10 aprel 2026 19:14
151

Ürəklərdə yaşayanlar...

Dağlar diyarı Lerikdə boya-başa çatan Valeh Əlizaid oğlu Müslümov Birinci Qarabağ müharibəsində Vətənini canından əziz tutaraq son damla qanına qədər onun yolunda vuruşaraq 23 yaşında şəhidlik zirvəsinə ucalıb. Onun müharibə meydanında göstərdiyi şücaətinə dövlət tərəfindən yüksək qiymət verilib. Azərbaycan Respublikası Prezidentinin 1992-ci il 6 iyun tarixli 831 nömrəli Fərmanı ilə “Azərbaycanın Milli Qəhrəmanı” adını almış 11 nəfərdən biri Valeh Müslümov olub. Leriklilər öz qəhrəman oğlu ilə fəxr edir, onun xatirəsini yaşatmağı özünə müqəddəs borc bilirlər.

Əbədi milyonların ürəyində özünə yuva quran Valeh Müslümovun anım günü-10 apreldə Yeni Azərbaycan Partiyası Lerik Rayon təşkilatının sədr müavini Elnur Məmmədov, Lerik Rayon İcra Hakimiyyətinin nümayəndələri, rayon ictimaiyyətinin üzvləri və şəhidin ailə üzvləri qəhrəmanın məzarını ziyarət ediblər. Xatirəsinə ehtiram əlaməti olaraq önünə gül-çiçək dəstələri düzüblər

Çıxış edənlər ölümsüzlüyə qovuşan qəhrəmanın Vətən uğrunda göstərdiyi şücaətdən böyük qürurla söz açıblar. YAP Lerik rayon təşkilatının sədr müavini Elnur Məmmədov deyib ki, torpaq şəhid qanı ilə Vətən olur. Bunu Valeh kimi oğlanlar bir daha təsdiq etdilər. Çətin anda qan töküb Vətəni alınmaz qalaya çevirdilər. Valeh bu dünyadan tez getdi. Qaldı ki, onun keçdiyi qəhrəmanlıq yolu gələcək nəsillər üçün də örnək oldu. Xatirəsi daim xalqımızın qəlbində yaşayacaq.

Şəhid ailələrinə göstərilən diqqət və qayğıya görə ölkə rəhbəri İlham Əliyevə, eləcə bütün xalqa razılığını bildirən qəhrəmanın qohumları dedilər ki, oğlumuzun adını şirin dillərdən eşidəndə qürur duyuruq. Vətən sevgisi Valehi ən ali mərtəbəyə yüksəldib. İndi bütün Azərbaycan onunla fəxr edir.

Azərbaycanın Milli Qəhrəmanı Valeh Müslümov 1968-ci ildə Lerik şəhərində dünyaya göz aşıb. O, 1991-ci il aprelin 10-nu düşmənlə qeyri-bərabər döyüşdə yaralanmış 11 nəfər döyüşçü yoldaşını xilas edib təhlükəsiz zonaya apararaq əsl igidlik nümunəsi göstərib. Ürəyi düşmən gülləsinə tuş gəlsə də, son nəfəsdə belə yağıya qan qusdurub.

Zəfər Orucoğlu,
Azərbaycan Jurnalistlər Birliyinin üzvü