20 iyul 2025 09:21
273

Qarabağda Qardaş Addımları: Şuşada Tarixi Görüş

2025-ci ilin 16 iyulunda Qarabağ torpaqları, bir daha tarixə şahidlik etdi – bu dəfə sülhün, həmrəyliyin və türkdilli dünyada bərabərliyin səsləri ilə!

Azərbaycan Prezidenti İlham Əliyev və Türkmənistan Xalq Məsləhətinin sədri Qurbanqulu Berdıməhəmmədovun Füzuli və Şuşaya birgə səfəri, yalnız iki liderin protokol ziyarəti deyildi. Bu, bir xalqın yarasına başqa bir qardaş xalqın məlhəm olmağa gəldiyinin simvolu idi.

Füzuli Beynəlxalq Hava Limanında türkmən qonağın qarşılanması ilə başlayan səfər, müharibədən sonra yenidən doğulan şəhərlərimizin qürurla dünyaya nümayişi idi. Qurbanqulu Berdıməhəmmədov burada görülən quruculuq işlərini, işğaldan azad edilən ərazilərdə həyata keçirilən layihələri şəxsən gördü. İlham Əliyev isə qürurla bu torpaqlarda qazanılmış zəfərin həm simvolik, həm də praktiki nəticələrini qonağına təqdim etdi.

Səfərin ən möhtəşəm məqamı Şuşa şəhərinə birlikdə gediş oldu. Bu şəhər – Azərbaycanın mədəniyyət paytaxtı, təkcə memarlığı və tarixi ilə deyil, həm də simvolik mənası ilə Qarabağın ruhunu özündə daşıyır.

İki lider burada Yuxarı Gövhər Ağa məscidini, Bülbülün ev-muzeyini, Xurşidbanu Natəvanın büstünü və digər tarixi məkanları ziyarət etdilər. Bu ziyarət, təkcə keçmişə ehtiram deyil, gələcək üçün verilmiş birlik andı idi. Berdıməhəmmədovun sözləri isə yaddaşlara həkk olundu: “Qarabağın azad olunması təkcə Azərbaycanın deyil, bütün Türk dünyasının qələbəsidir.”

Səfər zamanı Prezident İlham Əliyev türkmən liderə "Dostluq" adlı Qarabağ atı hədiyyə etdi. Bu, sadə bir hədiyyə deyildi – əsrlərlə Türk xalqlarının ortaq simvollarından biri olan at, bu dəfə qardaşlığın nişanəsi olaraq təqdim edildi. Atın gur nəfəsi sanki dağlarda türkdilli xalqların birliyini pıçıldayırdı.

Bu səfər təkcə Şuşada baş tutan bir tədbir kimi deyil, bölgəyə verilən sülh mesajı kimi də dəyərləndirilməlidir. İki liderin Qarabağ torpaqlarında bir araya gəlməsi, regional əməkdaşlığın mümkünlüyünü, müharibədən sonra həyatın bərpa olunacağını və xalqların birlik içində yaşaya biləcəyini dünyaya göstərdi.

Şuşanın daşları bu səfəri yaddaşına yazdı – qardaşlıq, səmimiyyət və gələcəyə uzanan dostluq yolu kimi. Qarabağımız  bütün dünyaya bu dəfə Türkmənistanın qardaş səsi ilə, Azərbaycanın əmin addımı ilə, Türk dünyasının bərabərlik nəfəsi ilə xitab edir, bir daha həqiqətləri və ədaləti hsqqında danışırdı.

Jalə Əliyeva
Millət vəkili
Milli Məclisin Ailə qadın,uşaq məsələləri komitəsinin sədr müavini