03 noyabr 2025 12:58
70

Ruhu qələbəyə köklənən Vətən oğlu

Vətənpərvərlik sözünün kökündə vətən dayanır. Vətən – milli sevdamız, şərəf qalamızdır. Bu qalanın bürcündə dalğalanan bayraq isə hürriyyət nişanımızdır.Vətən, tarixən və əbədiyyən müqəddəs diyarımızdır. O, varlığında minlərlə əmanəti daşıyan doğma anamızdır.

Vətən - şəhidlərimizin qanının töküldüyü, qoynuna sığındığımız yerdən başlanır. Hər qarış şəhid qanı ilə yoğrulan, şəhid qoxusu duyulan bu Vətən bizə ötürülən əmanətdir.

Bir ilıq payız sabahına -27 sentyabr tarixinə ehtiyacımız var idi. Həmin gün hamı Vətən namusdur, namusumuzu qoruyacağıq – deyə,  ayağa qalxdı. 2020-ci ilin payızında düşmənin 30 ilə yaxın davam edən işğalçılıq siyasətinə son qoyulması xalqımızın tükənməz iradəsinin və vətənpərvərlik ruhunun əbədi təntənəsidir.

Əzəli və tarixi Azərbaycan torpağı olan Qarabağın böyük dərdi vardı. Bu dərdə məlhəm isə Odlar diyarı Azərbaycanın igid oğulları oldu.Tarix boyu Vətənin taleyüklü məqamlarında onu ağır sınaqlardan çıxarmaq missiyası yurdumuzun qorxmaz, fədakar, mərd, cəsur və qəhrəman oğullarının üzərinə düşüb.

Bəzən deyirlər ki, tarixi şərait qəhrəmanları yaradır, bəzən də qəhrəmanların tarix yazdığını söyləyirlər. Mərdlik, qorxmazlıq, Vətənə sadaqət hissi qəhrəman adamları birləşdirən ortaq cəhətlərdir. Fransız yazıçısı, filosof və tarixçi Fransua Volterin təbirincə desək, əsl qəhrəmanlıq fəlakət zamanı üzə çıxır.

Qəhrəmanlıq milli-mənəvi bağlılıqdan, mənəviyyat zənginliyindən xəbər verir. Qəhrəmanlığa can atmaq qələbə, qəhrəmanlığa susmaq uğur, qəhrəmanlığı arzulamaq isə tarixin səhifəsində əbədi iz qoymaq deməkdir. Ürəyində sevgi olmayan kəs heç vaxt qəhrəman ola bilməz.

Qəhrəmanlıq dastanımızın şərəf salnaməsini yazanlardan biri də Ülvi Şirin oğlu Hacıyevdir.

Azərbaycan Ordusunun mübariz əsgəri Ülvi Şirin oğlu Hacıyev 1994-cü il noyabrın 13-də Bakı şəhəri, Suraxanı rayonunda anadan olub. O, 2001-2012-ci illərdə Suraxanı rayonu, Qaraçuxur qəsəbəsində yerləşən  R. Ənnağıyev adına 141 nömrəli tam orta məktəbdə təhsil alıb. 2012-2016-cı illərdə Azərbaycan Dövlət İqtisad Universitetində (ADİU) "iqtisadiyyat" üzrə ali təhsil alıb. 2016-2018-ci illərdə isə həmin universitetdə "biznesin idarə edilməsi" üzrə magistratura pilləsini bitirmişdir. Tanrı onu qüsursuz bir qəhrəman, xüsusi qabiliyyət sahibi kimi yaratmışdı. Ülvi heç zaman nailiyyətləri ilə qürrələnməzdi. Hər kəs onu sevib, onunla fəxr edirdi.

Vətəni qibləgah edən şəhidlərin hər birinin döyüş yolu bir əfsanə, bir dastan, bir tarixdir.

Rəşadətli Azərbaycan ordusunun igir cəngavəri Ülvi Hacıyev 2018-2019-cu illərdə Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmətdə olub.Vətəninin hər bir qarışının vətəndaş üçün fərqi olmur. Sadəcə Vətəni dirçəldib, yeniləşdirən vətəndaşları olur.

Vətən – Ülvi kimi qəhrəmanların solmayan məhəbbətidir. Canında Vətən məhəbbəti, el-obaya sədaqət, xalqına canla-başla xidmət yanğısı olan belə oğullar əbədiyaşar olararaq daima yaşayacaq.Vətən sevdalı qəhrəmanımız 2019-cu ildə hərbi xidməti başa vurduqdan sonra Dövlət Gömrük Komitəsinin Qərb Ərazi Baş Gömrük İdarəsinin inspektor vəzifəsində çalışmışdır.

Uğurlu həyat yolu keçib, qürurlu ad qazanan Ülvi Hacıyev 2020-ci ilin iyul ayında Ermənistanın Tovuz rayonu istiqamətindəki təxribatdan sonra könüllü olaraq orduya yazılıb.  Zamanı gənc yaşlarında donan şəhid Ülvi uşaqlıqdan döyüşkən ruhlu bir oğlan idi. Onun qəlbində hər zaman Qarabağ nisgili vardı. Ruhu qələbəyə köklənən igid düşməndən qisas almağı çox arzulayırdı. Bu onun daxilindən gələn bir vicdan harayı idi.

Azərbaycan Ordusunun əsgəri olan Ülvi Hacıyev 2020-ci il sentyabrın 27-də Azərbaycan SilahlıQüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Xocavənd, Cəbrayıl, Hadrut qəsəbəsinin və Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə böyük şücaət göstərib. Füzuli azad olunanda, o torpağın altında bir xalqın qüruru, ölən şəhidin qanı və Ülvi kimi oğulların igidliyi yatırdı. O günlərdə o, ölümə yox, əbədiyyətə addımladı.

Vətənpərvər övladı, parlaq ziyalısı, düşüncəli və qabiliyyətli vətəndaşı olan Vətən heç vaxt darda qalmaz. Vətən aşiqi Ülvi Hacıyev 2020-ci il oktyabrın 19-da Xocavənd rayonu istiqamətində gedən döyüşlər zamanı yoldaşını xilas etməyə çalışarkən qəhrəmancasına şəhadətə ucalıb. Ürəyi, vücudu, ruhu müqəddəs hisslərlə yoğrulmuş Ülvi Qarabağ torpağını öz qanı ilə suvardı, mərdliyi ilə tapdaq altında olan ərazilərimizi düşməndən xilas etdi və şəhid olaraq əbədiləşdi. Lakin onun nəşi uzun müddət tapılmadı. 2020-ci il dekabrın 6-da Ülvi Hacıyev Bakı şəhəri, Yasamal rayonunda yerləşən “İkinci Fəxri Xiyabanı”nda torpağa tapşırılıb. Nur üzlü şəhidimiz Qarabağın işığını yandırdı, amma öz evinin işığını söndürdü.

Ülvi bir anlıq şəxsi şücaəti ilə, bir ömürlük əbədi qəhrəmanlıq qazandı. Taleyi onu ölümü ilə ölümsüzlüyə yüksəltdi. Ülvi Vətəninə vətən daşı olmaqdan çəkinmədi.Cənnət qoxulu şəhidimiz  hər zaman Vətənimizin suveren və işıqlı gələcəyinə inanırdı.

Gömrük orqanlarının fəxri olan şəhid Ülvi tarixlə böyüdü, tarixlə yaşadı, fəxr və qürurla tarixə qovuşdu. Milli, vətəncanlı, kükrək, öz soykökünə bağlı, epos təfəkküründən gələn gözəl simalı, gözəl ürəkli Ülvi Azərbaycan tarixinin şəhid qəhrəmanı oldu!

Şəhidlər igidliyin, qorxmazlığın, cəsarətin, şücaətin timsalıdır. Şəhidlər torpağa deyil, ürəklərə tapşırılan sevgidir.Şəhidlərimizin şərəfli ömür yolu hər birimiz üçün örnəkdir. Şəhidi olmayan torpaq heç zaman bar verməz.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq sərəncamları ilə Ülvi Şirin oğlu Hacıyev ölümündən sonra “Vətən uğrunda”, “Cəsur döyüşçü”, “Füzulinin azad olunmasına görə” və “Xocavəndin azad olunmasına görə” medalları ilə təltif olunub.

Vətəni Ülvi Hacıyev kimi ləyaqətli, qorxmaz övladların fədakarlığı Vətən edir. Özü tarixə qovuşsa da illər, əsrlər keçəcək onun qəhrəmanlığı daim yaşayacaq. Varlığı ilə tarix yazan şəhidimiz Ülvi canını Vətənə qurban verərək tanrı dərgahına, şəhidlik zirvəsinə ucalanlardan oldu. Qəhrəmanlığı və şəhidliyi alın yazısı seçən Ülvi Hacıyev kimi Azərbaycanın mərd oğulları dünən də olub, bu gün də var, sabah da olacaq!.Onlar vətənə canlarını sevə-sevə fəda ediblər. Ovuc-ovuc torpaq qaytarıb, zərrə-zərrə Vətəni bütövləşdirən oğullar heç vaxt unudulmur.

Qəhrəman xatırlananda vətən də var olur.Cənnət vətənimizin hürriyyətini bizə bəxş edən qəhrəmanlarımıza, şəhidlərimizə ömrümüzün sonuna qədər borcluyuq. Vətən övladları sonsuz sevgi, məhəbbət və ehtirama layiqdirlər. Məkanından asılı olmayaraq onların uyuduqları son ünvan müqəddəs ziyarət yerimiz olmalıdır.

Ölkəmizdə şəhid ailələrinə dövlət qayğısının göstərilməsi Azərbaycanın daxili siyasətində ən əsas və ən önəmli prioritetdir: Bu, Ümummilli liderimiz  Heydər Əliyevin müəyyənləşdirdiyi  siyasi-mənəvi yoldur. Bütövlükdə, Ümummilli liderimiz Heydər Əliyevin siyasətində şəhid ailələrinə dövlət qayğısı xüsusi yer tutmuşdur. Hazırda Silahlı Qüvvələrin Ali Baş Komandanı Prezident İlham Əliyev tərəfindən bu siyasət uğurla davam etdirilir. Prezident İlham Əliyev şəhid ailələrinə hər zaman böyük qayğı, hörmət və ehtiram göstərir. Cənab Prezident hər zaman vurğulayır ki, “Azərbaycan xalqı şəhidlərimizlə fəxr edir, şəhidlərimiz daim bizim ürəyimizdə yaşayır və əbədi yaşayacaqdır. "Azərbaycan xalqına xidmət etmək mənim üçün böyük şərəfdir. İstər Ulu öndərin, istərsə də, ölkə prezidenti İlham Əliyevin hakimiyyəti dönəmində hər zaman şəhidlərə, şəhid ailələrinə böyük  qayğı və diqqət olub və bu gün də bu siyasət davam etməkdədir. 

Allah bütün şəhidlərimizə rəhmət eləsin!

Gülnar Bəşirova,
AMEA-nın dissertantı, Azərbaycan Hərb Tarixi Muzeyinin tədqiqatçı-elmi işçisi