10 aprel 2026 12:36
63

2026-cı ilin birinci rübündə İpoteka və Kredit Zəmanət Fondunun  dəstəyi ilə sahibkarlara 24,8 milyon manat kredit verilib

Ölkəmizdə qeyri-neft sektorunun inkişafı, biznes və investisiya mühitinin əlverişliliyinin daha da artırılması, sahibkarların maliyyə resurslarına çıxış imkanlarının genişləndirilməsi, dövlət-sahibkar münasibətlərinin inkişaf etdirilməsi Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən iqtisadi siyasətin əsas prioritetlərindəndir.
“İki sahil” xəbər verir ki, Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 29 noyabr tarixli 1691 nömrəli Fərmanı ilə ilk dəfə olaraq sahibkarların müvəkkil banklardan manatla aldıqları kreditlərə zəmanətin və bu kreditlər üzrə hesablanmış faizlərə görə subsidiyaların verilməsinə başlanılıb. Fərmana əsasən, kredit-zəmanət mexanizminin formalaşdırılması və inkişaf etdirilməsi Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanət Fondunun qarşısında prioritet vəzifə kimi müəyyən edilib.
2026-cı il aprelin 1-nə olan məlumata görə, ənənəvi zəmanət mexanizmi çərçivəsində Fondun təqdim etdiyi zəmanət hesabına müvəkkil banklar tərəfindən sahibkarlara ümumilikdə 707,3 milyon manat, 2026-cı ilin yanvar-mart aylarında isə 23,2 milyon manat məbləğində kredit verilmişdir.
Mexanizm çərçivəsində indiyə qədər zəmanət verilmiş kreditlərin orta müddəti 30 ay, Fond tərəfindən sahibkarlıq kreditləri üzrə hesablanmış faizlərin bir hissəsinə subsidiyanın verilməsi hesabına sahibkarların ödəyəcəyi kreditlər üzrə faktiki illik faiz dərəcəsi 6,8 %, bir sahibkara ayrılan kreditin məbləği isə 30 min manatdan 5 milyon manatadək təşkil edib.
Kreditlər sənaye məhsullarının istehsalı və emalı, kənd təsərrüfatı və qida sənayesi, tikinti sektoru, turizm və infrastrukturun inkişaf etdirilməsi ilə bağlı sahələrə, maşın və avadanlıq istehsalına, ticarət və xidmət sektoruna yönəldilib. Fondun zəmanət və faiz subsidiyası hesabına sahibkarlara ayrılan kreditlər vasitəsilə maliyyələşən layihələr üzrə 6000-dən çox yeni iş yerinin yaradılması nəzərdə tutulub.
Eyni zamanda, Azərbaycan Respublikası Prezidentinin 24 avqust 2022-ci il tarixli 1832 saylı Fərmanına əsasən, qeyri-neft sektorunda fəaliyyət göstərən mikro və kiçik sahibkarların, eləcə də emitent şirkətlərin maliyyə vəsaitlərinə əlçatanlığının artırılması məqsədilə sahibkarlığa dəstək alətlərinin çeşidi artırılıb və iki yeni alətin - sahibkarların manatla aldıqları kreditlərə münasibətdə kredit portfelinin təminatı, həmçinin istiqrazlar üzrə emitentlərin (sahibkarların) öhdəliklərinə təminat mexanizmləri uğurla tətbiq edilməkdədir. Portfel təminatı mexanizmi çərçivəsində indiyədək 426 sahibkarın aldığı 7,1 milyon manat məbləğində kreditə 5,3 milyon manat, 2026-cı ilin birinci rübündə isə 62 sahibkarın 1,61 milyon manat məbləğində kreditləri üzrə 1,2 milyon manat həcmində zəmanət verilib. İstiqraz emissiyası üzrə öhdəliklərin təmin edilməsi mexanizmi çərçivəsində ümumilikdə 10 milyon manatlıq istiqraz buraxılışına 6 milyon manat məbləğində zəmanət təqdim edilib.