20 yanvar 2026 19:57
225

Microsoft”un baş mütəxəssisi: Azərbaycanın dövlət sektoru rəqəmsal xidmətlər sahəsində artıq regional liderdir

Süni intellekt getdikcə qlobal iqtisadi gündəmin ayrılmaz hissəsinə daha sürətlə çevrilir, idarəetmə, biznes və insan kapitalının inkişafına yanaşmaları dəyişir. Rəqəmsal transformasiyanın aktiv mərhələsində olan ölkələr üçün süni intellekt təkcə texnoloji trend deyil, həm də onları onilliklər boyu irəli aparacaq, regional və qlobal iqtisadiyyatda mövqelərini müəyyənləşdirə biləcək strateji seçimdir. Azərbaycan bu gün bu yolun mühüm mərhələsindədir. Əlverişli coğrafi mövqenin, infrastruktura yatırılan investisiyaların, elektron dövlət xidmətlərinin inkişafının və iqtisadiyyatın diversifikasiyasına yönəlmiş səylərin vəhdəti qabaqcıl rəqəmsal həllərin tətbiqi üçün unikal şərait yaradır. Bununla yanaşı, ölkə bir çox inkişaf etməkdə olan bazarlara tanış olan suallarla da üz-üzədir: dayanıqlı süni intellekt ekosistemini necə qurmaq, kadrları necə hazırlamaq, cəmiyyətin etimadını necə doğrultmaq və texnologiyalardan məsuliyyətli istifadəni necə təmin etmək.

“İki sahil” xəbər verir ki, “Microsoft” şirkətinin məlumatlar və süni intellekt üzrə baş mütəxəssisi, rəqəmsal transformasiya və süni intellekt sahəsində 15 ildən artıq təcrübəyə malik ekspert, “Cologne International Business School”un müəllimi, ABŞ hökuməti tərəfindən fövqəladə qabiliyyətlərə malik mütəxəssis kimi tanınmış və “University of Auckland” ali məktəbinin “40 Under 40” reytinqinin 2024-cü il laureatı Valeriya Sadovıx AZƏRTAC-ın mövzu ətrafında suallarını cavablandırıb.

– Rəqəmsal transformasiyanın aktiv mərhələsində olan iqtisadiyyatlarda, o cümlədən Azərbaycanda süni intellektin tətbiqi baxımından hansı əsas çağırışlar və imkanları görürsünüz?

– Azərbaycanın təkcə regional deyil, həm də qlobal liderə çevrilməsi üçün bütün imkanları var. Avropa ilə Yaxın Şərq arasında yerləşən coğrafi mövqe müxtəlif bazarlara, infrastruktura və təcrübəyə çıxış yaradır. Ölkə, qonşularının təcrübəsindən yararlana, ən yaxşı praktikaları mənimsəyə və artıq buraxılmış səhvlərdən yayına bilər. Əsas istiqamətlərdən biri baza resurslarının optimallaşdırılmasıdır. Buraya energetikanın diversifikasiyası, təbii resurslardan istifadə və nəqliyyat dəhlizlərinin inkişafı daxildir. Süni intellekt innovasiyaları dəstəkləyə, ənənəvi biznes modellərini transformasiya edə, yeni dəyər və gəlir mənbələri yarada bilər.

Süni intellekt təkcə biznes üçün deyil, həm də insanlar üçün, xüsusilə gələcək nəsillər üçün mühümdür. O rəqəmsal boşluqların doldurulmasına kömək edir. Rəqəmsallaşma insana daha çox biliklərə, alətlərə və dövlət xidmətlərinə çıxış imkanı yaradır, savadsızlıq səviyyəsini azaldır və rəqəmsal dövləti möhkəmləndirir.

Çağırışlara gəldikdə isə, mən onları “asılılıqlar” adlandırmağı üstün tuturam, çünki süni intellektin uğuru müəyyən şərtlər olmadan mümkün deyil. Birinci növbədə bu, infrastrukturdur. Süni intellekt özü-özlüyündə mövcud deyil, onun üçün ekosistem lazımdır. Ciddi resurslara və əldə olunmuş irəliləyişlərə baxmayaraq, Azərbaycanın ayrı-ayrı sektorlarında hələ inkişaf üçün imkanlar mövcuddur. Regionda infrastruktur məhdudiyyətləri rəqəmsal transformasiyanı ləngidə bilər.

İkinci məsələ idarəetmə və tənzimləmədir. Dəqiq oyun qaydaları tələb olunur: siyasətlər, standartlar, qanunlar və dövlət nəzarəti. Bunlar vətəndaşların, biznesin və institutların qorunması üçün vacibdir. Bu istiqamətdə Azərbaycanı hələ ciddi işlər gözləyir.

Üçüncü mühüm amil insanlardır. Azərbaycan öz vətəndaşları ilə haqlı olaraq fəxr edir, lakin insanların dəyişikliklərə uyğunlaşması üçün dəstəyə ehtiyacı var. Süni intellekt bizim necə işlədiyimizi, necə öyrəndiyimizi və necə qərar qəbul etdiyimizi dəyişir. Bu isə texnologiyalara etimadın və insanla maşın arasında yeni qarşılıqlı əlaqə formalarının formalaşmasını tələb edir. İnsan təbiəti elədir ki, biz yeniliyə, xüsusilə ənənələrə toxunduqda, müqavimət göstəririk. Burada balans tapmaq vacibdir: dəyərləri qorumaq, lakin dəyişikliklərdən qorxmamaq.

– Azərbaycan bazarının xüsusiyyətlərini və texnoloji infrastrukturunu nəzərə alaraq, süni intellektin uyğunlaşdırılması və tətbiqi üçün hansı yanaşmaları tövsiyə edərdiniz?

– İstənilən uğurlu transformasiyanın mərkəzində insanlar dayanır. Texnologiyaları almaq olar, prosesləri dəyişmək olar, lakin süni intellekti qəbul etmək motivasiya və etimad məsələsidir. Burada əsas rolu liderlik oynayır. Rəhbərlər nümunə göstərməlidirlər: texnologiyalardan özləri istifadə etməli, onların faydası barədə açıq danışmalı və dəyişikliklərdən çəkinməməlidirlər. Onların texniki ekspert olmaları mütləq deyil, lakin süni intellektin nəyə lazım olduğunu və hansı dəyər yaratdığını anlamaları vacibdir. Təlim özü-özlüyündə kifayət deyil. Düşüncə tərzində irəliləyiş lazımdır. Əməkdaşlar öyrənməyə, eksperiment aparmağa və səhv etməyə hazır olmalıdırlar. Yeni nəsillər köhnə, sərt strukturlarda səmərəli işləyə bilməyəcəklər. İş mühiti onlarla birlikdə dəyişməlidir. Eyni zamanda, yerli innovasiyaların inkişafı da vacibdir. Beynəlxalq şirkətlərin dəstəyi və qonşu ölkələrin təcrübəsi əhəmiyyətlidir, lakin Azərbaycan öz startaplar və tərtibatçılar ekosistemini inkişaf etdirməlidir. Yerli həllər bazarın spesifik xüsusiyyətlərini daha yaxşı nəzərə alır və maksimum effekt verir. Bu, yeni iş yerləri yaradır, mütəxəssislərin ixtisasını artırır və iqtisadiyyatı gücləndirir.

Məlumatlar ayrıca diqqətəlayiq sahədir. Məlumatlar süni intellekt üçün yanacaqdır. Keyfiyyətli, strukturlaşdırılmış və əlçatan məlumatlar olmadan uğur mümkün deyil. Məlumatlarla iş üzrə milli strategiya, vahid standartlar və aydın qaydalar zəruridir. Xüsusilə kiçik və orta biznesin məlumatların idarə olunması mədəniyyətini formalaşdırması vacibdir.

Nəhayət, bazarın çevikliyi Azərbaycanın böyük üstünlüyüdür. Hazırda süni intellektin məsuliyyətli tətbiqi və beynəlxalq standartlara uyğun ekosistemin qurulması baxımından regionda lider mövqe tutmaq üçün unikal imkan mövcuddur.

– Süni intellektin inkişafı və innovasiyaların dəstəklənməsi üçün ekosistemin yaradılmasında dövlət orqanları və tənzimləyicilər hansı rolu oynamalıdırlar?

– Azərbaycanın dövlət sektoru rəqəmsal xidmətlər sahəsində artıq regional liderdir. Son illər ölkəyə əhəmiyyətli investisiyalar cəlb olunub, regiona beynəlxalq maraq nəzərəçarpacaq dərəcədə artıb. Süni intellektin uğuru onun cəmiyyət, iqtisadiyyat və dövlət üçün real faydası ilə ölçülür. Tənzimləyicilər mühüm rol oynayırlar, çünki bir çox təşkilat və istifadəçi üçün süni intellektin idarə olunması mürəkkəb görünür. Dəqiq qaydalar, etik normalar və nəzarət etimadın formalaşmasına kömək edir. Azərbaycan xüsusilə etik süni intellekt və məlumatların qorunması məsələlərində qonşu ölkələrin ən yaxşı təcrübələrini fəal mənimsəyə bilər. Süni intellekt həlləri yaradan kiçik və özəl biznesin dəstəklənməsi innovasiyaları və iqtisadi artımı sürətləndirəcək. Bununla yanaşı, şirkətlər və ayrı-ayrı mütəxəssislər təşəbbüsləri yalnız “yuxarıdan” gözləməmələridirlər. Təlim, eksperimentlər və yeni məhsulların hazırlanması dövlət proqramları ilə paralel şəkildə aparılmalıdır.

– Azərbaycanın rəqəmsal iqtisadiyyatı üçün süni intellekt üzrə ixtisaslı kadrların hazırlanması məqsədilə hansı addımlar atılmalıdır?

– Burada iki qrupa baxmaq vacibdir: mövcud işçi qüvvəsinə və gələcək mütəxəssislərə. Artıq çalışanlar üçün bizneslə dövlətin səylərinin kombinasiyası tələb olunur. Gələcək mütəxəssislər, universitet məzunları texniki baxımdan artıq hazırdırlar və müasir, çevik iş mühitini gözləyirlər. Onlar üçün süni intellektlə mübarizə aparmaq deyil, onunla əməkdaşlıq etmək imkanı vacibdir. Daha uzaq perspektivə gəldikdə isə süni intellekt və onun istifadəsinin etikası üzrə təhsil hələ məktəbdən başlamalıdır. Təkcə texnologiyaları öyrətmək deyil, onlara məsuliyyətli münasibət formalaşdırmaq da vacibdir. Etika innovasiyalarla yanaşı getməlidir.

– Süni intellektin tətbiqində hansı etik və sosial aspektlər Azərbaycan cəmiyyəti və biznesi üçün xüsusilə əhəmiyyətlidir?

– Ənənələr və adətlər dəyişəcək və süni intellekt bu prosesi sürətləndirir. Süni intellektin əvvəlki texnoloji dalğalardan əsas fərqi sürətdir. O səmərəlilik gətirir, lakin eyni zamanda, bəzi vərdiş edilmiş iş üsulları aradan qalxacaq. İnsan fiziki olaraq maşınların emal etdiyi həcmdə məlumatı emal etmək qabiliyyətinə malik deyil. Süni intellekt şəffaflığı artırır, səhvlərin sayını azaldır və qərarların keyfiyyətini yaxşılaşdırır. Lakin əsas məsələ etimaddır. İnsanlar süni intellektin həm üstünlüklərini, həm də risklərini anlamalıdırlar. Bu sahədə təhsil, o cümlədən süni intellektin düşüncə tərzinə və qərar qəbuluna təsirinin başa düşülməsi həlledici əhəmiyyət daşıyır. Şəffaflıq insanlara şüurlu seçim etmək imkanı verir.

Süni intellekt rəqəmsal iqtisadiyyatın inkişafını sürətləndirir, yeni sahələr yaradır və insan kapitalını gücləndirir. Rəqabət üstünlüyü olan sahələrə — logistika, kənd təsərrüfatı və energetikaya fokuslanmaqla region yüksək texnoloji inkişaf mərkəzinə çevrilə bilər.

– Süni intellekt Cənubi Qafqazda əməkdaşlığın möhkəmləndirilməsinə və rəqəmsal iqtisadiyyatın inkişafına necə töhfə verə bilər?

– Süni intellekt siyasi fikir ayrılıqlarının təsirini azaldaraq, ümumi iqtisadi vəzifələrə fokuslanan neytral əməkdaşlıq platformasına çevrilə bilər. Pərakəndə milli strategiyalar əvəzinə region üçün real fayda verən birgə layihələrə — ticarət, təhlükəsizlik və ekspertizanın inkişafı sahələrində təşəbbüslərə — ehtiyac var. Ən perspektivli istiqamətlərdən biri transsərhəd ticarətin və logistikanın rəqəmsallaşdırılmasıdır. Süni intellekt tədarük zəncirlərində “dar” yerləri proqnozlaşdıra, marşrutları optimallaşdıra və tələblərə uyğunluq yoxlamalarını avtomatlaşdıra bilər. Birgə rəqəmsal infrastruktur və regional kadr hazırlığı proqramları dayanıqlı rəqəmsal iqtisadiyyat üçün möhkəm əsas yaradacaq.

– Növbəti 5–10 il ərzində Azərbaycanda süni intellektin və rəqəmsal transformasiyanın inkişafını necə görürsünüz?

– Avropa ilə Yaxın Şərq arasında yerləşən Azərbaycanın strateji mövqeyi onun rəqəmsal inkişaf yolunu formalaşdıracaq. İqtisadiyyatın diversifikasiyası və rəqəmsal texnologiyaların tətbiqi hesabına təbii resurslardan asılılıq tədricən azalacaq. Süni intellekt biznesin məcburi elementinə çevriləcək. Süni intellekti tətbiq etməyən şirkətlər investorlar üçün daha az cəlbedici olacaq, çünki təhlükəsizlik, tələblərə uyğunluq və səmərəlilik məhz süni intellektə əsaslanır. Erkən tətbiq edənlər üstünlüklər əldə edəcəklər, lakin daha sonra qoşulanlar da toplanmış təcrübədən və daha əlçatan texnologiyalardan istifadə etməklə qazanc əldə edə biləcəklər. Ali təhsil müəssisələri və tədqiqat mərkəzləri kadr hazırlığında və həllərin hazırlanmasında əsas rolunu davam etdirəcək.

Süni intellekt insanla texnologiyalar arasında qarşılıqlı əlaqə üsullarını dəyişərək gündəlik həyatın bir hissəsinə çevriləcək. Bununla yanaşı, məsuliyyətli süni intellekt prinsipləri həlledici əhəmiyyət daşıyacaq. Əmək bazarı dəyişəcək: ənənəvi olan vəzifələr avtomatlaşdırılacaq, yaradıcılığın, çevikliyin, marağın və liderliyin dəyəri artacaq. Yumşaq bacarıqlar texniki bacarıqlar qədər vacib olacaq.