Azərbaycan mətbuatı uzun və şərəfli bir tarixə malikdir. 22 iyul – Milli Mətbuat Günü Azərbaycan jurnalistikasının əsasını qoymuş “Əkinçi” qəzetinin ilk nömrəsinin işıq üzü gördüyü gündür. Bu mühüm tarixi gün 1875-ci ildə böyük maarifçi və ziyalı Həsən bəy Zərdabinin təşəbbüsü ilə nəşrə başlayan “Əkinçi” qəzeti ilə bağlıdır. “Əkinçi” qəzetinin fəaliyyətə başlaması xalqın milli oyanışında, maariflənməsində və müasir mətbuatın yaranmasında mühüm mərhələ olub.
Azərbaycan mətbuatı XIX əsrin sonlarından bu günə qədər çətin, lakin şərəfli bir yol keçmişdir. “Əkinçi”dən sonra “Ziya”, “Kəşkül”, “Molla Nəsrəddin” kimi qəzet və jurnallar mətbuatın maarifləndirici rolunu davam etdirdi. XX əsrin əvvəllərində siyasi, sosial və ictimai məsələlərin mətbuatda işıqlandırılması xalqın maariflənməsində, milli şüurun formalaşmasında və istiqlal ideyalarının yayılmasında mühüm rol oynadı.
Sovet dönəmində mətbuat partiya nəzarəti altında fəaliyyət göstərsə də, yazıçı və jurnalistlərin bir çoxu xalqın dilindən danışmağı bacardı. Onlar milli dəyərləri, ədəbiyyatı və mədəniyyəti qorumağa çalışdılar. Bu dövrdə mətbuatın missiyası məhdudlaşdırılsa da, jurnalistika məktəbi formalaşdı və yeni nəsil qələm sahibləri yetişdi.
1991-ci ildə Azərbaycanın müstəqilliyini bərpa etməsi ilə milli mətbuat da yeni inkişaf mərhələsinə qədəm qoydu. Söz və ifadə azadlığı təmin olundu, müxtəlif formatlarda qəzet və jurnallar fəaliyyətə başladı, elektron və internet mediası sürətlə inkişaf etdi. Prezident İlham Əliyev tərəfindən jurnalistlərə dəstək məqsədilə sosial və hüquqi islahatlar həyata keçirildi, jurnalistlər üçün mənzillər tikildi, media sahəsində institusional islahatlar dərinləşdirildi.
Müasir dövrdə Azərbaycan mətbuatı rəqəmsal transformasiya yaşayır. Ənənəvi media ilə yanaşı, onlayn portallar, sosial şəbəkə jurnalistikası, videobloglar informasiya məkanında fəal yer tutur. Eyni zamanda dövlət informasiya təhlükəsizliyini təmin etmək və saxta xəbərlərlə mübarizə aparmaq üçün qanunvericilik sahəsində addımlar atır.
22 iyul – Milli Mətbuat Günü təkcə mətbuatın yaranma tarixi deyil, həm də jurnalistlərin cəmiyyət qarşısında daşıdığı məsuliyyətin təntənəsidir. Bu gün jurnalistlər yalnız informasiya yaymır, eyni zamanda cəmiyyətin maariflənməsinə, demokratik dəyərlərin formalaşmasına və milli maraqların qorunmasına xidmət edirlər. Milli Mətbuat Günü münasibətilə bütün qələm sahiblərini təbrik edir, onlara yeni yaradıcılıq uğurları arzulayırıq. Azərbaycan mətbuatı bu gün yalnız informasiya vasitəsi deyil, həm də milli düşüncənin, ictimai rəyin formalaşmasında mühüm rol oynayan bir institutdur. Peşəkar jurnalistlər ölkədə və dünyada baş verən hadisələri operativ və düzgün formada ictimaiyyətə çatdırmaqla yanaşı, insan hüquqlarının müdafiəsində, sosial problemlərin işıqlandırılmasında və ictimai nəzarətin təmin olunmasında da fəal mövqe tuturlar.
Son illər ölkədə medianın inkişafı istiqamətində mühüm islahatlar həyata keçirilir. Medianın İnkişafı Agentliyi vasitəsilə mətbuata maliyyə və hüquqi dəstək göstərilir, regionlarda jurnalist fəaliyyətinin stimullaşdırılması üçün təşəbbüslər reallaşır. Jurnalistlərin peşə hazırlığı, beynəlxalq təcrübə ilə tanışlığı və texnoloji imkanlarla təmin olunması istiqamətində layihələr icra olunur.
Yeni nəsil jurnalistlər müasir texnologiyalardan istifadə etməklə informasiya məkanında aktivlik nümayiş etdirir. Onlar sosial şəbəkələr, “podcast”lar, “YouTube” kanalları vasitəsilə geniş auditoriyaya çatır, gənclərin informasiya maraqlarını qarşılayır və daha interaktiv jurnalistika nümunələri yaradırlar.
22 İyul – Milli Mətbuat Günü həm də medianın gələcəyini düşünmək, onun müstəqil, peşəkar və məsuliyyətli olmasının vacibliyini dərk etmək günüdür. Bu əlamətdar gündə Azərbaycanın jurnalistlərinə uğurlar, cəsarət və obyektivlik arzulayır, mətbuatın inkişafında əməyi olan hər kəsin qarşısında ehtiramla baş əyirik.
F.Əliyeva,
YAP Xətai rayon təşkilatının məsləhətçisi