07 noyabr 2016 23:39
1132

Hadi Rəcəbli: Şəhid ailəsi istənilən vaxt onlara ayrılan müavinəti ala bilər

Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri, siyasi elmlər doktoru, professor Hadi Rəcəblinin “İki sahil” qəzetinə müsahibəsi

- Hadi müəllim, oktyabrın 18-də xalqımız Azərbaycanın Dövlət Müstəqilliyinin 25 illiyini qeyd etdi. 25 ildə ölkəmizin sosial siyasətinin gücləndirilməsi istiqamətində hansı işlər görülüb və hazırkı sosial vəziyyəti necə qiymətləndirirsiniz?

- Bilirsiniz ki, 90-cı illərin əvvəllərində SSRİ-nin əksər regionlarında millətlərin və xalqların  azadlıq hərəkatı başlamışdı. Müxtəlif bölgələrdə qırğınlar törədərək SSRİ-nin dağılmasını istəməyən qüvvələr hər vəchlə SSRİ-yə süni nəfəs verməyə çalışırdı. Amma bütün bunlara baxmayaraq 1991-ci ilin avqustunda İttifaqın ləğv edilməsi haqqında qərar verildi və Sovetlər Birliyi süquta uğradı. Elə həmin ildə SSRİ-yə daxil olan digər müttəfiq respublikalar kimi Azərbaycan da öz müstəqilliyinə imza atdı. Belə ki, oktyabrın 18-də Azərbaycan Ali Soveti dövlət müstəqilliyi haqqında  konstitusiya aktı qəbul etdi və suveren dövlət kimi Azərbaycan Respublikası dünya birliyinin üzvü oldu. Müstəqillik əldə etməklə yanaşı, ölkədəki xaosun, kataklizmlərin qarşısını almaq heç də asan məsələ deyildi. Bunun da öhdəsindən yalnız bir şəxs gələ bilərdi, o da ulu öndər Heydər Əliyev. Dövlət Müstəqilliyi haqqında Konstitusiya Aktı 1991-ci ildə qəbul edilsə də Azərbaycan sözün əsl mənasında müstəqilliyini ümummilli lider Heydər Əliyevin qayıdışından sonra əldə edib. Azərbaycan yalnız ulu öndər Heydər Əliyev şəxsiyyətinin, xarizmasının, uzaqgörən siyasətinin sayəsində dövlət müstəqilliyini əbədi və dönməz edə bildi. Bununla da müstəqil Azərbaycan Respublikası möhkəm əsaslar üzərində yeni inkişaf xəttini tutdu. Ölkəmizin bütün sahələrində olduğu kimi, sosial sferada da köklü dəyişikliklər baş verdi. Müstəqilliyimizin ilk günlərindən etibarən dövlətimizin mahiyyətində sosial dövlət elementləri özünü göstərmiş oldu və sosial müdafiə sistemi dövlət quruculuğunun modelinin mahiyyətini təşkil etdi. Bu günə kimi də görülən bütün işlərin təməlində əhalinin sosial müdafiəsi məsələləri dayanır. Bunu biz hər addımda hiss edirik. Ümumilikdə isə deyə bilərik ki, Azərbaycanın müstəqillik dövründə sosial sabitlikdən sosial rifaha gedən mərhələ müəyyənləşib. Əgər ölkədə 2003-cü ilə qədər sosial sabitlik dövrü idisə, 2003-cü ildən sonrakı dövr sosial rifaha gedən yol kimi xarakterizə edilməlidir.

- Son illərdə əhalinin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində hansı tədbirlər görülüb?

-İnsanların güzəranı, yaşam səviyyəsi yaxşılaşdıqca tələbatları da artır. Nə qədər gəlir çox əldə olunursa, o qədər də tələbat artacaq, istəkdən-istək doğacaq. Əslində bu, sevindirici haldır. Elementar misal göstərmək istəyirəm. 2016-cı il üçün yaşayış minimumu ölkə üzrə 136 manat, əmək qabiliyyətli əhali üçün 146 manat, pensiyaçılar üçün 115 manat, uşaqlar üçün 117 manat məbləğində müəyyən edilib və bununla insanlar hər hansı məişət problemlərini həll edə bilirlər amma müəyyən artımın da olmasını istəyirlər. Yəni, tələb, istək heç vaxt tükənməyəcək. İnkişaf varsa, tələbat da olacaq.

- 2016-cı ilin dövlət büdcəsi sosialyönümlü büdcə kimi qiymətləndirilir. Necə düşünürüsünüz 2017-ci ilin dövlət büdcəsində daha çox hansı layihələrə üstünlük veriləcək?

- İlk növbədə dünyanın bir parçası olduğumuz üçün gedən prosesləri diqqətlə izləməli, nəticə çıxarmalıyıq. İstər siyasi, istərsə də iqtisadi proseslər ölkəmizdən yan keçə bilməz. Bu mənada dünyada gedən siyasi oyunların nəticəsi olaraq neftin qiymətinin azalması ölkə iqtisadiyyatına təsirsiz ötüşmədi. Ona görə də Azərbaycanın 2016-cı il dövlət büdcəsində əvvəlki illərə nisbətən azalma müşahidə edildi. Buna baxmayaraq Prezident İlham Əliyevin tövsiyəsinə uyğun olaraq sosial müdafiə məsələlərinə ayrılan vəsait bir manat belə azalmadı. 2017-ci ilin dövlət büdcəsinə gəlincə isə müəyyən kəsirlər gözlənilir. 2016-cı ilin büdcəsinə nisbətən təxminən 1 milyard yarım civarında enmə ola bilər. Amma hesab edirəm ki, növbəti ilin büdcəsində sosial məqsədlərə ayrılan vəsaitdə azalma olmayacaq.

- Qeyd etdiniz ki, sosial layihələr davam etdirilir. Belə layihələrdən biri də sosial mənzillərin tikintisidir. Maraqlıdır bu imkandan konkret olaraq hansı kateqoriyadan olan insanlar yararlana biləcək?

- Əvvəllər ölkəmizdə buna bənzər layihələr mövcud idi. Sovet dönəminə kiçik ekskursiya etsək görərik ki, aztəminatlı ailələrin mənzillə təmin olunması məqsədilə idarələrin, müəssisələrin mənzil növbəsi olurdu və bundan müəyyən qrup insanlar istifadə edə bilirdi. Sonrakı illərdə bu tendesya davam etdirildi. Qaçqın və məcburi köçkünlərin, Qarabağ əlilləri və şəhid ailələrinin mənzillə təmin olunmasını misal göstərə bilərik. Amma həmin illərdə bu layihələri həyata keçirəcək vahid qurum yox idi. Bu gün isə aztəminatlı ailələrin mənzil probemlərinin həllinə töhfə verən sosial layihənin həyata keçirilməsi məqsədi ilə dövlət başçısının Fərmanı əsasında Azərbaycan Prezidenti yanında Mənzil İnşaatı Dövlət Agentliyi yaradılıb. Şəhərin mərkəzi yerlərindən birində 12 hektar torpaq sahəsində yaranacaq şəhərciyin layihəsində məktəb, bağça, poliklinikanın da tikintisi planlaşdırılır. Sözügedən layihədən daha çox adından bəlli olduğu kimi, sosial vəziyyəti aşağı olan təbəqə istifadə edə biləcək. Konkret olaraq isə kimlərə, hansı şərtlərlə sosial evlərin veriləcəyi hələ ki müzakirə olunmaqdadır. Elə etmək lazımdır ki, hər kəsin mənzil almaq imkanı olsun. Təxminən belə fikirlər var ki, onlardan biri də ilkin vəsait ödəmədən çox aşağı kirayə haqqı ilə 25-30 il müddətinə aztəminatlı ailələrə hazır mənzillərin verilməsidir. Digər bir fikir isə nigaha daxil olan gənc ailələrin bu layihədən yararlana bilməsidir. İdarə və müəssisələr də işçilərini mənzil növbəsinə götürə bilər. Əlbəttə ki, variantlar müxtəlifdir. Bu yöndə əsasnamə işlənilir və tezliklə layihənin icraatına başlanılacaq.

- Əhalinin aztəminatlı təbəqəsinin sosial yardımdan asılılığının aradan qaldırılması üçün hansısa tədbirlər görülürmü? Sədrlik etdiyiniz komitədə sözügedən məsələ ilə bağlı hansı təkliflər səsləndirilir?

- Bu məsələ daim diqqət mərkəzində olub. 25 il öncə hakimiyyətdə olan qruplar var idi ki, onların idarəetmə səriştəsizliyindən dolayı olduqca populist sosial müdafiə addımlar atılırdı. Müəyyən sosial qruplar üçün nəqliyyat vasitələrində gediş haqqının pulsuz olması, işıqpulunun olmamasına dair fikirlərdən doğan uyğunsuzluqları tənzimləmək çox zaman tələb etsə də dövlətin apardığı islahatlar sayəsində bütün bunlar doğru şəkildə tənzimləndi. Belə ki, Qarabağ əlillərinə ictimai nəqliyyatdan istifadə etmək üçün aldıqları müavinətin üstünə vəsait əlavə olundu. Həmçinin Qarabağ əlilinə xəstəliyi ilə əlaqədar dərman yazılır və onlar gedib aptekdən lazım olan dərmanı rahat şəkildə alır. Onun pulunu isə Əmək və Sosial Müdafiə Nazirliyi ödəyir. Əvvəllər bu, belə tənzimlənmirdi. Qarabağ əlili öz vəsiqəsini göstərərək istənilən qohumuna, istənilən dərmanı ala bilirdi. Burada ilk növbədə ünvanlılıq təmin olundu. Yəni sən gedirsən həkimə xəstəliyin müəyyən edilir və hansı dərman sənə lazımdırsa aptekdən həmin dərmanları ala bilirsən. Beləliklə də ünvanlılıq mexanizminin düzgün şəkildə qurulduğunun şahidi olduq. Ünvanlı sosial yardım məsələsinə gəlincə, bu sahədə Polşa modelindən istifadə etsək də, istədiyimiz nəticəni ala bilmədik. Hazırda kimə, hansı halda müavinət verilirsə o müəyyənləşdirilir və elektron qaydada həyata keçirilir. Amma aparılan təhlillər onu göstərdi ki, ünvanlı sosial yardım alanların böyük əksəriyyəti sağlam, iş qabiliyyəti olan insanlardır. Sadəcə kənd yerində yaşayır, gəliri yoxdu, məşğuliyyəti yoxdu deyə yardım almaq üçün müraciət edib. Bu insanlar müavinətdən istifadə edib iş axtarmırlar.  Bu zaman şəxsiyyətin deqradasiyası olur və yanlış istiqamətlənirlər. Digər bir faktı da qeyd edim. Həmin bu insanların əksəriyyətinin özünün kənd yerində istifadəyə yararlı torpaq sahəsi var. Həyətində toyuq saxlaya bilər, arı balı düzəldə bilər. Bu baxımdan maraqlı ideyaalar meydana çıxıb. Onlardan biri də özünüməşğulluqdur. Oraya ayrılan vəsait birbaşa vətəndaşa deyil, onun məşğul olacağı sahədə istifadə ediləcək texnikaya və ya ləvazimata ayrılacaq. Dünyada “sheep” proqramı deyilən bir proqram mövcuddur. Proqrama əsasən qaçqın və məcburi köçkün ailələrinə qoyunçuluqla məşğul olmaqdan ötrü dörd dişi, bir erkək qoyun alıb verilir və onlardan bala alınandan sonra qurumun işi bitmiş hesab olunur. Buraya müxtəlif heyvanların adını da daxil etmək olar ki, bu yolla məşğulluğu təmin etmək mümkün olar.

- Milli Məclisdə həmkarlarınız tərəfindən şəhid ailələrinə birdəfəlik verilən sosial müavinətin məbləğinin artırılması təklif olundu. Sizin məsələyə münasibətiniz cəmiyyət tərəfindən heç də yaxşı qarşılanmadı. Bu gün isə mətbuatda daha bir açıqlamanız sözün əsl mənasında ajiotaja səbəb oldu. Fikirlərinizi necə əsaslandırırsınız?

- Bəzən jurnalistlər zəng vururlar hansısa mövzu ilə əlaqədar fikrimi öyrənməyə çalışırlar. Bu çox yaxşı haldır. Bəzən isə mənim verdiyim açıqlamanı hansısa mətbu orqan və yaxud sayt təhrif edərək, özünəməxsus şəkildə işıqlandırır. Sözügedən fikirlər də bu qəbildən idi. Orada jurnalist öz fantaziyasından irəli gələn fikirlər yazaraq mənim fikirlərimi tamamilə təhrif etmişdi. Parlamentdə çıxışım zamanı səslənən təkliflərə hörmətlə yanaşdığımı, rəqəmlərin hamısının hesablanmalı olduğunu və büdcəyə uyğun şəkildə tənzimlənməli olduğunu söyləmişdim. Hətta təklif etmişdim ki, bu məbləğ bir milyon manat olsun. Amma gəlin görək təklif irəli sürmək məsələnin həlli deməkdirmi? Kimlərinsə xoşuna gəlmək üçün istədiyimiz rəqəmləri səsləndirə bilərik. Burada bir məqam da var. O vaxt şəhid ailələrinə üç min manat birdəfəlik müavinət müəyyənləşdirilmişdi və həmin ailələr üç il müddətinə aidiyyəti qurumlara müraciət etməsəydi sonradan həmin müavinət verilmirdi. Zamanla möhtərəm Prezidentimizin rəhbərliyi ilə bu yöndə işlər daha da təkmilləşdirilərək həmin üç il məhdudiyyət aradan qaldırıldı və qanunla müəyyən olundu ki,  şəhid ailəsi istənilən vaxt onlara ayrılan müavinəti ala bilər. Daha sonra şəhid ailələrinə verilən müavinət artırılaraq 11 min manata, əlil ailələrinə isə 8 min manata çatdırıldı. Bütün bu işlər 2013-cü ildə həyata keçirildi. İndiki məqamda, dünyada neftin qiymətinin aşağı düşdüyü bir vaxtda belə bir ideyanın irəli sürülməsi təbii ki, qeyri-reallıqdan xəbər verir. Ona görə də düşünürəm ki, imkanlar çərçivəsində işlər görməli, yeni ideyalar səsləndirməzdən əvvəl imkanlarımıza nəzər yetirməliyik.

- Hazırda elə şəhid ailələri var ki, onlar hələ də müavinətlərini ala bilmirlər. Səbəb nədir? Həmin ailələr müvafiq qurumlara müraciət edə bilərmi?

- Burada bir neçə səbəb var. Başlıca səbəblərdən biri də o illərdə insanların hüquqi biliklərinin aşağı səviyyədə olması idi. Onlar hara müraciət edə biləcəkləri ünvanları tanımırdılar. İndi vəziyyət bir qədər fərqlidir. O mənada ki, şəxsən mən həmin ailələri araşdırır, onları maraqlandıran sualları cavablandırır, məsələnin həlli yollarını izah etməyə çalışıram. Hesab edirəm ki, deputat həmkarlarımla yanaşı, jurnalist dostlar, qeyri-hökumət təşkilatlarının nümayəndələri belə ailələrə imkan daxilində hüquqi, mənəvi yardım etməlidirlər. İkinci məsələ isə ondan ibarətdir ki, elə əlil insanlar var ki, onlar bu vəziyyətlərindən barter kimi istifadə edirlər. Elə insanlar da var ki, dövlətin göstərdiyi dəstəkdən yararlanır və dua edirlər. Əlbəttə ki, biz bu insanların həmişə yanında olmağı özümüzə mənəvi borc hesab edirik. Düşünürəm ki, qısa zaman içində bu qədər işlərin görülməsi qənaətbəxşdir.

İntizarə Məmmədova, Şəmsiyyə Əliqızı, 
Vüsal Cahanov(foto), “İki sahil”