19 iyul 2025 19:52
243

Azərbaycan mediası: operativ və etibarlı informasiya mənbəyi

Azərbaycan milli mətbuatının təməli 1875-ci il iyulun 22-də görkəmli ziyalı, maarifçi və publisist Həsən bəy Zərdabi tərəfindən nəşr olunmağa başlayan “Əkinçi” qəzeti ilə qoyulmuşdur. Bu qəzet cəmi 56 sayı ilə tarixdə qalmasına baxmayaraq, milli jurnalistikamızın ideoloji, mənəvi və peşəkar əsaslarını formalaşdırmış, xalqın maariflənməsi və milli özünüdərk prosesinin başlanğıcına çevrilmişdir. “Əkinçi”nin fəaliyyəti milli şüurun oyanması və azərbaycançılıq ideologiyasının formalaşmasına təkan verən mühüm mərhələ olmuşdur.

150 illik tarixə malik milli mətbuat təkcə informasiya vasitəsi kimi deyil, eyni zamanda cəmiyyətin mənəvi-siyasi inkişafı, dövlət müstəqilliyinin möhkəmləndirilməsi və informasiya təhlükəsizliyinin qorunmasında mühüm rol oynayır. İnkişaf yolu müxtəlif ictimai-siyasi mərhələlərdən keçmiş mediamız artıq müasir texnologiyalar və qlobal media standartları ilə ayaqlaşan, rəqabətədavamlı və güclü bir sistemə çevrilmişdir.

Milli mətbuatın ilkin mərhələsi maarifçilik ideyalarının yayılması, xalqın təhsilə, elmə və müasir düşüncə tərzinə yönəldilməsi ilə xarakterizə olunur. “Əkinçi” ilə başlanan bu yol sonralar “Ziya”, “Kəşkül”, “Molla Nəsrəddin” kimi qəzet və jurnallar vasitəsilə daha geniş ictimai əks-səda doğurmuş, ziyalı təbəqənin maarifçilik çağırışları geniş xalq kütlələrinə çatdırılmışdır. Bu dövrdə mətbuat milli kimliyin qorunması və formalaşmasına xidmət edən əhəmiyyətli ideoloji platformaya çevrilmişdir.

XX əsrin əvvəllərində mətbuat orqanları azərbaycançılıq, milli azadlıq, sosial bərabərlik kimi ideyaları cəmiyyətə aşılamışdır. Bu dövrdə qəzet və jurnallar cəmiyyətin siyasi maariflənməsində mühüm rol oynamış, milli istiqlal ideyasının geniş xalq kütlələri arasında yayılmasına şərait yaratmışdır. Əli bəy Hüseynzadə, Məhəmməd ağa Şahtaxtlı, Əhməd bəy Ağaoğlu kimi ziyalıların fəaliyyəti mətbuatın ideoloji yükünü daha da gücləndirmişdir.

1993-cü ildən etibarən Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə ölkədə bütün sahələrdə olduğu kimi, media sektorunda da köklü islahatlara start verildi. 1998-ci ildə dövlət senzurasının tamamilə ləğv olunması ilə mətbuat azadlığının təmin olunması istiqamətində fundamental addım atıldı. Media subyektlərinin fəaliyyəti üçün hüquqi baza yaradıldı, iqtisadi müstəqillikləri gücləndirildi, dövlətin informasiya siyasətində şəffaflıq və plüralizm prinsipləri ön plana keçdi.

Ulu Öndər Heydər Əliyevin uzaqgörən siyasətini uğurla davam etdirən Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda media sahəsində sistemli və ardıcıl islahatlar həyata keçirilmişdir. Bu istiqamətdə atılan mühüm addımlardan biri 2008-ci il 31 iyul tarixində “Azərbaycan Respublikasında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Konsepsiyası”nın qəbul edilməsi olmuşdur. Sənəd media mühitinin demokratikləşdirilməsi, kütləvi informasiya vasitələrinin fəaliyyətinin səmərəliliyinin artırılması və jurnalistlərin peşəkarlığının yüksəldilməsi məqsədlərinə xidmət etmişdir.

İnformasiya əsrində milli təhlükəsizlik anlayışı təkcə hərbi və siyasi deyil, informasiya sahəsini də əhatə edir. Bu baxımdan, effektiv media siyasəti informasiya təhlükəsizliyinin təmin edilməsində əsas mexanizmlərdən biri kimi çıxış edir. Xüsusilə 44 günlük Vətən müharibəsində Azərbaycan mediası düşmən təbliğatına qarşı əsl informasiya sipərinə çevrilmiş, beynəlxalq aləmdə ölkəmizin haqq səsinin eşidilməsinə mühüm töhfə vermişdir. Postmüharibə dövründə də bu vəzifə davam etdirilir.

Prezident İlham Əliyev tərəfindən 2021-ci il 12 yanvar tarixində imzalanmış “Azərbaycan Respublikasında media sahəsində islahatların dərinləşdirilməsi haqqında” Fərmanla Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun bazasında “Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi” publik hüquqi şəxs yaradılmışdır. Həmin ilin 30 dekabr tarixində isə “Media haqqında” Qanun təsdiq edilmiş və bununla da media sahəsində modernləşmə prosesi daha da sürətlənmişdir. Jurnalistlərin sosial müdafiəsinin gücləndirilməsi, onların peşəkar inkişafına dəstək göstərilməsi, həmçinin informasiya resurslarının iqtisadi müstəqilliyini təmin edən vergi güzəştləri bu siyasətin praktiki nəticələrini əks etdirir.

Azərbaycan milli mətbuatı 150 illik tarixi boyunca xalqın maariflənməsinə, milli özünüdərkə, ictimai-siyasi şüurun formalaşmasına, azad cəmiyyətin qurulmasına və dövlətçilik prinsiplərinin möhkəmləndirilməsinə misilsiz töhfələr vermişdir. Mətbuat təkcə informasiya daşıyıcısı deyil, həm də ideya, milli kimlik və vətəndaş məsuliyyəti daşıyıcısıdır. Prezident İlham Əliyevin təşəbbüsü ilə 2025-ci ildə milli mətbuatın 150 illik yubileyinin qeyd olunması bu sahəyə verilən yüksək dəyərin göstəricisidir. Milli mətbuat keçmişin təcrübəsinə, bu günün imkanlarına və gələcəyin hədəflərinə əsaslanaraq öz inkişafını davam etdirməkdədir.

Elşən Alıyev,

YAP Daşkəsən rayon təşkilatının sədr müavini