10 iyul 2025 01:48
124

Qərbi Azərbaycana qayıdış mütləqdir və olacaq!

İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Nazirlər Şurasının İstanbul şəhərində keçirilən 51-ci sessiyasında  soydaşlarımızın doğma torpaqlarına qayıdışı ilə bağlı  qəbul olunan qətnamənin 57 dövlət tərəfindən dəstəklənməsi bu əminliyi daha da artırır 

«Bizim tarixi torpaqlarımız İrəvan xanlığıdır, Göyçə, Zəngəzur mahallarıdır. Vaxt gələcək biz orada da yaşayacağıq. Mən buna inanıram, buna əminəm. Buna nail olmaq üçün hər birimiz öz səylərimizi qoymalıyıq, hər birimiz öz işimizlə o müqəddəs günü yaxınlaşdırmalıyıq» sözlərini Xankəndidə Dövlət Bayrağımızı dalğalandırmaqla  suverenliyimizin tam və qəti Qələbəsini bəyan edən Prezident İlham Əliyev  Ermənistandan zorla çıxarılan, dəfələrlə daşnakların  etnik təmizləmə siyasətinə, deportasiyalara məruz qalan soydaşlarımızın üzləşdiyi vəhşiliklərdən  bəhs etmişdi. Təkcə XX əsrdə Qərbi Azərbaycanda soydaşlarımız 4 dəfə - 1905, 1918-1920, 1948-1953 və nəhayət, 1988- 1991-ci illərdə erməni vandalizminin misli görünməmiş dəhşətli terrorunun qurbanı olub, kütləvi qırğınlara məruz qalıblar. Dünyada elə bir xalq yoxdur ki, qonşusu tərəfindən bu qədər dəhşətli zülmə məruz qalsın. Taleyinə daşnak zülmünü yaşamaq qisməti yazılan Azərbaycan xalqı dəfələrlə  süfrəsində yer verdiyi, tikəsini bölüşdüyü  nankor ermənilərin işgəncələrinə məruz qalmışdır.

Bütün çıxışlarında  soydaşlarımızın  Qərbi Azərbaycandakı tarixi torpaqlarına qovuşacaqlarını, hüquqlarının bərpa olunacağını bildirən    dövlət başçımızın bu vədinin  də reallaşacağına tam əmin olan xalqımız artıq   o günün mütləq gələcəyinə inanır. « Ona görə buna nail olmaq üçün biz, o cümlədən beynəlxalq müstəvidə daha fəal olmalıyıq. Hesab edirəm ki, İcmanın çox mötəbər bir rəqəmsal platforması olmalıdır, bir portalı olmalıdır» söyləyən dövlət başçımız hədəfə,  məqsədə nail olmağın yollarını da göstərir.  Dövlət başçımızın «Ona görə bizim işimiz bu tarix üzərində qurulmalıdır» sözlərindən irəli gələn vəzifələrin yerinə yetirilməsi istiqamətində,  çoxşaxəli  proqram əsasında  görülən işlər bu günlərdə daha da intensivləşib. Qərbi Azərbaycan İcması fəaliyyət istiqamətini daha da genişləndirib   Prezident İlham Əliyevin vurğuladığı kimi, torpaqlarımızı qarış-qarış zəbt edən daşnakların «dənizdən-dənizə böyük Ermənistan » mənfur siyasətləri ifşa olunur.  Doğma torpaqlarından  çıxarılan, ulu babalarının  yaşadıqları ərazilər haqqında zəngin biliyə malik  soydaşlarımız bu işlərə cəlb ediliblər.  Qərbi Azərbaycana Qayıdış Konsepsiyasında qarşıya qoyulan vəzifələrin yerinə yetirilməsi aktuallaşıb.

Erməni separatçılarının təxribatlarına,  qərəzli dairələrin ölkəmizə qarşı ikili standartlar siyasətlərinə   etirazını rəsmi qaydada beynəlxalq təşkilatlara  çatdıran Qərbi Azərbaycan İcmasının  məqsədyönlü şəkildə həyata keçirdiyi tədbirlər hayların   yalanlarının ifşası istiqamətində görülən işlər sırasındadır.  Artıq beynəlxalq termin kimi qəbul olunan  Zəngəzur dəhlizi sözündən qorxan Ermənistan rəsmiləri  Qərbi Azərbaycan ifadəsini də  həzm edə bilmirlər. Amma bütün hallarda təsdiq olunmuş faktdır ki,  Qərbi Azərbaycan  əsrlərdən bəri azərbaycanlılara məxsus  ərazidir.  « Qərbi Azərbaycan  Qazax, Tovuz Ağstafa, Gədəbəy, Daşkəsən, Kəlbəcər,  Laçın, Qubadlı,  Zəngilandır,  Bundan xaric Qərbi Azərbaycan  yoxdur və ola bilməz»  kimi sərsəm fikirləri ilə özünə toxtaqlıq verməyə çalışan Ermənistanın baş naziri Nikol Paşinyan da gözəl bilir ki,  iddialarının heç bir əsası yoxdur.

 Bu günlərdə   Qafqaz Müsəlmanları  İdarəsinin ( QMİ) Qazilər Şurasının geniş tərkibdə keçirilən iclasında  İrəvan  qazılığı  ilə bağlı   Əsasnamənin  qəbul olunması  dövlətlə  din arasında  münaqişənin daha da gücləndiyi  Ermənistanda  şok vəziyyət yaradıb. Əsasnamədə qeyd olunduğu kimi, yeni yaranan  İrəvan  qazılığı  ilkin mərhələdə  Qafqaz Müsəlmanları İdarəsinin binasında yerləşəcək. Səsvermə nəticəsində Bəxtiyar Nəcəfov İrəvan qazisi təyin edilib. «2020-ci ilə qədər kilsə rəhbərləri ilə görüşdə onlar özlərini qalib kimi göstərir, bizə istehza ilə baxırdılar . Bu məni də incitdiyi kimi, Azərbaycan xalqını da incidirdi. Mən indi qalib xalqın şeyxülüslamıyam və bununla qürur duyuram. Bu yaxınlarda biz İrəvan qazılığını bərpa etdik. İnşallah o torpaqlara da gedəcəyik, məbədlərimizi, ziyarətgahlarımızı, məscidlərimizi bərpa edəcəyik, din xadimlərimiz orada fəaliyyət göstərəcək» sözləri ilə haqq işimizin qalib gələcəyini bildirən Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Hacı Allahşükür Paşazadə bu cür tədbirlərin davamlı olacağını da açıqlayır.

Prezident İlham Əliyevin tapşırığına əsasən  Qərbi Azərbaycana Qayıdış  Konsepsiyasına uyğun işlər  proqram çərçivəsində davam etdirilir və beynəlxalq təşkilatlarda  məsələ ilə bağlı  təbliğat, izahat işləri geniləndirilir. Daşnakların  mərhələlərlə  həyata keçirdikləri  etnik təmizləmə, zorla köçürülmə, vandalizm, kütləvi qırğın və soyqırımları siyasətinin nəticəsində tarixi yurdlarından  qovulan soydaşlarımız xarici ölkələrdə görüşlər keçirməklə  dünya birliyinə erməni vəhşilikləri ilə  bağlı  həqiqətləri  çatdırırlar. Məqsəd  Qərbi Azərbaycana Qayıdışı sülh yolu və beynəlxalq hüquq əsasında reallaşdırmaqdır. Ötən əsrin sonlarında  250 min azərbaycanlının zorla, vəhşicəsinə doğma yurdlarından çıxarılmış soydaşlarımızın  doğma torpaqlarına qayıtmaq barədəki  ədalətli tələbləri  beynəlxalq təşkilatlar qarşısında qaldırılır, tanınır.    İkinci Qarabağ müharibəsində qazandığımız Qələbədən , 23 saat davam edən  qısamıddətli  antiterror tədbirlərindən sonra  Qarabağ bölgəsini könüllü tərk edən ermənilərin  «hüquq və təhlükəsizliyi»nin qorunmasını tələb edənlərin anti-Azərbaycan təxribatlarına qarşı ciddi mübarizə aparılır. QAİ-nın məsələ ilə bağlı yaydığı bəyanatlarda, qəbul olunan qətnamələrdə əsaslı sürətdə, faktlara istinad etməklə  qeyd  olunur ki,   ermənilərin etnik təmizləmə siyasətinin qurbanları,  daşnakların  vəhşiliklərinə,  soyqırımlara məruz qalanlar  azərbaycanlılar olub. Sevindirici hal odur ki,  ermənilərin  azərbaycanlılara qarşı aprdıqları etnik təmizləmə siyasəti artıq beynəlxalq səviyyədə etiraf olunur.

21-22 iyun 2025-ci il tarixlərində İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Nazirlər Şurasının İstanbul şəhərində keçirilən 51-ci sessiyasında Qərbi azərbaycanlılarla bağlı məsələnin müzakirəsi, soydaşlarımızın haqq səsinə dəstək verilməsi  daha bir  həmrəylik nümunəsi,  əlamətdar hadisə kimi tarixə yazıldı. Həmin sessiyada  Azərbaycanın ədalətli mövqeyinə dəstək naminə müxtəlif  mövzuları əhatə edən   qətnamələr qəbul olunub. Sessiyanın yekunlarına dair «İstanbul Bəyannaməsi”»nin,  Qərbi Azərbaycan İcması ilə bağlı  qətnamənin qəbulu  ata-baba yurdlarından   zorla qovulmuş soydaşlarımızın haqqı səsinə dəstək  idi. İƏT çərçivəsində ilk dəfə olaraq qəbul olunan «Hazırkı Ermənistan ərazilərindən zorla və sistematik şəkildə didərgin salınmış azərbaycanlıların qayıdış hüququ”» adlı qətnamədə İƏT-ə üzv ölkələrinin Qərbi Azərbaycan İcmasının öz yurdlarına ləyaqətli qayıdış hüququna dəstəyi ifadə olunur,  Ermənistan tərəfindən sözügedən İcmanın hüquqlarının inkar olunması qınanılır.

Qeyd edilən qətnamə ilə yanaşı, «İstanbul Bəyannaməsi»”ndə Azərbaycan və Ermənistan arasında normallaşma prosesində əldə olunan irəliləyişlər alqışlanır. Ermənistan tərəfi sülh müqaviləsinin imzalanmasına mane olan  siyasi və hüquqi çağırışların aradan qaldırılmasına çağırılır. Bəyannamədə,  həmçinin Ermənistanın təcavüzü nəticəsində öz yurdlarından didərgin düşən məcburi köçkünlərin ləyaqətli geri qayıdışını təmin etmək istiqamətində Azərbaycanın yenidənqurma və minatəmizləmə səylərinə dəstək ifadə edilir. İndiki Ermənistan ərazilərindən zorla qovulmuş azərbaycanlıların geri qayıdış hüququnun mövcudluğu təsdiqlənir və Ermənistan tərəfinin Qərbi Azərbaycan İcması ilə dialoqu rədd etməsi pislənilir. «1992-ci il Xocalı qətliamı qurbanları ilə həmrəylik”»  adlı qətnamədə Ermənistanın silahlı qüvvələri tərəfindən 1992-ci ilin fevralında  Xocalıda, habelə Azərbaycanın  digər ərazilərində törədilən müharibə cinayətləri,  soyqırımlar  bəşəri dəyərlərə  xəyanət adlandırılır. Üzv dövlətlər törədilmiş cinayətlərin tanınması  çağırışı ilə dünya ictimaiyyətinə müraciət edir.

«Ermənistan Respublikasının Azərbaycan Respublikasına qarşı təcavüzünün nəticələrinin aradan qaldırılması»” adlı qətnamədə  hələ də davam edən, insanların ölümü ilə nəticələnən «mina terroru» qətiyyətlə pislənilir, ölkəmizin  postmünaqişə dövründə işğaldan azad olunmuş ərazilərində apardığı bərpa və yenidənqurma fəaliyyətinə dəstək ifadə olunur. «Azərbaycan Respublikasına iqtisadi dəstək” adlı» qətnamədə İƏT üzv dövlətləri, habelə İslam maliyyə institutları ölkəmizin yenidənqurma, habelə minatəmizləmə fəaliyyətinə dəstək göstərməyə çağırılır. «Ermənistan Respublikasının Azərbaycan Respublikasına qarşı təcavüzü nəticəsində Azərbaycan Respublikasının ərazilərində İslam dininə aid tarixi və mədəni abidələrin və izlərin dağıdılması və təhqir olunması”» adlı qətnamədə keçmiş işğal dövründə Ermənistan tərəfindən Azərbaycan ərazilərində İslam mədəni irs nümunələrinə qarşı törədilən vandalizm aktları erməni faşizmi adlandırılır, bu cinayətlərinə görə Azərbaycanın irəli sürdüyü reparasiya tələbi dəstəklənir.  Ölkəmizin, xalqımızın   istək və tələblərini gündəmə gətirən, beynəlxalq səviyyədə aktullaşdıran   İƏT-in İstanbul Sammitində qəbul olunan qətnamələr Ermənistana daha bir xəbərdarlıqdır.   

İyulun 4-də Xankəndi şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının (ECO) 17-ci Zirvə görüşündə İslam həmrəyliyinin nümunəsi olan «İstanbul Bəyannaməsi»ni, Azərbaycanla bağlı qətnmələrin qəbulunu minnətdəarlıqla xatırladan Prezident İlham Əliyev  Ermənistanın xarabazara çevirdiyi Azərbaycan  torpaqlarda yeni şəhərlərin və kəndlərin inşa etdirildiyini, Böyük Qayıdış” Proqramının icrasına uyğun 16 şəhər və kəndə keçmiş məcburi köçkünlərin qayıdışını təmin olunduğunu diqqətə çatdırıb.  Vurğulanıb ki, hazırda azad edilmiş ərazilərdə 50 mindən çox insan yaşayır, çalışır və təhsil alır. Ermənistandan deportasiya olunmuş Qərbi azərbaycanlıların hüquqlarının təmin olunması ilə bağlı göstərilən səyi  «Ermənistandan deportasiya olunmuş Qərbi azərbaycanlıların hüquqlarının təmin olunması da böyük əhəmiyyət kəsb edir. Keçən ay İslam Əməkdaşlıq Təşkilatının İstanbulda keçirilmiş Nazirlər Şurasında Ermənistandan zorla didərgin salınmış azərbaycanlıların qayıdış hüququna dəstək ifadə edən qətnamənin bütün 57 üzv ölkənin yekdil qərarı ilə qəbul olunmasını yüksək qiymətləndiririk. Bu qətnamə ilə yanaşı, Nazirlər Şurasının yekunlarına dair «İstanbul Bəyannaməsi»”ndə indiki Ermənistan ərazisindən zorla qovulmuş azərbaycanlıların geri qayıdış hüququ təsdiqlənir və Ermənistanın Qərbi Azərbaycan İcması ilə dialoqu rədd etməsi qınanılır» sözləri ilə  yüksək dəyərləndirən Prezident İlham Əliyev   əlavə olaraq vurğulayıb ki, Qərbi azərbaycanlıların Ermənistandakı öz dədə-baba torpağına sülh yolu ilə qayıdışının təmin edilməsi sahəsində səylər bundan sonra da davam etdiriləcək.

Hazırda  Zəngəzur dəhlizinin bərpası ilə  bağlı yol-nəqliyyat infrastrukturunda   daha mühüm işlərin görülməsi,  Azərbaycanla Türkiyənin   bu istiqamətdə birgə fəaliyyətlərini davam etdirilmələri  soydaşlarımızın doğma torpaqlarına qayıdış prosesini də sürətləndirəcək.

Prezident İlham Əliyevin «İnanmalıyıq və eyni zamanda, addımlar atmalıyıq, fəal olmalıyıq, işləməliyik. Gün gələcək, biz Qərbi Azərbaycanda da belə gözəl məclis keçirəcəyik və bu günü xatırlayacağıq» sözlərinin reallaşacağı ilə daha bir vədin yerinə yetirildiyinin şahidi olacağıq

Xuraman İsmayılqızı, "İki sahil"