02 noyabr 2025 00:11
174

ABŞ vitse-prezidenti həyat yoldaşı haqqında sözlərindən sonra tənqid olundu

ABŞ-ın vitse-prezidenti Ceyms Devid Vens həyat yoldaşını xristian dininə gətirmək istəyi ilə bağlı sözlərindən sonra tənqid dalğasına məruz qalıb.

“İki sahil” xəbər verir ki, bu barədə "The New York Times" məlumat yayıb.

Missisipi Universitetində konservativ fəal Çarli Kirkin xatirəsinə həsr olunmuş tədbirdə Vens, hindmənşəli və hinduist ailəsində böyümüş həyat yoldaşı Aşanın bir gün katolikliyi qəbul edəcəyinə ümid etdiyini bildirib.

Onun sözləri sosial şəbəkələrdə və mediada kəskin tənqidlə qarşılanıb. ABŞ-ın Hinduizm Fondunun icraçı direktoru Suhak Şukla qeyd edib ki, bu cür bəyanatlar immiqrasiya siyasətinin sərtləşdirilməsi fonunda dini azlıqların narahatlığını artırır.

Vitse-prezidentin həyat yoldaşı əri ilə bağlı sözləri ictimai şəkildə şərh etməyib. Vensin özü isə "X" sosial şəbəkəsində tənqidlərə cavab olaraq, onu həyat yoldaşının dininə etinasızlıqda ittiham edənlərin şərhini "iyrənc" və "antixristian təəssübkeşliyi" nümunəsi adlandırıb.