11 aprel 2026 18:48
130

Rumın ekspert: Azərbaycanın da iştirak etdiyi “Yaşıl Enerji Dəhlizi” Avropada ön plana çıxır

Azərbaycanın təşəbbüsü ilə irəli sürülən və Cənubi Qafqazdan Avropaya bərpaolunan enerjinin ötürülməsini nəzərdə tutan “Yaşıl Enerji Dəhlizi” layihəsi Avropada strateji enerji təşəbbüslərindən biri kimi qiymətləndirilir.

“İki sahil” xəbər verir ki, bu barədə energetika sahəsi üzrə ekspert Florin Stançunun Rumıniya mətbuatında yazısı dərc olunub.

Ekspertin sözlərinə görə, Azərbaycan, Gürcüstan, Rumıniya və Macarıstan arasında planlaşdırılan bu layihə Qafqaz regionundan Avropaya yaşıl enerjinin ötürülməsini təmin edəcək və enerji mənbələrinin şaxələndirilməsi baxımından mühüm rol oynayacaq.

Florin Stançu qeyd edib ki, layihə çərçivəsində Qara dənizin dibi ilə elektrik kabelinin çəkilməsi nəzərdə tutulur: “Bu kabel vasitəsilə Azərbaycan və region ölkələrində istehsal olunan bərpaolunan enerji Avropa bazarına çatdırılacaq”.

Onun sözlərinə görə, Rumıniya bu layihədə mühüm tranzit və enerji mərkəzi rolunu oynaya bilər. Bu isə ölkənin Avropanın enerji xəritəsində mövqeyini gücləndirə və onu regionda vacib oyunçuya çevirə bilər.

Məlumata görə, layihə yalnız enerji nəqli ilə məhdudlaşmır, eyni zamanda, Avropa İttifaqının iqlim hədəflərinə çatmasına da töhfə verə bilər. “Yaşıl Enerji Dəhlizi” bərpaolunan enerji mənbələrinin payının artırılması və karbon emissiyalarının azaldılması baxımından da əhəmiyyətli hesab olunur. Qeyd olunur ki, Azərbaycanın bu təşəbbüsü regionda enerji əməkdaşlığının yeni mərhələyə keçdiyini göstərir. Xüsusilə yaşıl enerji sahəsində əməkdaşlığın genişlənməsi Avropanın enerji təhlükəsizliyinin möhkəmlənməsinə xidmət edir.

Azərbaycanın enerji strategiyası artıq yalnız qaz tədarükü ilə məhdudlaşmır və bərpaolunan enerji sahəsində də Avropa ilə əməkdaşlıq sürətlə genişlənir. Bu isə ölkənin Avropa enerji bazarında rolunun daha da artdığını göstərir.

Ekspertlər bildirirlər ki, “Yaşıl Enerji Dəhlizi” kimi layihələr yaxın illərdə Avropanın enerji sistemində mühüm dəyişikliklərə səbəb ola bilər və Azərbaycanın bu prosesdə rolu daha da güclənəcək.