08 iyul 2025 11:00
187

Xankəndi Zirvə görüşünün əks-sədası...

Rusiyanın Azərbaycanla öz arasında süni surətdə yaratdığı insidentlər artıq dünyada geniş rezonans doğurmaqdadır. Buna səbəb Rusiyanın Qarabağ kartından məhrum olunması və bunun əvəzini başqa cür çıxmağa çalışmasıdır. Dövlət başçıları, siyasətçilər və diplomatlar Rusiyanın imperiya xislətindən irəli gələn hegemonluğu yatırmaq və vəziyyəti normallaşdırmaq məqsədi ilə barışdırıcı fikirlər irəli sürməkdədirlər. Bu missiyada əsas söz Türkiyənindir.

“Türkiyə Azərbaycan və Rusiya arasında yaranmış gərginliyi diqqətlə izləyir və hər iki tərəfi təmkinli olmağa çağırır.”

Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Xankəndi Zirvə görüşündən qayıdarkən təyyarədə jurnalistlərə bildirib. O, məsələni Azərbaycan Prezidenti İlham Əliyevlə müzakirə etdiyini vurğulayıb: "Türkiyənin həm Azərbaycan, həm də Rusiya ilə dərin diplomatik və strateji əlaqələri var. Gərginliyi yaxından izləyirik və hər iki ölkəni təmkinli olmağa çağırırıq. İnanırıq ki, məsələ diplomatik gərginliyi azaldacaq bəyanatlarla daha sadə və ağıllı şəkildə həll olunacaq. Ümid edirəm ki, iki ölkə arasında münasibətlərdə baş verən neqativ hallar ən qısa zamanda sona çatacaq. Biz çox istəyirik ki, baş verən kədərli hadisələr Azərbaycan-Rusiya münasibətlərin korlanmasına səbəb olmasın”.

Ərdoğanın fikirlərindən aydın görünür ki, ziddiyyətdə olan iki dövlət arasında xoşməramlı  vasitəçilik etməyə, gərginliyin aradan qaldırılmasına öz töhfəsini verməyə razıdır. Çünki heç bir əsası olmayan narazılıq kimsəyə lazım deyil. Türkiyə Prezidentinin sözlərinə görə, məsələyə təmkinlə yanaşmaq lazımdır. Qardaş ölkənin lideri daha sonra bildirib:

"Biz bilirik ki, iki dostumuz bu problemin öhdəsindən gəlmək üçün qarşılıqlı anlaşma səviyyəsindədir. Problemin həlli üçün atılacaq konstruktiv addımları dəstəkləməyə davam edəcəyik. Bizim prioritetimiz kifayət qədər müharibə və münaqişələrin yaşandığı regionda çətin qazanılmış sabitliyə xələl gətirəcək kəskin eskalasiyanın qarşısını almaq olacaq. Qafqaz artıq yeni münaqişəyə dözə bilməz. İnanıram ki, biz sakitliyin tərəfini tutaraq bu məsələni diplomatik proseslərlə həll edəcəyik. Bu məsələ Azərbaycan Prezidenti İlham Əliyevlə görüş gündəliyimizə daxil idi. Cənab İlham Əliyev çox ehtiyatlı və tədbirli addım atır. O, bu məsələnin arxasınca getməyin və qızışdırmağın tərəfdarı deyil.”

Bəli, tamamilə doğru fikirdir. Vurğulamaq lazımdır ki, bu münaqişə beş-on günün işi deyil və onu Azərbaycan yaratmayıb. Ölkəmizin Ermənistan silahlı qüvvələri tərəfindən iyirmi səkkiz il işğal altında saxlanan və talanan torpaqlarını azad etməsi Kremldə yuva salmış bəzi şovinist dairələrin xoşuna gəlməyib. 1988-ci ildən indiyədək Azərbaycana arasıkəsilməz təzyiqlər, təhdidlər olub, işğalçı Ermənistan silahlandırılıb, nəticədə azərbaycanlılar soyqırımına məruz qoyulublar, minlərlə vətəndaşımız vəhşi üsullarla qərlə yetirilib, saysız-hesabsız müsibətlərə düçar olmuşuq. Bir faktı göstərsək itkilərimixin nə qədər böyük olduğu aydın görünər. Birinci Qarabağ müharibəsində erməni quldur dəstələri tərəfindən əliyalın dörd min nəfər əhalimiz kütləvi surətdə əsir tutulub. Həmin dörd min nəfərin taleyi bu gün də məlum deyil. Ermənistan onların öldüsü-qaldısı  barədə heç bir məlumat vermir. Bu cinayətlərdə Rusiya hərbi hissələrinin də fəal iştirakı var. Bu faktı heç kim dana bilməz. 366-cı motoatıcı alay Xocalı soyqırımının əsas müqəssiridir. Başqa faktlar da var.

Kremlin çürük təfəkkürlü ideoloqları ortalığa yeni axmaq variantlar atırlar. Bu adamlar qətiyyən ağıllarına gətirmir ki, bu variantları ilə Rusiyanı dünyada təkləyirlər. İmperiya hegemonluğunun nəticəsidir ki, bu gün Ukrayna ilə müharibə aparan Rusiyanın yanında Belarusdan başqa ikinci dövlət yoxdur. Korun da gördüyü bu sadə həqiqəti solovyovların, medinskilərin, zatulinlərin, valuyevlərin,  tolstoyların, simonyanların və başqalarının  at oynatdıqları bu ölkədə dövlətdə yüksək postlar tutmuş şəxslər görə bilmirlər. Ümumiyyətlə, heç kəsi bəyənməyən şovinist və eqoist Rusiya üçün dünyada dost anlayışı  yoxdur. Çünki onu idarə edən beyinlər xəstədir və ölkəni dəli zehniyyəti ilə uçuruma apardıqlarının fərqində deyillər.

Vəli İlyasov, “İki sahil”