə, yerli mütəxəssislərin yetişdirilməsinə və gənc kadrların cəlbinə ehtiyac var. Bu istiqamətdə həm dövlət, həm də özəl sektorla əməkdaşlığın genişləndirilməsi vacibdir.
Qiymətləndiricilər Cəmiyyəti 2025-ci ildə həm təşkilati, həm də beynəlxalq səviyyədə əhəmiyyətli uğurlar əldə etmişdir. Yeni rəhbər heyətin formalaşması, beynəlxalq əlaqələrin gücləndirilməsi və Qiymətləndiricilər Böyük Şurasının fəaliyyətinin aktivləşdirilməsi bu istiqamətdə atılan mühüm addımlardandır.
Bundan əlavə, metodoloji ədəbiyyat boşluğunun doldurulması üçün yeni peşəkar jurnalın nəşri və normativ sənədlərin hazırlanması da 2026-cı ilin prioritetlərindəndir. Qiymətləndiricilər Cəmiyyəti sektorda olan şirkətlərin və mütəxəssislərin hüquqlarının qorunması və maraqlarının müdafiəsində əsas rol oynamağa davam edəcək.

Azərbaycan Qiymətləndiricilər Cəmiyyəti: 2025-ci il üzrə fəaliyyətin yekunları və gələcək hədəflər
- 2025-ci il Cəmiyyət üçün yaddaqalan oldumu?
- 2025-ci il Cəmiyyət üçün çox yaddaqalan olub. Biz beynəlxalq əlaqələrimizi daha da aktivləşdirdik. Ötən il Cəmiyyət ən böyük, ən fəal assosiativ qurum mükafatını aldı. Ümumilikdə, 2025-ci il bizim üçün uğurlu və məhsuldar bir il oldu. Azərbaycan Qiymətləndiricilər Cəmiyyəti qarşıdakı dövrdə öz fəaliyyətini daha da gücləndirmək, yerli və beynəlxalq əməkdaşlıq imkanlarını artırmaq, sektorda hüquqi və metodoloji bazanın inkişafına töhfə vermək niyyətindədir. Bu məqsədlə 2025-ci ildə Cəmiyyət növbəti üç il üçün VIII hesabat seçki konfransını keçirib və yeni İdarə Heyətini formalaşdırıb. Qiymətləndiricilər qarşısında yeni hədəflər müəyyənləşdirilib. İlin son günlərində Ədliyyə Nazirliyi tərəfindən Qiymətləndiricilər Cəmiyyətinin yeni heyəti rəsmən təsdiq olundu. 2026-cı ildə fəaliyyətimizi inkişaf etdirmək, qarşıya qoyulan hədəflərə çatmaq uğrunda strategiyamızı müəyyən edəcəyik. Elə ötən il Cəmiyyət, həmçinin “İlin ən fəal assosiasiyası” mükafatına layiq görülüb.
Orxan Vahidoğlu,
Vüsal Cahanov (foto), “İki sahil”
Kənd Təsərrüfatı Nazirliyinin 1652 nömrəli Çağrı Mərkəzinin elektron sistemi təkmilləşdirilib
Beynəlxalq Nəqliyyat Forumu Azərbaycanın fövqəladə sessiyaya sədrliyini yüksək qiymətləndirdi