Ceyhun Əliyev: 2026–2028-ci illər üçün əsas hədəflər və planlaşdırılan tədbirlər çərçivəsində mövcud balıqartırma müəssisələrinin istehsal gücünün artırılması nəzərdə tutulur
“İki sahil” qəzetinin müsahibi Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində Balıqçılıq və Akvakultura Mərkəzinin direktoru Ceyhun Əliyevdir

- Ceyhun müəllim, Balıqçılıq və Akvakultura Mərkəzinin yaradılmasının əsas məqsədi nədən ibarətdir və qurum hansı strateji istiqamətlər üzrə fəaliyyət göstərir?
- Balıqçılıq və akvakultura sahəsində dövlət siyasətinin daha səmərəli və sistemli şəkildə həyata keçirilməsi məqsədilə Azərbaycan Respublikası Prezidentinin 2024-cü il 19 dekabr tarixli 253 nömrəli Fərmanına əsasən “Balıqçılıq və Akvakultura Mərkəzi” publik hüquqi şəxs yaradılıb. Mərkəz Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində publik hüquqi şəxs kimi fəaliyyət göstərir və yaradıldığı gündən etibarən öz fəaliyyətini təsdiq edilmiş Nizamnaməyə uyğun şəkildə həyata keçirməyə başlayıb.
Mərkəzin fəaliyyətində iki əsas strateji istiqamət müəyyən edilib. Birinci əsas istiqamət balıq ovunun daha dayanıqlı, nəzarətli və elmi əsaslarla həyata keçirilməsinin təmin edilməsidir. İkinci əsas istiqamət isə ölkədə akvakultura sahəsinin inkişaf etdirilməsi, müasir texnologiyaların tətbiqi, istehsal potensialının artırılması və akvakultura təsərrüfatlarının fəaliyyətinin stimullaşdırılmasıdır.

- Otən ilin oktyabrında Mərkəz tərəfindən həyata keçirilən elmi ekspedisiyanın nəticələrini necə qiymətləndirirsiniz?
- Su bioresurslarının dayanıqlığının təmin edilməsi, ehtiyatların bərpası, qorunması və obyektiv elmi qiymətləndirilməsi dayanıqlı idarəetmənin əsas şərtlərindən biridir. Bu səbəbdən də 13–23 oktyabr 2025-ci il tarixlərində balıq ehtiyatlarının elmi əsaslarla öyrənilməsi və düzgün qiymətləndirilməsi məqsədilə elmi ekspedisiya həyata keçirilib. Ekspedisiya “Balıqçılıq və Akvakultura Mərkəzi” publik hüquqi şəxsin təşkilatçılığı ilə baş tutub, AMEA Zoologiya İnstitutu, Heyvandarlıq və Balıqçılıq Elmi-Tədqiqat İnstitutu, Azərbaycan Dövlət Aqrar Universiteti və Türkiyə Respublikasından dəvət olunmuş mütəxəssislərin iştirakı ilə uğurla həyata keçirilib.
Mütəxəssislərin hesablamalarına əsasən, Azərbaycanın balıq ehtiyatlarının bərpası və davamlılığının təmin edilməsi məqsədilə daxili su hövzələrində hər il təxminən 6–12 milyon ədəd körpə balığa, eyni zamanda, Xəzər dənizi üçün bu göstərici 11–23 milyon ədəd körpə balıq buraxılışına ehtiyac vardır. 2026-cı il üzrə ov kvotalarının müəyyən edilməsi məqsədilə ekspedisiyanın nəticəsi əsasında tərtib edilən hesabatlar təhlil edilərək və AMEA Zoologiya İnstitutunun rəyi nəzərə alınmaqla Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim edilib.
- 2025-ci ildə həyata keçirilmiş balıqartırma tədbirlərinin real təsiri hansı göstəricilərlə ölçülür?
- 2025-ci il ərzində ümumi su hövzələrinin bioloji ehtiyatlarının artırılması məqsədilə dövlət və özəl tərəfdaşlığı çərçivəsində müvafiq tədbirlər həyata keçirilmiş və təbii mühitə müxtəlif növ balıq buraxılışları təmin olunub. Belə ki, il ərzində təbii mühitə 343 min ədəd nərəcinsli balıq, 255 min ədəd çəkikimilər, 2 milyon 160 min ədəd kütüm və 22 min ədəd Xəzər qızılbalığı buraxılıb.
- Bəs, 2026-cı il üçün planlaşdırılan balıqartırma hədəfləri əvvəlki illərlə müqayisədə hansı keyfiyyət dəyişikliklərini nəzərdə tutur?
- Ümumilikdə 2026–2028-ci illər üçün əsas hədəflər və planlaşdırılan tədbirlər çərçivəsində mövcud balıqartırma müəssisələrinin istehsal gücünün artırılması nəzərdə tutulur. Planlanan tədbirlərin nəticəsi olaraq illik körpə nərəcinsli balıq buraxılışının 1 milyon ədədə çatdırılması hədəflənir. Həmçinin proqnoz göstəricilərinə əsasən, gələn il 1 milyon ədəd kütüm (Rutilus kutum), 2 000 000 ədəd çəkikimilər (Cypriniformes) buraxılışı nəzərdə tutulur.

- Mərkəzin yaradılmasından sonra qanunsuz balıq ovuna qarşı mübarizədə nəzarət mexanizmlərində hansı yeniliklər tətbiq olunub?
- Qeyd olunmalıdır ki, Mərkəz yaranmamışdan əvvəl 2025-ci il üçün müəyyən olunan kvota Xəzər dənizinə 27 min 850 ton təşkil edib, bunun 12 min 951 tonu istifadə olunub. Daxili sular üçün ümumi kvota miqdarı 160 ton, istifadə olunmuş miqdar isə 90 tondur. 2025-ci il yanvar ayı üzrə Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Bioloji Müxtəlifliyin Qorunması Xidməti tərəfindən 216 nəfərə, daha sonrakı dövrdə Kənd Təsərrüfatı Nazirliyinin “Balıqçılıq və Akvakultura Mərkəzi” publik hüquqi şəxs tərəfindən isə 15 nəfərə balıqovlama bileti verilib.
Qanunsuz balı ovu və onunla mübarizə barədə onu deyə bilərəm ki, 2025-ci ilin 1 yanvar tarixindən 23 may tarixinədək regional ekologiya və təbii sərvətlər idarələri tərəfindən həyata keçirilən nəzarət tədbirləri zamanı ümumilikdə 69 akt tərtib edilib, ölkə ərazisi üzrə qanunsuz balıq ovu edən şəxslər barəsində 29 protokol tərtib edilərək “İnzibati tənbehvermə haqqında” Qərar qəbul edilib, 1 fakt üzrə təbiətə vurulmuş ziyanın məbləği cinayət tərkibi yaratdığı üçün aidiyyəti üzrə hüquq mühafizə orqanlarına göndərilib.
2025-ci ilin 1 iyun tarixindən 16 dekabr tarixinədək “Balıqçılıq və Akvakultura Mərkəzi” publik hüquqi şəxs tərəfindən ekoloji cinayət törədənlərə qarşı həyata keçirilən nəzarət tədbirləri zamanı ümumilikdə ölkə ərazisi üzrə qanunsuz balıq ovu edən şəxslər barəsində 23 inzibati xəta haqqında protokol tərtib edilərək müvafiq inzibati məsuliyyətə cəlb edilib.
- Ceyhun müəllim, Su Nəqliyyatında Polis İdarəsi və digər qurumlarla əməkdaşlıq bu sahədə hansı praktiki nəticələr verib?
- 2025-ci ilin 1 iyun tarixindən 16 dekabr tarixinədək Su Nəqliyyatında Polis İdarəsinin və Mərkəzin əməkdaşları tərəfindən qanunsuz balıq ovunun qarşısının alınması məqsədilə keçirilən tədbirlər zamanı ümumilikdə 30 cinayət tərkibli hal yaranıb, 30 nəfər şəxs müvafiq məsuliyyətə cəlb olunub. Ölkədə mövcud akvakultura təsərrüfatları barədə qeyd etmək istərdik ki, 2024-cü ilin dekabrına qədər Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən rəsmi qeydiyyata alınan akvakultura təsərrüfatı sayı 78 olub. 2025-ci ilin dekabr ayına qədər BAM tərəfindən 4 akvakultura təsərrüfatı rəsmi qeydiyyata alınıb.
- Ölkədə faktiki mövcud olan, lakin qeydiyyatdan kənarda qalan akvakultura təsərrüfatlarının uçota alınması hansı mərhələdədir?
- İlkin araşdırmalara görə, ölkə ərazisində 600-ə qədər orta və iri həcmli balıqyetişdirmə təsərrüfatı mövcuddur. Həmin təsərrüfatların ilkin uçotunun aparılması üzrə fəaliyyətlər davam etdirilir. Qeydə alınmış akvakultura təsərrüfatlarında damazlıq balıq sürülərinin keyfiyyətinin və sayının müəyyən edilmiş göstəricilər üzrə kompleks qiymətləndirilməsi məqsədilə Bonitirovka tədbiri 10 təsərrüfatda aparılıb. Akvakultura təsərrüfatlarında Bonitirovkanın aparılması ilk növbədə törədici fondunun öyrənilməsi, bundan başqa CITES-in tələblərinə uyğun olaraq nəsli kəsilməkdə olan növlərin (nərəkimilərin və qızılbalıqkimilərin) və onlardan alınan məhsulların (ət və kürünün) dövriyyəsinə və ticarətinə nəzarətin təşkilində iştirak etməkdir. Bu tədbir balıq ehtiyatlarının dəyəri və gələcək istifadəyə yararlılığı üzrə təsnifatını təmin edir.

- “Balıqçılıq haqqında” Qanunun yeni redaksiyası mövcud qanunvericilikdən hansı əsas fərqlərlə seçiləcək?
- “Balıqçılıq haqqında” Azərbaycan Respublikası Qanununun yeni redaksiyada verilməsi məqsədilə Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi tərəfindən yeni Qanun layihəsi hazırlanıb Milli Məclisə təqdim olunub. Qanun layihəsinin hazırlanması balıqçılıq və akvakultura subyektlərinin fəaliyyətinin hüquqi və inzibati baxımdan sadələşdirilməsinə, mövcud prosedurların optimallaşdırılmasına və tətbiq olunan mexanizmlərin daha da təkmilləşdirilməsinə xidmət edir. Yeni tənzimləmələr subyektlər üçün şəffaf, optimal və səmərəli fəaliyyət mühiti formalaşdırmaqla, istehsal proseslərinin təşkili və genişləndirilməsinə, eləcə də dövlət dəstəyi alətlərindən daha effektiv istifadə etməsinə imkan yaradacaq. Qanun layihəsinin hazırlanması prosesində balıqçılıq və akvakultura sahəsində qabaqcıl xarici təcrübə ətraflı şəkildə araşdırılmış və təhlil edilib. Beynəlxalq təcrübə, balıqçılığa ekosistem yanaşması və digər müasir yanaşmalar milli qanunvericilik sisteminə uyğunlaşdırılaraq layihədə əks etdirilib.
Məlumat verim ki, balıqçılıq, xüsusən də akvakultura sahəsi uzun illərdir ki, kənd təsərrüfatı sahəsinə daxil edilməmişdi. Bu səbəbdən də kənd təsərrüfatı sahələrinə tətbiq edilən vergi güzəştləri, eləcə də müxtəlif dövlət dəstəyi mexanizmləri balıqçılıq sahəsinə tətbiq edilməmişdi. Balıqçılıq fəaliyyətinin kənd təsərrüfatı məhsullarının istehsalı və emalı sahəsinə aid edilməsi, habelə bu sahədə vergi tənzimləmə mexanizmlərinin təkmilləşdirilməsi ilə bağlı əsaslandırılmış təkliflər hazırlanaraq aidiyyəti dövlət orqanlarına təqdim edilib. Balıqçılıq, o cümlədən akvakultura sahəsində dövlət dəstəyinin məqsədyönlü şəkildə təşkili məqsədilə nazirlik tərəfindən müvafiq layihə hazırlanıb və razılaşdırılması üçün aidiyyəti qurumlara göndərilib. Layihə çərçivəsində akvakultura təsərrüfatlarının yaradılması və inkişafının stimullaşdırılması, investisiya cəlbediciliyinin artırılması, müasir istehsal texnologiyalarının tətbiqi və məhsuldarlığın yüksəldilməsi əsas prioritetlər olaraq müəyyən edilib.
- Beynəlxalq təşkilatlarla, xüsusən BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO) ilə əməkdaşlıq yerli mütəxəssislərin bilik və bacarıqlarının artırılmasına necə töhfə verir?
- “Balıqçılıq və Akvakultura Mərkəzi” publik hüquqi şəxs olaraq 2025-ci il ərzində sahənin inkişafı, institusional əməkdaşlığın gücləndirilməsi və beynəlxalq təcrübənin tətbiqi məqsədilə bir sıra mühüm tədbirlərdə həm təşkilatçı, eyni zamanda iştirakçı qismində iştirak təmin edilib.
13–15 may 2025-ci il tarixlərində FAO-nun dəstəyi ilə Bakı şəhərində keçirilən Mərkəzi Asiya və Qafqaz Regional Balıqçılıq və Akvakultura Komissiyasının (CACFish) Texniki Məsləhət Komitəsinin Yeddinci İclasında beynəlxalq iştirakçılarla birlikdə akvakultura sahəsində çalışan yerli mütəxəssislər iştirak ediblər.
BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının TCP/AZE/3904 “Kənd yerlərinin inkişafı” layihəsi çərçivəsində 25 avqust – 12 sentyabr 2025-ci il tarixlərində balıqçılıq və akvakultura sahəsini əhatə edən təlim proqramı təşkil edilib. Təlim proqramında Mərkəzin 15 nəfər əməkdaşı iştirak edib, proqram çərçivəsində müasir yanaşmalar, beynəlxalq təcrübə və praktiki biliklərin artırılmasına xüsusi diqqət yetirilib.
24-26 noyabr 2025-ci il tarixlərində Türkmənistanın Aşqabad şəhərində “Xəzər dənizinin su bioresurslarının qorunması, onların rasional istifadəsi və birgə ehtiyatların idarə olunması üzrə Komissiya”nın 9-cu iclası keçirilib. Tədbirdə Azərbaycan nümayəndə heyəti təmsil olunub, Azərbaycanla yanaşı, İran, Qazaxıstan, Rusiya Federasiyası və Türkmənistanın nümayəndə heyətlərinin qatıldığı iclasda tərəflər Komissiyanın əvvəlki qərarlarının icrası, 2024-cü ildə istifadə olunmuş balıqçılıq kvotaları, ehtiyatların bərpasına yönəlmiş balıqartırma proqramları və su bioresurslarının mühafizəsi ilə bağlı görülmüş tədbirlər barədə müzakirələr aparıblar.

- Balıq yarmarkaları və aqrar festivallar istehsalçı–istehlakçı əlaqələrinin inkişafına real təsir göstərə bilirmi?
- İstehsalçı ilə istehlakçı arasında birbaşa əlaqələrin qurulması, balıq məhsullarının istehlakının təşviqi məqsədilə 12 sentyabr 2025-ci il tarixində Bakının Keşlə balıq bazarında balıq yarmarkası keçirilib. Sözügedən tədbirdə Balıqçılıq və Akvakultura Mərkəzi tərəfdaş qismində iştirak edib.
Bundan əlavə, 4 dekabr 2025-ci il tarixində Neftçala rayonunda keçirilən 9-cu Aqrar Biznes Festivalı və “Balıq” mövzusunda tədbirdə Balıqçılıq və Akvakultura Mərkəzi rəsmi olaraq təmsil olunmuşdur. Festival Neftçala Rayon İcra Hakimiyyətinin, Kənd Təsərrüfatı Nazirliyinin Aqrar İnnovasiya Mərkəzi və Balıqçılıq və Akvakultura Mərkəzinin birgə təşkilatçılığı ilə təşkil olunub.
Ümumilikdə, 2025-ci il ərzində keçirilmiş bu tədbirlər “Balıqçılıq və Akvakultura Mərkəzi” publik hüquqi şəxsin sahə üzrə institusional mövqeyinin möhkəmləndirilməsinə, beynəlxalq əməkdaşlığın genişləndirilməsinə, məlumatlılığın artırılmasına və balıqçılıq və akvakultura sektorunun davamlı inkişafına yönəlmiş fəaliyyətinin tərkib hissəsidir. Növbəti illərdə də müvafiq istiqamətlər üzrə işlərin ardıcıl şəkildə davam etdirilməsi nəzərdə tutulur.
Qeyd olunan hədəf və tədbirlər balıqçılıq və akvakultura sahəsində planlı, elmi əsaslı və dayanıqlı inkişafın təmin edilməsinə yönəlmişdir. Qarşıdakı dövrdə bu istiqamətdə fəaliyyətlərin ardıcıl və sistemli şəkildə davam etdirilməsi nəzərdə tutulur.
Orxan Vahidoğlu,
Vüsal Cahanov (foto), “İki sahil”
2026-cı ildə balıq və digər su bioresurslarının ovu üçün kvota bölgüsü təqsdiqlənib