16 iyul 2025 08:10
149

"Terrorsuz Türkiyə”!" çağırışı bölgədə sabitliyin etibarlı qarantıdır - TƏHLİL

Prezident İlham Əliyevin iyulun 12-də dövlət başçısı Rəcəb Tayyib Ərdoğana zəng edərək  PKK terror qruplaşmasının özünü ləğv etməsi və silahı yerə qoyması ilə bağlı qardaş Türkiyə xalqını  təbrik etməsi,  15 İyul hadisələrinin ildönümü ilə əlaqədar türkiyəli həmkarına məktub ünvanlaması «Bir millət, iki dövlət» müdrik kəlamının ifadəsidir 

Müharibə  kimi, insanlığa  qarşı  qanlı cinayət olan  terror aktları da  bəşəri dəyərləri və onları qoruyan hüquq sistemini sarsıdan, insanları  fəlakətlərə sürükləyən  mənfur niyyətdir. 2001-ci il sentyabrın 11-də  Amerikanın Nyu-York və Vaşinqton şəhərlərində törədilən hadisədən sonra terrora qarşı beynəlxalq mübarizənin formlaşması ilə bütün dünya dövlətləri  təhlükəsizliklərinin qorunması üçün ciddi tədbirlər gördülər.  Terrorçuların qaçırdıqları təyyarələrin  Ümumdünya Ticarət Mərkəzinin 110 mərtəbli qoşa binalarına, ABŞ Müdafiə Nazirliyinin (Pentaqon) binasına çırpılması, 3 min nəfərin ölümü, 6 mindən çox insanın yaralanması ilə nəticələnən hadisədən sonra terrora qarşı beynəlxalq mübarizəyə qoşulanların sayı artdı.  Əsrlər boyu  daşnakların  terroruna məruz qalan Azərbaycan təşəbbüsə ilk qoşulmaqla  kifayətlənmədi, beynəlxalq terrorizmlə mübarizəyə önəmli töhfələr verdi.

Ötən əsrin ortalarından etibarən  bəzi  dövlətlərə qaşı təhdid , təzyiq vasitəsi kimi  formalaşdırılan terror təşkilatları ağla gəlməyən dəhşətli cinayətlər törətmiş, dövlət başçılarına qarşı sui-qəsdlərdə iştirak etmiş,  xüsusi əhəmiyyətli obyektləri, infrastrukturları sıradan çıxarmışlar.  Kimyəvi, kriminal,  sosial, dini radikalizm,  siyasi, ideoloji, bioloji  olmaqla  insanlara, təbiətə, bütün canlılara qarşı məqsədli şəkildə  törədilən terrorlar  dünya xalqlarının kabusuna dönüb.

Əl-Qaidə,  "İŞİD",  «Boko Haram», ASALA,  «Daşnaksütyun» kimi qatı   terror təşkilatlarının törətdikkləri cinayətlərin qurbanları olan dinc insanların sayı yüz minlərlədir.

Türkiyəyə və Azərbaycana qarşı  ən  dəhşətli cinayətlər törədən «Ermənistanın azadlığı uğrunda erməni gizli ordusu»nun ( ASALA)   və "Daşnaksütyun"un  məqsədi Şərqi Türkiyə, Şimali İran və Azərbaycanın Naxçıvan və Dağlıq Qarabağ əraziləri hesabına  «böyük Ermənistan» dövləti yaratmaq olub.  ASALA əsasən Türkiyə və Azərbaycan vətəndaşlarına qarşı terror aktları həyata keçirib. «Əbu Nidal», «Qara sentyabr» kimi terror qrupları ilə əməkdaşlıq edən ASALA qaniçənlərinin  Azərbaycanda törətdikləri  vəhşiliklər nəticəsində minlərlə soydaşımız qətlə yetirilmiş, əlil olmuş, şəhər və kəndlərimiz viran qoyulmuşdur. «Bizim düşmənimiz türk rejimi, NATO və bizlə əməkdaşlıq etməyən ermənilərdir» şuarı ilə qətllər törədən  təşkilatda birləşən silahlıların  insanlığa qarşı  apardaqları qanlı  əməliyyatların  sayı-hesabı yoxdur. İnsanları diri-diri yandırmaq, torpağa basdırmaq, kütləvi halda  qətlə yetirmək metodlarından istifadə etməklə  son iki əsrdə  azərbaycanlılara qarşı  zülm edən «Daşnaksütyun» partiyasının terrorçuları bu gün  ideoloji sahədə  mənfur niyyətlərini davam etdirirlər. Cənubi Qafqazda  sabitliyin bərpasına əngəl törədən    erməni vəhşilərindən ibarət  terror təşkilatları hazırda   özlərini buraxdıqlarını elan edən  PKK ilə də sıx əməkdaşlıq etmiş, türklərə qarşı  ən qanlı cinayətlərə imza atmışlar.

 XXI əsrin əvvəllərində beynəlxalq təhlükəsizlik üçün yeni təhdidlər yaradan,  ən müasir  silah-sursatlarla  təmin edilən terror təşkilatlarının Suriyada, Türkiyədə , Azərbaycanda törətdikləri qandonduran  cinayətlərini  həyəcansız izləmək olmur.  Artıq  mübarizə metodları  «müasirləşən», ən müasir kütləvi qırğın silahlarından istifadə edən terror təşkilatlarının  Ermənistanda olduğu kimi, qanlı   əməllərini din pərdəsi altında gizlətmələri,  ölkələrin daxili işlərinə müdaxilələri,  hərbi münaqişələrdə iştirakları daha ağır nəticələr verir. Zorakılığa, məruz qalanlar isə   dinc insanlar olur. Güclü dövlətlərin «beynəlxalq terrorizmə qarşı mübarizə»  adı altında  başqa ölkələrin daxili işlərinə müdaxiləsi,  dinc əhalidə vahimə yaratmaq naminə törətdikləri cinayətlər hələ də davam etməkdədir.   

İrqi ayrı- seçkilik, dini radikalizm, milli münaqişə   pərdəsi  altında törədilən terrorlar daha çox yayılıb.    Güclü dövlətlər tərəfindən maliyyələşdirilən,  ən müasir silah-sursatlarla təmin olunan qanunsuz hərbi  birləşmələr  yalnız stabilliyin pozulması və ya hansısa qısamüddətli planların həyata keçirilməsi ilə kifayətlənmirlər.  Qlobal dünyamızın düzənini pozan,  mahiyyətcə daha ciddi və genişmiqyaslı siyasi məqsədlərdə, siyasi hakimiyyətlərin ələ keçirilməsində , ölkə ərazilərinin yenidən bölüşdürülməsində, suveren dövlətlərin daxili işlərinə müdaxilədə, yerli əhalinin  öz torpaqlarından  zorla çıxarılmasında, dini, irqi, etnik, sosial-siyasi qarşıdurmaların  gücləndirilməsində  terror təşkilatlarından istifadə   adi haldır. Qanlı əməllərini ən  müasir  İKT  vasitələrindən istifadə etməklə həyata keçirən  mütəşəkkil, mobil terror şəbəkələri ilə mübarizə daha da   çətinləşib.    BMT ilə yanaşı, ATƏT, NATO, MDB, Ərəb Dövlətləri Liqası və s. qurumlar terrorizmlə mübarizədə iştirak etsələr də,   hələ ki, bəzi ölkələrdə dinc əhali silahlı birləşmələrin hücumlarına məruz qalır.

Torpaqları 30 il Ermənistanın işğalı altında   qalan, daşnakların   hərbi, ekoloji, kimyəvi, siyasi, ideoloji terrorları ilə üzləşən, qlobal və regional səviyyədə terrorçuluğa qarşı mübarizə məqsədilə qəbul edilən bütün konvensiyalara qoşulan  Azərbaycanın Silahlı Qüvvələrinin  hərbçiləri  NATO-nun sülhməramlı missiyasının  tərkibində İraqda, Əfqanıstanda və Kosovada  terrorizmə qarşı mübarizədə iştirak etmişlər. Bakı metropolitenində törədilən 2 partlayış (1994-cü ilin, mart, iyul ayları),  Azərbaycan Dövlət Neft Akademiyasındakı terror və digər təxribatlarla üzləşən ölkəmiz terrorizmə qarşı 8 beynəlxalq müqavilənin iştirakçısıdır.   Azərbaycan  Avropa İttifaqı (Aİ), ATƏT, Avropa Şurası, MDB, GUAM, Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı və digər beynəlxalq qurumlarla terrorizmə qarşı mübarizə tədbirlərində  da yaxından iştirak  edir. 2002-ci ildə Türkiyənin Trabzon şəhərində Azərbaycan, Türkiyə, Gürcüstan arasında «Terrorçuluq, mütəşəkkil cinayətkarlıq və digər mühüm cinayətlərlə mübarizə üzrə müqavilə»nin imzalanması regionda sabitliyin qorunmasına   etibarlı  təminatdır.

 Bu baxımdan 47 illik qanlı  cinayətlərinə son qoyduğunu elan edən Kürdüstan Fəhlə Partiyasının (PKK)  özünü buraxması ilə bağlı  qərarını razılıqla  qarşılayan Azərbaycan  qardaş Türkiyə ilə həmrəyliyini nümayiş etdirir. Türkiyənin  hakim Ədalət və İnkişaf Partiyasının (AKP) son toplantısında çıxışı zamanı  məsələni xüsusi vurğulayan  bu ölkənin Prezidenti Rəcəb Tayyib Ərdoğanın «Dünən PKK aldığı qərarı icra edərək silahı yerə qoydu. Bu, illərdir mübarizə apardığımız bir problemin həllində əhəmiyyətli dönüş nöqtəsidir. Biz bu yolun başından bəri «Terrorsuz Türkiyə”!» idealı ilə yola çıxdıq və bu yolda canımızı ortaya qoyduq. Türkiyənin xeyrinə olmayan heç bir addımda iştirak etmədik, əksinə, ölkəmizin rifahı naminə hər çətinliyə sinə gərdik”» sözləri  uzun illər çəkilən zəhmətin bəhrəsi,  uğur salnaməsidir. Çünki  PKK sadəcə Türkiyə və İraq sərhədində, İraqın şimalında mövcud deyildi .  Təşkilatın İranla sərhəddə PJAK, həmçinin İraqın Sincar bölgəsində, Suriyanın şimalında YPG, PYD və başqa silahlı qruplaşmaları da var . «Biz nə etdiyimizi çox yaxşı bilirik. Heç kim narahat olmasın – atdığımız hər addım, verdiyimiz hər qərar Türkiyə və millətimiz üçündür. Terrorun kökü kəsiləcək, buna hər kəs şahid olacaq. Bu prosesin sonunda qazanan yalnız dövlət deyil – hər bir vətəndaşımız, hər bir ailə, bütün cəmiyyətimizdir» söyləyən Rəcəb Tayyib Ərdoğan çıxışında ”terrorun əsl məqsədinin  bu torpaqlarda əsrlərdən bəri  dinc yaşayan türk və kürd xalqları arasında  nifaq toxumu səpmək olduğunu da qeyd edib.
 47 ildən sonra  PKK-nın bir qrup üzvünün  İraqın Süleymaniyyə bölgəsində silahlarını könüllü şəkildə təhvil verməsi, həmin silahlarınterrora son qoyulmasının  rəmzi olaraq  metal qazanda yandırılması regionda sülh üçün atılan ilk real addımlardan biri kimi qiymətləndirilir.

 Prezident İlham Əliyev iyulun 12-də türkiyəli həmkarı  Rəcəb Tayyib Ərdoğana zəng edərək  PKK terror qruplaşmasının özünü ləğv etməsi və silahı yerə qoyması ilə bağlı qardaş Türkiyə xalqını ürəkdən təbrik edib. Dövlətimizin başçısı bu mühüm hadisəni Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın rəhbərliyi ilə ölkədə həyata keçirilən qətiyyətli siyasətin, güclü liderliyin, sarsılmaz iradənin, milli birliyin və həmrəyliyin parlaq təntənəsi olduğunu vurğulayıb.

Telefon danışığı zamanı Prezident İlham Əliyev  «Terrorsuz Türkiyə!»” hədəfinə çatmaq yolunda atılan bu addımı regionda sülhə və sabitliyə xidmət edən mühüm dönüş nöqtəsi kimi dəyərləndirib və qəbul edilmiş qərarın tam icrası istiqamətində Türkiyə dövlətinə və xalqına uğurlar arzulayıb. Telefon danışığı zamanı dövlət başçıları Azərbaycan-Türkiyə strateji müttəfiqliyinin perspektivləri ilə bağlı fikir mübadiləsi aparıblar.  PKK terror təşkilatının özünü ləğv etməsini  və silahı yerə qoymasını regionda təhlükəsizlik və siyasi sabitlik baxımından mühüm hadisə adlandıran Prezident İlham Əliyev bu tarixi qərarı, Türkiyədə həyata keçirilən ardıcıl və qətiyyətli siyasətin nəticəsi kimi dəyərləndirib: «Bu, həm də Azərbaycan–Türkiyə qardaşlığının növbəti təzahürüdür». Dövlət başçıları bildiriblər ki, bu hadisə təkcə Türkiyə üçün deyil, bütövlükdə region üçün də mühüm bir dönüş nöqtəsidir.  Türkiyədə hər evin qarşısında ay-ulduzul dövlət  bayraqlarının asılması türk-kürd qardaşlığnın ifadəsidir. Yarandığı  gündən  Türkiyəyə iki trilyon dollar civarında iqtisadi zərər vuran PKK-nın  silahı yerə qoyması Prezident Rəcəb Tayyib Ərdoğanın,  türk ordusunun terrora qarşı  qətiyyətli mübarizəsinin məntiqi ifadəsidir.»

Prezident İlham Əliyevin  2016-cı ildə Türkiyədə baş vermiş 15 İyul hadisələrinin ildönümü ilə əlaqədar Prezident Rəcəb Tayyib Ərdoğana  ünvanladığı məktubda  da qeyd olunur ki, xarici qüvvələrin təsiri ilə qardaş ölkədə baş verən dövlət çevrilişinə cəhdin qarşısının alınması terrora  qarşı mübarizənin bir səhifəsi idi. Həmin gecə qardaş Türkiyə müasir tarixinin ən böyük qəhrəmanlıq salnaməsini yazdı. Mətin və mübariz türk xalqı   ölkələrinin konstitusional və demokratik əsaslarını hədəfə alan qanlı çevriliş cəhdinə qarşı sinəsini sipər edərək Vətəninə, bayrağına və dövlətinə sahib çıxdı. 15 İyul – «Demokratiya və Milli Birlik Günü»” güclü və sarsılmaz iradənin, milli birliyin, həmrəyliyin və vətənpərvərliyin zəfərini qeyd edən əlamətdar tarixdir. Xain çevriliş cəhdinin ilk anlarından Azərbaycan xalqı və dövləti qardaş Türkiyənin yanında olaraq öz dəstəyini və həmrəyliyini nümayiş etdirmişdi. Bu birlik  növbəti dəfə «Bir millət, iki dövlət”» prinsipinin əyani təzahürü, qardaşlığının bariz nümunəsi idi.

«Türkiyə dövlətinə qarşı yönəlmiş bu məkrli planın önlənməsi Sizin liderliyiniz, böyük fədakarlığınız və xalqınızın Sizin ətrafınızda sıx birləşməsi sayəsində mümkün olmuşdur. Qardaş ölkəniz bu ağır sınaqdan da üzüağ, alnıaçıq və daha da güclənmiş çıxaraq bütün dünyaya öz qüdrətini bir daha sübut etdi» sözlərinin qeyd olunduğu məktubda   Prezident İlham Əliyev  Türkiyədə dövlət çevrilişi cəhdinin qarşısının alınması yolunda şəhid olanların əziz xatirəsini dərin hörmət və ehtiramla yad edərək, mərhumların  ailələrinə və bütün xalqına dərin hüznlə başsağlığı verib. «Terrorsuz Türkiyə!»” hədəfi yolunda qazanılan uğurlar, gələcək nəsillərə təhlükəsiz, dinc və firavan ölkə miras qoyulması Türkiyə Prezidenti  Rəcəb Tayyib Ərdoğanın güclü siyasi iradəsinin parlaq nəticəsi, milli birlik və həmrəyliyin təntənəsi oldu”.  Ölkələrimizin sarsılmaz qardaşlığı, dünyada bənzəri olmayan birliyi və strateji müttəfiqliyi həm regionumuz, həm də bütün dünya üçün mühüm təhlükəsizlik, tərəfdaşlıq və inkişaf nümunəsidir. Məktubda yer alan   bu sözlər də diqqət çəkir: «Əminəm ki, tarixən bir-birinə dayaq olmuş qardaş xalqlarımızın iradəsindən, eləcə də Şuşa Bəyannaməsindən qaynaqlanan strateji müttəfiqliyimiz birgə səylərimizlə bundan sonra da daha da möhkəmlənəcək və dərinləşəcəkdir. Fürsətdən istifadə edərək Sizə möhkəm cansağlığı, xoşbəxtlik, işlərinizdə uğurlar, qardaş Türkiyə xalqına daim əmin-amanlıq, rifah və firavanlıq arzulayıram”».

"Terrorsuz Türkiyə!" çağırışı ilə  qardaş ölkədə  yeni dövrün  başlanğıcı qoyuldu.  Artıq ən çətin problemlərin, münaqişələrin həllində silahlar susacaq, diplomatiya danışacaq”. Bölgədə siyasi sabitlik yaranacaq, milli birlik formalaşacaq. Prezident Rəcəb Tayyib  Ərdoğanın vurğuladığı kimi,  türk, kürd, ərəb birliyi  xeyirli bir prosesin başlanğıcıdır.  

Xuraman İsmayılqızı, "İki sahil"