07 iyul 2025 08:55
113

Xankəndi Zirvə görüşü Azərbaycanın beynəlxalq əməkdaşlıqda artan rolunu nümayiş etdirdi

2025-ci il iyulun 4-də Xankəndi şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının (ECO) 17-ci Zirvə görüşü keçirilib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tədbirdə iştirak edən dövlət və hökumət başçılarını, nümayəndə heyətlərinin rəhbərlərini qarşılayıb və Zirvə görüşündə çıxış edib. Prezident İlham Əliyev çıxışında iqtisadi əməkdaşlığın sülh və inkişafın təməli olduğunu vurğulayaraq, təşkilat daxilində tərəfdaşlığın strateji əhəmiyyətini qeyd edib. O, "İqtisadi əməkdaşlığın strateji məqsədləri 2035" adlı konsepsiyanın qəbul edilməsinin zəruriliyini bildirib və ticarət, sərmayə, nəqliyyat, enerji, sənaye, kənd təsərrüfatı, ekologiya, turizm və təhsil sahələrində əməkdaşlığın gücləndirilməsinə çağırıb.

Prezident həmçinin innovasiya, süni intellekt və rəqəmsal texnologiyalar üzrə əməkdaşlığın vacibliyini vurğulayıb. O, əmtəə və xidmətlərdə ticarətin asanlaşdırılması, texniki və qeyri-tarif maneələrin aradan qaldırılması və elektron ticarətin inkişafının önəmini qeyd edib. 2024-cü ildə qarşılıqlı ticarət həcminin 95 milyard dollar olduğunu və bu rəqəmin ölkələrin ümumi ticarət dövriyyəsinin cəmi 10 faizini təşkil etdiyini bildirərək, bu sahədə strateji məsələlərin müzakirəsi üçün Daşkənddə ticarət nazirlərinin toplantısının keçirilməsini və ticarətin asanlaşdırılması sazişinin imzalanmasını təklif edib.

Prezident İlham Əliyev, həmçinin, sərmayə əməkdaşlığını yeni səviyyəyə qaldırmaq üçün "ECO invest" uzunmüddətli proqramının qəbul edilməsini və sərmayə mühitinin daha şəffaf və cəlbedici olması təşəbbüsünü irəli sürüb. Bu proqramın əsas məqsədinin özəl investorları, bankları və beynəlxalq maliyyə təsisatlarını regionda perspektivli layihələrə cəlb etmək olduğunu bildirib.İlham Əliyev çıxışının sonunda tədbir iştirakçılarına təşəkkür edərək, Xankəndi Zirvə görüşünün dostluğun daha bir nümunəsi olduğunu və burada səsləndirilən ideya və təkliflərin ECO-nun gələcək fəaliyyətində nəzərə alınacağını qeyd edib.

Bu Zirvə görüşü, Azərbaycanın işğaldan azad edilmiş ərazilərində keçirilən mühüm beynəlxalq tədbirlərdən biri olaraq, ölkənin regional və beynəlxalq əməkdaşlıqda artan rolunu nümayiş etdirir.

2025-ci il iyulun 4-də Azərbaycanın Xankəndi şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının (ECO) 17-ci Zirvə görüşünün keçirilməsi yalnız iqtisadi əməkdaşlıq baxımından deyil, həm də siyasi və mənəvi cəhətdən böyük əhəmiyyət daşıyır. Prezident İlham Əliyevin vurğuladığı kimi, “Bugünkü Zirvə görüşünün Qarabağda, Xankəndidə təşkil edilməsinin xüsusi mənası var”. Bu, Azərbaycan Respublikasının ərazi bütövlüyünün tam bərpasının və suverenliyinin beynəlxalq səviyyədə tanınmasının rəmzidir.

Zirvə görüşünün məhz işğaldan azad edilmiş Xankəndidə keçirilməsi beynəlxalq ictimaiyyətə mühüm mesajdır: Azərbaycan artıq öz suveren ərazisində sabitliyi və təhlükəsizliyi təmin edib və bu ərazilər həm daxili, həm də beynəlxalq tədbirlərin keçiriləcəyi yeni mərkəzə çevrilib. Bu, həm də Ermənistanın illərlə yaratdığı “qondarma rejim” mifinin tamamilə məhv olduğunu göstərir.

Zirvə görüşü çərçivəsində Prezident İlham Əliyevin çıxışı Azərbaycanın regional əməkdaşlığa verdiyi töhfəni, enerji və nəqliyyat layihələrindəki lider mövqeyini, sülh və tərəqqiyə sadiqliyini bir daha təsdiqlədi.  Xankəndidə keçirilən bu görüş təkcə ECO çərçivəsində əməkdaşlıq üçün deyil, həm də Azərbaycanın beynəlxalq nüfuzunun gücləndirilməsi baxımından tarixə yazıldı.

F.Əliyeva,
YAP- Xətai rayon təşkilatı