Naxçıvan Muxtar Respublikası (MR) Təhsil Nazirliyi ilə BP arasında əməkdaşlıq sazişi imzalanıb.
“İki sahil” xəbər verir ki, sazişi muxtar respublikanın təhsil naziri Elxan Nəcəfov və BP-nin Xəzər regionu üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəyli imzalayıb.
Sazişə əsasən, BP tərəfindən muxtar respublikanın bir neçə təhsil müəssisəsində kimya laboratoriyalarının qurulması və ya mövcud laboratoriyaların zənginləşdirilməsi, peşə təhsili müəssisələrində isə istehsalat emalatxanalarının zənginləşdirilməsi və ya yeni emalatxanaların yaradılması nəzərdə tutulur.
Həmçinin şirkət tərəfindən muxtar respublikanın ümumtəhsil müəssisələrində tədris aparan 30 nəfər perspektivli və metodoloji dəstəyə ehtiyacı olan ingilis dili müəlliminin ixtisasartırma və təlim proqramlarına cəlbi, istedadlı şagirdlərin (riyaziyyat, informatika, fizika və kimya fənləri üzrə) aşkarlanması, onların yerli və beynəlxalq olimpiadalara hazırlığının dəstəklənməsi həyata keçiriləcək.
Qeyd edək ki, bu çərçivədə Naxçıvan Dövlət Peşə Təhsil Mərkəzində 2 istehsalat emalatxanası, Heydər Əliyev adına tam orta məktəbdə və Naxçıvan Qızlar Liseyində isə 2 yeni laboratoriya yaradılacaq.
İmzalanma mərasimindən sonra laborotoriyaların və istehsalat emalatxanalarının yaradılacağı təhsil müəssisələrinə baxış keçirilib.