26 yanvar 2026 18:41
109

Rəqəmsal körpüdən regional platformaya: Davosdan verilən mesajlar

İqtisadçı: Prezident İlham Əliyevin Davosda keçirdiyi çoxşaxəli diplomatik və iqtisadi təmasları Azərbaycanın strateji rəqəmsal inkişaf xəttinin davamlılığını nümayiş etdirir

Qlobal iqtisadiyyatın və idarəetmə modellərinin sürətlə dəyişdiyi müasir mərhələdə Davos İqtisadi Forumu artıq təkcə beynəlxalq maliyyə və investisiya müzakirələrinin deyil, eyni zamanda, gələcəyin inkişaf trayektoriyasını müəyyənləşdirən ideyaların təqdim olunduğu əsas platformalardan biri kimi çıxış edir. Forum çərçivəsində süni intellekt, rəqəmsallaşma və yeni texnoloji həllərin gündəmin mərkəzinə çəkilməsi dövlətlərin bu proseslərə hansı səviyyədə hazır olduğunu və strateji baxışlarını açıq şəkildə ortaya qoyur. Məhz bu kontekstdə Azərbaycanın son illər formalaşdırdığı rəqəmsal dövlət yanaşması, regional və qlobal proseslərə inteqrasiya imkanları, eləcə də dəyişən iqtisadi reallıqlar fonunda ölkəmizin qarşısında açılan yeni perspektivlər xüsusi diqqət çəkir. Azərbaycanın bu transformasiyanı yalnız texnoloji yenilənmə kimi deyil, uzunmüddətli iqtisadi və institusional inkişaf strategiyasının tərkib hissəsi kimi təqdim etməsi mövzunun əhəmiyyətini daha da artırır.

Bu ümumi mənzərə fonunda Azərbaycanın rəqəmsal inkişaf strategiyasının iqtisadi məzmunu, yaratdığı real üstünlüklər və regional təsir imkanları ilə bağlı məsələlərə iqtisadçı Eldəniz Əmirovun yanaşması mövzuya daha sistemli baxış formalaşdırır. O, “İki sahil”ə açıqlamasında bildirdi ki, Davos Forumunda süni intellekt və rəqəmsal həllərin qlobal gündəmin əsas mövzularından birinə çevrildiyi bir şəraitdə Azərbaycanın rəqəmsal dövlət təcrübəsi və strateji coğrafi mövqeyi ölkəmizə regional miqyasda ciddi iqtisadi üstünlüklər qazandıra biləcək amillər kimi ön plana çıxır: “Süni intellekt dövrü bir çox hallarda yalnız texnologiya ilə assosiasiya olunur. Halbuki bu mərhələnin əsas dayağı texnologiyadan daha çox etimad faktorudur. Süni intellektin tətbiqi, genişlənməsi və real iqtisadi dəyərə çevrilməsi üçün ona həm cəmiyyət, həm biznes, həm də dövlət səviyyəsində etimad formalaşmalıdır.

Azərbaycanın qurduğu rəqəmsal dövlət modeli məhz bu etimadın sistemli şəkildə yaradılmasına xidmət edir. Dövlət xidmətlərinin rəqəmsallaşdırılması, qərar qəbuletmə və idarəetmə mexanizmlərinin elektron müstəviyə keçirilməsi nəticəsində şəffaflıq və proqnozlaşdırıla bilənlik təmin olunur. Bu isə bir tərəfdən əməliyyat xərclərini azaldır, digər tərəfdən biznes üçün daha çevik və etibarlı mühit yaradır. Rəqəmsal hökumət modeli təkcə inzibati rahatlıq deyil, eyni zamanda bütöv bir iqtisadi ekosistemin zənginləşməsinə şərait yaradır”.

İqtisadçı qeyd etdi ki, bu prosesdə coğrafi mövqe amili xüsusi əhəmiyyət daşıyır: “Müasir dövrdə təkcə fiziki yüklərin deyil, rəqəmsal axınların hansı marşrutlardan keçməsi də strateji üstünlük hesab olunur. Azərbaycan Mərkəzi Asiya ilə Avropanı, Şərqlə Qərbi birləşdirən məkanda yerləşməklə yanaşı, eyni zamanda, rəqəmsal körpü rolunu da oynayır. Orta Asiya ilə Avropa arasında rəqəmsal dəhlizin formalaşması, ölkəmizin ərazisindən keçən fiber-optik xətlərin və telekommunikasiya infrastrukturunun yüksək səviyyədə qurulması bu imkanları real iqtisadi dəyərə çevirir. Rəqəmsal tranzit artıq sadəcə texniki üstünlük deyil, gəlir gətirən strateji resurs kimi çıxış edir.

Süni intellektin inkişafında enerji faktoru da həlledici şərtlərdən biridir. Böyük hesablama gücü tələb edən bu texnologiyalar stabil, dayanıqlı və etibarlı enerji təminatı olmadan mümkün deyil. Azərbaycanın enerji təhlükəsizliyi, mövcud və inkişaf edən enerji infrastrukturu süni intellekt texnologiyalarının yerləşdirilməsi və genişlənməsi üçün əlverişli mühit yaradır. Bu, ölkəmizin təkcə istehlakçı deyil, həm də süni intellekt əsaslı xidmətlərin istehsal və təqdim olunduğu mərkəzə çevrilməsi perspektivini gücləndirir”.

Eldəniz Əmirov daha sonra vurğuladı ki, bütün bu amillərin vəhdəti nəticəsində Azərbaycan yalnız tranzit ölkə funksiyası ilə kifayətlənmir, regional miqyasda rəqəmsal xidmət platformasına çevrilmək imkanı qazanır: “Bu yanaşma qeyri-neft sektorunun inkişafı baxımından da xüsusi əhəmiyyət daşıyır və iqtisadiyyatın şaxələndirilməsinə yeni impuls verir. Davos Forumunda verilən əsas mesaj da məhz bu reallığı əks etdirirdi: süni intellekt dövründə qazanan ölkələr texnologiyaya sahib olanlar deyil, etimada əsaslanan sistem qura bilən dövlətlərdir. Azərbaycanın seçdiyi rəqəmsal inkişaf modeli bu çağırışa cavab verir və ölkəmizin mövqeyini gücləndirir. Prezident İlham Əliyevin Davos Forumu çərçivəsində fəal diplomatik və iqtisadi təmasları da bu strateji yanaşmanın ardıcıl və məqsədyönlü şəkildə davam etdirildiyini bir daha nümayiş etdirdi”.

Nigar Orucova, “İki sahil”