2030- cu ilədək təkcə Qarabağda 150 min yeni iş yeri açılacaq
Bu gün iİşğaldan azad edilmiş ərazilərin sürətli iqtisadi inkişafı Azərbaycan dövlətinin milli inkişaf strategiyasının mərkəzi xəttini təşkil edir. 2021-2025-ci illəri əhatə edən bərpa mərhələsində dövlət bölgənin dirçəlişini yalnız infrastrukturun qurulması ilə məhdudlaşdırmayıb, paralel olaraq iqtisadi, sosial və institusional sahələrdə sistemli reabilitasiya həyata keçirib. Bu ərazilərdə genişmiqyaslı bərpa-quruculuq tədbirlərinin həyata keçirilməsi istiqamətində müxtəlif sahələri əhatə edən bir sıra layihələrin icrası məqsədilə 2021-2025-ci illər ərzində dövlət büdcəsindən 22 milyard manatdan çox vəsait ayrılıb. Bu kompleks yanaşma Böyük Qayıdış Proqramının real iqtisadi təməlinin formalaşmasına imkan yaradıb.
Xatırladaq ki, 2024-cü ildə Qarabağ və Şərqi Zəngəzur «yaşıl enerji zonası» elan olundu. Bu status bölgədə alternativ enerji layihələrinin intensivləşməsini təmin etdi. Belə ki, Kəlbəcər və Laçında külək parkları üzrə beynəlxalq şirkətlərlə müqavilələr bağlandı, gursulu dağ çayları üzərində yeni su elektrik stansiyaları quruldu , yaşıl enerjiyə əsaslanan sənaye müəssisələri yaradıldı.. Görünən odur ki, yaxın gələcəkdə Qarabağ və Şərqi Zəngəzur hətta enerji ixracatçısına çevirələcək.
Təkcə 2024-cü ildə bölgələrdə 32 su elektrik stansiyasında «AzərEnerji» tərəfindən 550 milyon kilovat saatadək ekoloji cəhətdən təmiz yaşıl enerji istehsal olunub. Həmin 550 milyon kilovat saat enerjinin 1/3-i, yəni 200 milyon kilovat saata yaxını işğaldan azad edilən ərazilərin enerji tələbatını ödəyib, qalan 2/3 hissəsi isə respublika enerji sisteminə ötürülərək ölkənin digər ərazilərinin tələbatına yönəldilib. Nəticədə, 120 milyon kubmetr təbii qaza qənaət edilib, 225 min ton karbon qazının atmosferə atılmasının qarşısı alınıb.
Qeyd edək ki, təkcə son beş ildə Qarabağ və Şərqi Zəngəzurda ölkə rəhbərliyinin iştirakı ilə 7 su elektrik stansiyasının açılışı olub. Belə ki, Kəlbəcər rayonunda «AzərEnerji» tərəfindən işğaldan azad edilən ərazilərdə tikilən ən böyük su elektrik stansiyası - 22,5 MVt-lıq «Yuxarı Vəng», 4,3 MVt-lıq «Zar», Laçın rayonunda 2,8 MVt-lıq «Zabux», 4,6 MVt-lıq «Qarıqışlaq», Zəngilan rayonunda isə hər birinin gücü 10,5 MVt olmaqla «Şayıflı», «Zəngilan» və «Sarıqışlaq» su elektrik stansiyaları istismara verilib.
Bundan başqa, Qarabağ və Şərqi Zəngəzurda özəl sektorun fəallaşması nəticəsində son 4 ildə ümumi investisiya həcmi yüz milyonlarla manat səviyyəsinə çatıb. Belə ki, Azərbaycan Respublikası Prezidentinin 28 may 2021-ci il tarixli Fərmanı ilə yaradılan Ağdam Sənaye Parkında investisiya portfeli 285 milyon manatdan çox olan 30 rezident və 4 qeyri-rezident qeydiyyatdan keçib. Rezident sayına görə ölkə üzrə ikinci yerdə olan sənaye parkında sahibkarlar tərəfindən görülmüş işlərə 138 milyon manata yaxın investisiya yatırılıb, 900-dən artıq daimi iş yeri yaradılıb. İşlə təmin edilənlərin çoxu Ağdam və ətraf rayonların sakinləridir. Sənaye Parkı fəaliyyətə başladığı müddətdən indiyədək təxminən 500 milyon manat dəyərində məhsul istehsal olunub, bunun təxminən 18 milyon manatlıq hissəsi ixrac edilib. Burada, əsasən, tikinti materiallarının, tütün məmulatlarının, müxtəlif növ ayaqqabıların, havalandırma, yanğınsöndürmə və müxtəlif metal məmulatlarının, dəmir yolu avadanlıqlarının, elektrik paylayıcı avadanlıqların və elektrik yuvalarının və s. məhsulların istehsalı həyata keçirilir. İstehsal edilən məhsullardan işğaldan azad edilmiş ərazilərdə aparılan tikinti-quraşdırma işlərində geniş istifadə edilir.
Rəsmi məlumatlara görə, 2024-cü ildə bölgədə 2 575 yeni iş yeri açılıb. Ötən il azad edilmiş rayonlarda 380 yeni müəssisə və təşkilat, 3815 yeni fərdi sahibkarlıq subyekti dövlət qeydiyyatından keçib. 2023-cü illə müqayisədə yeni yaradılmış müəssisə və təşkilatların sayı 2.6 dəfə, fərdi sahibkarların sayı isə 43.3% artıb. Qarabağda 2030-cu ilə qədər 150 minə yaxın iş yerinin açılması proqnozlaşdırılır.
Hazırda Qarabağ və Şərqi Zəngəzur Azərbaycanın yeni iqtisadi güc mərkəzinə çevirilib. Sənaye parklarının işə düşməsi, aqrar klasterlərin genişlənməsi, yaşıl enerji layihələrinin reallaşması və artan investisiya axını regionun ÜDM-də payını sürətlə yüksəldən əsas dayaqlardır. Bu gün Qarabağ və Şərqi Zəngəzur artıq yalnız dirçəliş simvolu deyil - sənaye, enerji və logistikanı birləşdirən iqtisadi ekosistemdir. Bu tendensiya göstərir ki, qarşıdakı illərdə Qarabağ və Şərqi Zəngəzur Azərbaycanın ən dayanıqlı istehsal və ixrac məkanlarından birinə çevriləcək.
Elçin Zaman, «İki sahil»